Menu
Geri İrəli

Xocalı soyqırımı – XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 1,082 dəfə • Şərh yoxdur

Muxtar Babayev Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Heydər Əliyev, Ümummilli lider

 1988-ci ildən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə baş vermiş ən müdhiş, əv faciəvi olan qəddarlıq aktlarından biri Xocalı soyqırımıdır. Mən deyərdim ki, bu faciə tarixdən bizə məlum olan, ən dəhşətli və vəhşicəsinə törədilmiş Babi Yar, Xatın, Srebrenitsa, Liditse, Sonqimı, Xirosima faciələri ilə eyni səviyyədə durur. Amma Xocalı faciəsi bu cinayətin xüsusi amansızlıqla törədil­məsinə, insanların milli mənsubiyyətinə görə qətlə yetirilməsinə, qocalara, uşaqlara aman verilməməsinə, insanların vəhşicəsinə öldürülməsinə, hamilə qadınlara belə rəhm edilməməsinə, meyitlərin təhqiramiz hərəkətlərə məruz qalmasına, onların evlərinin, əmlaklarının dar­madağın edilib, viran qoyulmasına, bir sözlə, cinayətin törədilmə üsulunun xüsusi amansızlığına, qəddar­lığına görə digər faciələrdən fərqlənir.

Xocalı faciəsi son yüz ildən artıq bir dövrdə ifrat erməni millətçilərinin azərbay­canlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinin yeni bir səhifə­sidir. Belə ki, XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2 milyona qədər günahsız insanı vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907, habelə 1918-1920-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkə­randa, Qarabağda, Muğanda və Azərbaycanın digər bölgələrində dinc əhalinin soyqı­rıma məruz qalması bu deyilənlərin təkzibolunmaz sübutudur.

Xocalı azərbaycanlıların minilliklərdən bəri məskunlaşdığı yerdir və burada qədim ta-ri­xi abidələr işğal gününə qədər qalmaqda idi. Arxeoloji abidələr və bu abidə­lər­dən əldə olunmuş müxtəlif əşyaların tarixi eramızdan çox-çox əvvəllərə qədər gedib çıxır. Əhali əsasən üzümçülük, heyvan­darlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxu­culuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə Xocalıda yerli sakinlərlə bərabər, baş vermiş hadisələr səbəbindən Fərqanədən (Özbə­kistan) qaçqın düş­müş ahısqa türklərindən ibarət 54 ailə, həmçinin Ermənistandan və Xankən­dindən qovulmuş müəyyən sayda azərbaycanlı ailələri də məskunlaşmışdılar.

Ümumilikdə 7 min əhalisi olan, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerlə­şən Xocalıya er­mənilərin göstərdiyi maraq da şəhərin mühüm strateji mövqeyə malik olması ilə əla­qədar idi. Sonralar ermənilərin özləri də etiraf etmişdilər ki, şəhərə hücum edən silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, ətrafda yeganə və böyük əhəmiyyət kəsb edən aero­portun ələ keçirilməsi idi.

Əslində Xocalı şəhəri 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi kimi vertolyotdan istifadə olunurdu ki, sonuncu vertolyot da bu aeroporta 1992-ci ilin yanvar ayının ortalarında enmişdi. Şuşa səmasında mülki vertolyotun vurulması və içindəki 40 nəfər azərbaycanlının həlak olması şəhərlə hava əlaqəsinin də kəsilməsinə vəsilə oldu. Yan­varın 2-dən şəhərə elektrik enerjisinin verilişı də dayandırıldı. Xocalı ancaq sakinlərin əzmkarlığı və şəhərin könüllü özünümüdafiə dəstələrinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Müdafidə milis qüvvələri və Milli Ordunun döyüşçüləri də qismən təmsil olunmuşdular.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmənin yaylım atəş­lə­rinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xo­calılı əsir götürülərək ağla­sığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmış, 150 xocalılı isə itkin düşmüşdür ki, onların taleyi hələ də məlum deyildir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və aman­sızlıqla qətlə yetirlimişdi.

Bu o vaxt idi ki, İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti va­sitəçilik missiyası ilə Azərbaycana səfər etmiş, fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfəri planlaşdırılırdı. Bununla əlaqədar olaraq da tərəflərin razılığı ilə fev­ralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər burada da xis­lətlərinə uyğun olaraq xəyanətkar mövqe tutdular və vədlərinə xilaf çıxaraq belə bir misli görünməmiş vəhşiliyə imza atdılar.

O ağır günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hət­ta meyitlərin götürülməsi belə mümkün olmadı. Ermənilər isə ağ geyimli xüsusi qruplarla vertolyotların köməyi ilə meşələrdə gizlənmiş köməksiz Xocalı sakinlərinin axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud şəkildə pozulması ilə bərabər, beynəlxalq hüquqi aktlara – Cenevrə konven­siyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazışə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə belə məhəl qoyulmamasıdır.

1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soy­qırımı ilə əlaqədar xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikası Milli Məcli­sinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, bu barədə bü­tün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Həmçinin 25 fevral 1997-ci ildə Ümum­milli lider Heydər Əliyev tərəfindən “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqi­qəsi elan edilməsi haqqında” xüsusi fərman verilmişdir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş, o cümlədən 118 ailə – ümumilikdə isə 446 nəfər olmaqla Sumqayıtda məskunlaşan, dövlətin diqqət və qayğısı ilə əhatə olunan Xocalı sakinləri bu gün də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pislə­mək barədə müraciətlər edirlər.

Bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətdə həm dövlət səviy­yəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən ötən 22 il ərzində istər respublida daxilində, istərsə də respublikamızdan kənarda çoxlu səylər göstərilib, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, sənədli və bədii kitablar buraxılıb, sərgilər keçirilib. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın yüzlərlə nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Həmçinin 2009-cu ildən eti­barən Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kam­paniyası da bu istiqamətdə atılan mühüm addımlardandır. Günü­müzün ger­çəklikləri bunu göstərir ki, təbliğat daha geniş formada, daha mütəşəkkil, daha təsirli şəkildə bu gün də davam etdirilməlidir. Xocalı soyqırımı beynəlxalq cinayət kimi səciy­yələndirilməlidir. Bu, tək xalqımıza qarşı deyil, Ümummilli liderimizin təbirincə desək, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəldilən ən dəhşətli cinayət­lərdən biridir. Azərbaycan, torpaqlarının dinc vasitələrlə azad olunması mövqeyində dayan­dığını dəfə­lərlə bəyan edib. Lakin dinc vasitələrlə münaqişə o zaman həll oluna bilər ki, dünya birliyi erməni təcavüzünün aradan qaldırıl­ması üçün lazım olan işlər və təsirli tədbirlər görsün.

Bu faciə bizim əbədi və sağalmaz dərdimiz, yaramız olduğundan bir vətəndaş olaraq hər birimiz hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik. Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımının qurbanlarının xati­rəsini yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğma­larına, dərin hüzünlə başsağlığı verirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soy­qırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir… …Bu soyqırımı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmiş­dir… Məqsə­dimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloq­larının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılma­sına nail olmaqdır. Bu, bir tərəf­dən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşı­sında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir” sözlərinə istinad edən xalqımız inanır ki, gec-tez həqiqət zəfər çalacaq və haqq-ədalət öz yerini tutacaqdır.

 Muxtar Babayev,

Milli Məclisin deputatı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın