Menu
Geri İrəli

Yaradan, moda və Batman

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2015 • Baxış sayı: 610 dəfə • Şərh yoxdur

 sahileTelefonuma yüklədiyim “Daily Curiosity” proqramı günün maraqlı faktlarını göstərir. Bu dəfə məzəli yer adlarından yazıblar. Bir neçə yerin adını ötürüb “Batman – Türkiyə”nin qarşısında dayanıram. Amerikan müəllifin yaratdığı super qəhrəman Batman-ı (Bat – yarasa, man – adam/yarasa adam) çoxu tanıyır. Amerikanlar Batmanı Türkiyədə yer adı kimi görəndə gülüşüblər. Batman yer adı kimi gözümə tanış gəlir. Bir az sözlə oynayım, “Bat” sözünü türkcədəki “batmaq” feili kimi, “man”-i isə ingilisin kişisi kimi saxlasaq, “batman” “batmış kişi” olacaq…

Qulaqcıqlarımı çıxarıb bir az ətrafın səsini eşitmək istəyirəm. İçində oturduğum maşında iki qadınla bir qız  dolların qalxmağını müzakirə edir. Ortayaşlı rusdilli qadın pozuq azərbaycancası ilə güzəranının çətinliyindən, səhərdən axşama qədər rusdan ingilisə, azərbaycandan rusa mətnlər tərcümə edib, banka pul ödəməyindən danışır. Tələbə qız saxta “Prado” çantasının üstünə qoyduğu kitabı bağlayıb diqqətlə rusdilli qadını dinləyir. Pəncərənin qarşısında oturan yaşlı qadın tülqollu zövqsüz paltarla geyiniklidi. Əlimdəki qəzetlərdən birini istəyir. Oxumaq istəyinə sevinirəm, həvəslə hansı qəzetə üstünlük verdiyini soruşuram, “fərq eləmir, günün qabağını alacam” – deyir. Sürücü canlı-cəsədli kişidi, dinməzcə avtomobilini sürür. Maşına minəndən,  Dj Fatehin səsi gələn radio sönüb, əvəzində salona səbri boğazına tıxanan sürücülərin siqnal səsləri dolub. Müzakirəyə qoşulmağa həvəsim yoxdu. Maşının sağ güzgüsü arxada qalan ağacları, sarımtıl səmanı, sürətlə irəli cuman maşınları göstərir. “Güzgüdə yaranan şəkillər maraqlı film kadrları ola bilər…” deyə düşünürəm və dərhal Batman adını harda eşitdiyimi xatırlayıram. Türkiyənin cənub-şərqində yerləşən Batman şəhəri “Havar” filminin çəkildiyi yerdi. “Havar” 2009-cu ildə Mehmet Güleryüzün çəkdiyi ilk tammetrajlı filmdi. Filmin aktyorları peşəkar deyil, onları sadə adamlar arasından seçiblər. Peşəkar olmayan aktyorlarla çəkilmiş festival filmlərini sevirəm. “Havar”ın “aktyor”ları özlərini oynamalı idilər. Qurulan tamaşa aktyorlara yad deyil, onlar elə həyatda da oxşar rolu oynayırlar. Sadəcə bu dəfə mərkəzdən bir rejissor gəlib, pul verir və yaşanan bəzi şeyləri kamera qarşısında təkrarlamağı istəyir, sonra çəkilənlər kəsiləcək, calanacaq və 73 dəqiqəlik film formatına salınıb başqa adamlara göstəriləcək. 2001-2006-cı illərdə Batmanda 281 gənc qadın intihara cəhd edib, 43-ü bunu reallaşdırıb. Mehmet Güleryüz “Havar” adı ilə çəkdiyi filmdə intiharların səbəblərini ortaya qoymağa çalışır. Tez-tez bölgəyə səfərlər edir, adamlarla dostlaşır və onları filminə aktyor edir. Xatırlayırsızsa, Orxan Pamukun “Qar” romanının qəhrəmanı Ka da Türkiyədəki qadın intiharlarını araşdırmaq üçün jurnalist qismində vətəninə geri dönür.

    Havar yeniyetməlikdən gənc qızlıq dövrünə əməlli-başlı keçid eləməmiş yaşdadı. Onun gələcək taleyi doğulduğu toplum tərəfindən yazılıb, ştamplanıb. Qız evliliyə qədər namuslu gəzib dolaşsa, əmisioğluna ərə gedəcək, anasının, nənələrinin və ətrafındakı qeybətcil qadınların şablon həyatını təkrarlayacaq. Havar evdən bayıra yalnız kiminsə müşayiəti ilə çıxır, ona biçilmiş həyatı yaşamağa etirazı yoxdu. Lakin bədbəxtlik baş verir, qonşu kənddən bir oğlanın qıza gözü düşür. Bu, çox saf və məsuliyyətsiz gözdüşmədi. Oğlanın heç bir planı, qızla bağlı arzuları yoxdu. O, sadəcə kişi təbiətinin diktə etdiyi kimyəvi qanunların təsiri ilə qıza baxmaq istəyir. Beləcə, Havarın qara günləri başlayır. Havara baxmaq üçün gələn oğlandan xəbər tutan qonşu qadınlar həmən qeybətə başlayır, dərhal əmioğlunu və ailəsini məlumatlandırırlar, onlar da daha qızı almaq istəmədiklərini bildirirlər. Əmioğlu, məhşur mahnıda deyildiyi kimi, “üzündə göz izi olan” qızı ləkələnmiş sayır. Qızın atası “göz izləri”ni tüfənglə yumağa çalışır, bədbəxtliyə səbəb olmuş oğlanı öldürmək istəyir.  Oğlan qızın atasına niyyətinin pis olmadığını, kəndə elə-belə gəlib-getdiyini, Havarla xüsusi əlaqəsi olmadığını deyir, kişini inandırıb canını qurtarır. İndi ortada bircə Havar qalıb. Əmisioğlunun almayacağı, analoji olaraq, kənddə heç bir kişinin sahib çıxmayacağı Havar. Bu qız daha heç nəyə yaramır. O, evin artıq qarnıdı, bu azmış kimi, yuvasında “namussuz zibil topasını” saxlamağa davam etsə, kəndin kişiləri qızın atası ilə haqqı-salamı kəsəcək, onunla alış-veriş etməkdən, iş görməkdən imtina edəcəklər. Anasının etirazlarına baxmayaraq, atası yeganə çıxış yoluna əl atır. Havar qapalı yerə salınır, yanına kəndir qoyulur. Bu zaman Havarın inadkarlığı, yüzlərlə qızdan fərqli olaraq, zəif də olsa müqaviməti ortaya çıxır. Qız intihar etmək istəmir, günahsız olduğunu deyib fəryad edir. Havar sözü tərcümədə elə “imdad, haray” deməkdir. Atası qızına minnətçi düşür: “Havar, intihar etməsən, gərək səni mən öldürüm, sən mənim həbsxanaya düşməyimi, ailəmizin ac qalmağını istəyirsən?” Havar bir tərəfdən atasının həbsxanaya düşməyini istəmir, biri tərəfdən də günahsız canına qıymamaq üçün dirəşir. Axı o, qaydaları pozmayıb, deyilənlərə zidd heç nə eləməyib. Bir də kənddə dəli kimi tanınan, onu intihardan çəkindirən balaca oğlan var. Film başlayandan,  Havarın hadisəsi nəql olunmağa başlayandan, paralel şəkildə Həsən haqqında da məlumat verilir. Həsən məktublar yazıb bacısının qəbir daşları arasına qoyan, özünə qapanıq, kənd camaatına qaynayıb qarışmayan, hamının ağıldankəm kimi tanıdığı biridi. Anası ilə bir-birini görmədən ayrılıblar. Anası doğuş sonrası, bacısı isə təzə ərgən vaxtlarında ölüb. Həsən məktubunda “bacı, məktubumu anamıza da oxu, biz tanış deyilik” – deyir. Tezliklə məlum olur ki, Həsən kənd kişiləri vasitəsilə sevgilisi ilə qaçan bacısını öldürməyə məcbur edilib. Qadın namusunun keşiyini çəkən kişilər qanundan qaçmaq üçün hərtərfli beyin işlətməyi bacarırlar, uşaq cinayətinin cəzası yüngül olur deyə, silahı balacanın əlinə verirlər. Bacı anasının ona əmanət qoyduğu qardaşının yükünü son dəfə daşıyır – silahı ondan alır, beyninə dirəyir və atəş açır.

Həsən artıq normal uşaq, xoşbəxt gənc, sağlam kişi ola bilməyəcək. İçində olduğu toplum onu zəlil edib, ruhunu axtalayıb. Oğlan keçirtdiyi sarsıntı fonunda, əslində həqiqəti, içində eşələndikləri üfunətli çirkabı ətrafında ağıllı sayılan hamıdan daha yaxşı görür. Toplum qəddardı, onun tələbləri ilə oturub-durmayanları dəli edir, bunu bacarmayanda isə qurbanlarını dəli elan edir. Həsən anlayır ki, atasının, əmisinin, ətrafındakı erkəklərin sahibləndiyi kişi obrazı, əslində qəddarlığın, vəhşiliyin təqdimatından başqa bir şey deyil. Həsən belə kişi olmaqdan imtina edir, Havarın saxlandığı yerə gedib ona da məktublar aparır və intihar etməməsinə çalışır. Lakin toplum güclüdü. O, Həsəni də öldürür. Və əsl faciə ondadır ki, Həsəni kişilər yox, məhz qadınlar öldürür. Toplum Havarı xilas eləməyə çalışanı bağışlamır. Səbəb isə sadədir. Öləcəyiksə hamımız ölək, birlikdə məhv olaq, hamılıqla çirkabda boğulaq. Niyə Havara ayrıcalıq edilməli, niyə onun xilaskarı olmalıdı? Film göstərir ki, əslində Havarı ölümə itələyən adamlar özləri də hansısa formada yaralanmış, qəddar mental qanunlarla nə vaxtsa doğmasını itirmiş adamlardır. Və onlar bir-birlərini namus cinayətlərinə həm də bir-birlərindən qisas almaq üçün təhrik edirlər.

Filmin musiqisini yarıda kəsib yenidən qulaqcıqlarımı çıxarıram. Dolların qalxmağına sakit yanaşan sürücü nəyəsə həvəslə münasibət bildirir, gözləri tez-tez açılıb-yumulur. Öyrənirəm ki, mövzu necəsə İslamda qadın mövzusu üzərinə gəlib. Sürücü dində qadının geyim qaydaları haqqında danışır, dəqiq ölçülər olduğunu bildirir. Təxminən belə – 3 sm biləkdən yuxarı, beş santim topuqdan aşağı… Danışdığını əsaslandırmaq üçün, tez-tez əl atıb çirkdən qart bağlamış telefonuna nəzər salır, belə başa düşürəm ki, yüklədiyi ayələrdən sitatlar gətirməyə çalışır. Pencəyindən kiflənmiş tütün qoxusu gəlir. Üzündə saflıqla savadsızlıq qol-boyun olub yazıq bir ifadə yaradıb. Dünya ağzına qədər çətinliklə doluykən, haqsızlıq xirtdəyə çıxmışkən, adam səsini ancaq qadının azadlığı mövzusunda çıxarır və əmindir ki, Yeri, Göyü, Kainatı yaradan o boyda xaliq qadın modası ilə santim-santim maraqlanıb, paltarlar üçün ölçülər göndərib.

Hə, şeyə rəğmən, yüksək əhval-ruhiyyə ilə işlədiyim binaya doğru gedirəm, pafosla düşünürəm – indi nə olursa olsun, gələcək daha ətirli, daha təmiz, daha xoşbəxt görünür. Daha düşüncəli, daha anlayışlı, daha cəsarətli kişilər yetişdirəcək qadınlar sayəsində.

SAHİLƏ İbrahimova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın