Menu
Geri İrəli

Zakir Fərəcov niyə uğurlu seçimdir? – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2015 • Baxış sayı: 2,110 dəfə • 6 şərh

200px-Vüsal_Məmmədov1“168 saat” qəzetinin baş redaktoru Vüsal Mətləboğlu Sumqayıt şəhər icra hakimiyyətinin postunda edilmiş dəyişikliyi təhlil edib. 

Ötən həftə Sumqayıt yeni icra başçısını qarşıladı. Əslində, o, Sumqayıt üçün yad adam olmadığından onun xüsusi təqdimata ehtiyacı yoxdur. Ancaq gəlin ənənəyə sadiq qalaq və yeni başçının bioqrafiyasını qısaca da olsa, nəzərdən keçirək:

Dosye
Zakir Fərəcov Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Dövlət başçısının 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Ailəlidir, 4 qızı, 1 oğlu, 9 nəvəsi var.

Seçimi doğruldan arqumentasiya
Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Zakir Fərəcovun Sumqayıta təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sumqayıtlıları qane edir?
Birincisi, Z.Fərəcov Sumqayıt üçün yeni kadr deyil, o Sumqayıtı tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, şəhəri, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyəcək. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, sumqayıtlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.
İkincisi, Z.Fərəcov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun Abşeronda gördüyü işləri, quruculuğu xatirlatmaq bəs edər. 10 il ərzində Abşeron əməlli-başlı abadlaşdı, Xırdalan şəhər statusu qazandı, Z.Fərəcovun özü isə gördüyü işlər müqabilində “Şərəf” ordeninə layiq görüldü.
Üçüncüsü, yeni başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Sumqayıt əhalisinin böyük kəsiminin Qarabağ bölgəsindən (xüsusilə Qubadlı və Laçın rayonlarından olan əhali) olduğunu unutmaq olmaz. Z.Fərəcov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Eyni zamanda Sumqayıtda işlədiyi illərdən o, ümumilikdə sumqayıtlıların yaddaşında “yaxşı insan” kimi qalıb. Bu isə yeni başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan sumqayıtlı. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, nbeləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Sumqayıtlılar nə gözləyir?
Ancaq yeni başçını “özününkü” hesab edənlərin ondan gözləntiləri də, təbii ki, çox olacaq. Sumqayıtlılar Z.Fərəcovdan öz sələfləri ilə müqayisədə daha çox şey istəyirlər.
Şəhər sakinləri arasında apardığımız sorğu zamanı respondentlərimizin cavablarında da iki faktor ön plana çıxırdı:
•Sumqayıtlıdır, Sumqayıtı tanıyır, problemləri yaxşı bilir, şəhərə daha çox can yandıracaq
•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olacaq.
İndi isə gözləntilər barədə. Şəhər sakinləri yeni başçıdan hansı problemlərin həllini gözləyir?
(Sorğuda iştirak edən respondentlərin cavabları əsasında)
-Dinamik biznes mühitini yaxşılaşdırmaq
-İşsizlik probleminin həllinə yönəlik tədbirlər
-Abadlıq, quruculuq işlərinin genişləndirilməsi, şəhərin ucqarlarını, eləcə də məhəllədaxili əraziləri əhatə etməsi
-Ekoloji problemlərin həlli
-Şəhərin su-kanalizasiya və istilik təchizatındakı mövcud problemlərin həllinə nail olmaq
-İnfrastrukturu zənginləşdirmək, sosial obyektlərin tikintisinə diqqət ayırmaq və s.
Göründüyü kimi, yeni başçıdan gözləntilər də az deyil. Xeyli görüləsi iş var – ancaq dediyimiz kimi, bu işləri görmək üçün münasib adam seçilib. Ümid edirik ki, Abşeronda əla nümunə göstərmiş köhnə sumqayıtlının sayəsində Sumqayıtımız daha da gözəlləşəcək, müasirləşəcək.

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov niyə uğurlu seçimdir? – TƏHLİL” yazısına 6 cavab

  1. Rəna İmanova (Təbəssüm) deyir:

    Apardığınız təhlil düzgündür. Həqiqətən yaxşı insan statusunu qazanan Zakir Fərəcov qurub-yaradan, xeyirxah və alicənab, dəyərli və bütöv şəxsiyyət kimi sevilir, rəğbətlə qarşılanır. Vaxtilə kəndi xatırladan Xırdalanı cənnətə döndərib, məhz onun fəaliyyəti dövründə şəhər statusunu alan Xırdalanın şöləsi hər tərəfə yayılır. Sumqayıtımızın məhz bacarıqlı İcra başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nura qərq olacağına əminəm. RƏNA İMANOVA TƏBƏSSÜM

  2. Famil deyir:

    Çox sevindim mən Sumqayıtda həm tələbə həm də üç işləmişəm. Sumqayıtlılar inanıram ki, yeni icra başçısının aktiv fəaliyyəti sayəsində sadalanan problemlərin zamanla öz həllinin tapılmasına çox sevinəcəkdir. Sumqayıt əhalisi təhsilə daha çox üstünlük verirlər. İşsizliyin həll olunması təhsil almaq istəyən imkansız işsiz valideynlərin övladlarını oxutmaq üçün fürsət olacaq. Bu da təbii ki,sevindirici haldır.

  3. Solmaz Cahangirova deyir:

    Bağ yollarının , xüsusən qədim karvan yolunun tımir olunacağına inanırıq.

  4. dilqəm deyir:

    İndidən hələ heç bir fəaliyyəti olmayan bir şəxsin reklamşna ehtiyac varmı????
    Bu sifarişin arxasında kimLƏR durur????ÇOX GÜMƏLİDİR VALLAH…))))))

  5. Ramil Ferecov deyir:

    Her zaman Sumqayitin qaygilarinda oz komekliyini gosteren hormetli Zakir muellim , Sumqayitimiza daha dogrusu oz dogma seherine xosh gelib. Her zaman ilserinde ugur qazanmis hormetli Zakir muelliim Sumqayiti gelecek gunlerde daha da gozellesdiurmeyi ve abadlasdirmani aparacaq , buna gorede Sumqayitin ezizi ehalisi hormetli Zakir muellimi her zaman destekleyir ve her zaman komek etmeye de hazirdirlar. Islerinizde ugurlar Zakir muellim Tebrik edirik sizi yeni isinizde.

  6. sevda nuriyeva deyir:

    Men xahis ederdim ki Zakir muellim ezizlerimizin uyudugu qebirsanliqlara da nezaretini artirsin .Menim atam 2006 ci ilde rehmete gedib Atamin qebrinin yaninda 2 qebir yeri bosdur Her defe atamin qebrini ziyaret edende ureyim agrayir bos qalan qebir yerlerine yeni qazilmis qebirlerin torpagini ve demek olar ki her cur zibil atirlar ve bu da meni cooox eseblesdirir 1 nece defe sikayet etmisik yigisdiriblar amma yene hemin hemindir Men artiq derecede xahis edirem icra bascisi Zakir muellimden ve aidiyyati qurumlardan qebiristanliqimizi nezerden kenarda saxlamasinlar

Şərhinizi yazın