ARDNŞ-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndələri ilə görüş keçirilib

755

Azərbaycan Dövlət Neft Şirkətində Şərqi Avropa ölkələrinin nümayəndələri üçün Kimyəvi Silahlar üzrə Konvensiyanın transfer rejiminin texniki aspektlərinə dair regional təlim kurslarının təşkilatçılarından olan Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) Baş direktoru səfir Ahmet Üzümcü ilə görüş keçirilmişdir.

Görüşdə KSQT-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən bu regional seminarın xüsusi əhəmiyyətindən söhbət açılmış, belə tədbirlərin kimyəvi maddələrdən sülh məqsədləri üçün istifadə üzrə beynəlxalq əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılmışdır.

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycanda kimya və neft kimyası sənayesinin son illərdə inkişafı, Qaradağda inşa ediləcək yeni Neft-kimya kompleksi, Sumqayıtda tikintisinə başlanılmış Kimya sənaye parkı və Karbamid zavodlarının perspektiv imkanları, onların kimya məhsulları istehsalının genişləndirilməsində, həmçinin Azərbaycanın və regionun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyəti barədə məlumat vermişdir.

ARDNŞ-nin Türkiyədə ən böyük aktivi olan “Petkim” Şirkətinin dünyanın neft-kimya bazarında mövqeyinin ildən-ilə möhkəmlənməsi və s. barədə də görüş iştirakçıları məlumatlandırılmışlar.

KSQT-in Baş direktoru səfir Ahmet Üzümcü Bakıda  keçirilən regional seminarın yüksək səviyyədə təşkil edildiyini vurğulamış, bu mühüm tədbirdə ARDNŞ strukturlarının fəal iştirakından məmnun qaldığını bildirmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər