Azərbaycan prezidenti Sumqayıt Texnologiyalar Parkında bir neçə zavodun açılışında iştirak edib

875

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib.

APA-ECONOMICS”in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılıb.

Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verilib. Bildirilib ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcək. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanmışdır. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaq.

Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzib, polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bildirilib ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılıb. Müəssisədə ölkədə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir. Zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilib. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir.

Daha sonra Azərbaycan prezidenti STP-nin ağır maşınqayırma zavodunun açılışında iştirak edib. Diqqətə çatdırılıb ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Zavodda 900 nəfər işlə təmin olunub. Zavodun illik istehsal gücü 50 min tondur.

STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında da iştirak edən prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Zavoddakı bütün “CNC” markalı torna və frez dəzgahları Yaponiya istehsalıdır.

Zavodun fəaliyyəti ilə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər