Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır

1091

44 günlük Vətən müharibəsində Azərbaycan hərbi əməliyyatlarla yanaşı, diplomatik cəbhədə və informasiya müharibəsində də çox böyük nailiyyətlər əldə etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlara rəhbərlik etməklə yanaşı  Azərbaycanın haqq işini dünyaya çatdırılması istiqamətində də gecə-gündüz çalışdı, düzgün qurulan xarici siyasət nəticəsində ölkəmizə qarşı olan təzyiqləri məharətlə dəf etdi.

Vətən müharibəsi dövründə dövlətimizin başçısı dünyanın nüfuzlu media orqanlarına müsahibələri ilə həqiqətləri, reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi, anti-Azərbaycan dairələrinin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarını iflasa uğratdı.

Prezident İlham Əliyev informasiya cəbhəsindəki uğurlu fəaliyyəti zamanı nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı tərəf olduğunu da faktlarla sübut etmiş oldu.

Ölkə başçısı 2021-ci il 13 aprel tarixində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı münaqişədən sonrakı inkişaf və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı çox önəmli mesajlar verdi, bir çox məsələlərə aydınlıq gətirdi.

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirilməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqların dünyanın nüfuzlu beyin mərkəzləri tərəfindən də qəbul edildiyini bir daha təsdiq etmiş oldu.
Prezident İlham Əliyev dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin konfransa qatılmasını yalnız regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda, 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyin əlaməti hesab etdiyini vurğuladı: “Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik”.

Ölkə başçısı bildirdi ki, Azərbaycan strateji baxışla bağlı bütün planları həyata keçirmək iqtidarındadır: ” Lakin bunun üçün bizim Azərbaycanın daxilində artıq 28 ildir olan sabitliklə yanaşı, sərhədlərimizin hüdudlarından kənarda sabitliyə ehtiyacımız var. Əsas işlərimizdən biri riskləri minimuma endirmək üçün atacağımız addımlarımız olacaq. Biz Qoşulmama Hərəkatının sədri öhdəliklərini böyük uğurla həyata keçirmişik. Bizim regionda beynəlxalq səylərimiz yeni əməkdaşlıq formatlarının yaranmasına gətirib çıxardı. Türkiyə-Rusiya, Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İranla artıq üçtərəfli əməkdaşlıq var. Bu da sabitlik və proqnozlaşdırılmaya töhfədir və əlbəttə ki, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk olmalıdır”.

Prezident İlham Əliyev müharibədən sonrakı vəziyyət, refionda gələcək perespektivlərlə bağlı da önəmli açıqlamalar verdi. Bildirdi ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar: “Yeri gəlmişkən, biz bunu artıq qonşu ölkələrlə müzakirə etmişdik. Region necə inkişaf etməlidir, nəqliyyat, logistika ilə bağlı hansı layihələr olmalıdır, enerji əməkdaşlığı, ticarət və sairə. Beləliklə, bizdə heç bir fikir ayrılığı yoxdur”.

Azərbaycanın qonşu ölkələrlə mövcud münasibətlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki,  Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə ölkəmizin konkret əməkdaşlıq istiqamətləri var: “Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq”.

Ölkə başçısı dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri qarşısında bir daha bəyan etdi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş apardı: “Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu”.

Lakin buna baxmayaraq ermənilər müharibə zamanı Beynəlxalq hüququn normalarını pozaraq döyüş bölgəsindən xeyli kənarda yaşayan insanları məqsədli şəkildə hədəfə alaraq terrorçu mahiyyətlərini bir daha təsdiq etdilər. Müharibə zamanı bütün dünya erməni xislətinin bir daha şahidi oldu. Prezidenti İlham Əliyev  beynəlxalq konfransda bu məsələni bir daha beynalxalq ictimaiyyətinin diqqətinə çatdırdı, ermənilərin terrorçu xislətini yenidən ifşa etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir: “Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq”.

Beləliklə, Prezident İlham Əliyev konfransda səsləndirdiyi fikirlərlə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki,  Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir və regionda daimi təhlükəsizliyin təmin olunması üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Samir Şəfiyev, Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər