Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib

1687

Azərbaycan – Türkiyə əlaqələri beynəlxalq münasibətlər sistemində etalon modelə çevrilmişdir

Dünya səviyyəsində müxtəlif dövlətlərin, ölkələrin dostluq və əməkdaşlıq əlaqələri mühüm əhəmiyyət kəsb edir və bu amillər dövlət siyasətində strateji fəaliyyət istiqamətlərindəndir. Hər bir dövlətin güvəndiyi, daha çox etibar etdiyi ölkələrin olması, onlarla əməkdaşlığın daha dərin səviyyəyə çatdırılması vacib şərtləndərdir. Taleyüklü və tarixi əhəmiyyət kəsb edən, milli təhlükəsizlik, milli iqtisadi təhlükəsizlik baxımından vacib məsələlərdə bir-birinin haqq sözünü, obyektiv reallığı dünya ictimaiyyətinə, nüfüzlü beynəlxalq təşkilatlara, dünya dövlətlərinin başçılarına çatdırmaqda bu çür əməkdaşlıq formasının inkişafı vacibdir.

Azərbaycan müstəqil bir dövlət kimi dünya səviyyəsində, beynəlxalq münasibətlər, beynəlxalq əmək bölgüsü sistemində möhkəmlənməkdə davam edir. Ölkəmiz regional və beynəlxalq əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin bir tərəfdən təşəbbüskarı, digər tərəfdən isə maliyyə donoru kimi önəmli və nüfüzunu artırmaqda olan dövlətlərdən birinə çevirmişdir. Ölkəmizin beynəlxalq səviyyədə siyasətinin əsasında haqq-ədalət, milli mənafe və dünyəvi dəyərlər üstünlük təşkil edir.

Azərbaycan bir məsuliyyətli dövlət kimi bütün regional və beynəlxalq əhəmiyyətli mühüm məsələlərdə qardaş Türkiyə ilə birgə əməkdaşlığa, əməkdaşlıqdan da daha çox qardaşlıq münasibətlərinə malikdir. Türkiyə güclü tarixi dövlətçilik ənənələrinə malik olan böyük dövlətdir, türkdilli dövlətlərin həmişə, istənilən an yanında olan və prinsipial məsələlərdə cəsarətli addımlar atan və zəruri dəstəyi verən qüdrətli bir ölkədir. Artıq bu münasibətlər Azərbaycan-Türkiyə qardaşlığında dərin sınaqdan çıxmış və beynəlxalq münasibətlər sistemində bir etalon model kimi qəbul olunmuşdur.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə münasibətlərinin, dünəni, bu günü və gələcək prespektivləri ilə bağlı çox önəmli açıqlamalar verdi. Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə bundan sonra da inkişaf edəcəyini bəyan etdi.

Türkiyə Azərbaycanın taleyüklü məsələsində- Qarabağ məsələsində Azərbaycanın haqq səsinə həmişə, ardıcıl olaraq güclü dəstək vermişdir. Erməni hərbi qüvvələri torpaqlarımızı işğal etdiyi andan Türkiyə həmişə ölkəmizə öz dəstəyini göstərmişdir və 1993-cü ildən işğalçı ermənistan ilə öz sərhədlərini bağlamışdır. Azərbaycanın üzərinə haqsız olaraq, ikili standartlarla qara qarğa kimi qırıldayanların səsini batıran məhz qardaş Türkiyə olmuşdur. Ölkəmizə beynəlxalq aləmdə bütün məsələlərdə birmənalı və tutarlı dəstək verən Türkiyə Böyük Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olmuşdur və öz qardaşlıq dəstəyini göstərmişdir. Türkiyə təkcə regionda yox, həm də dünya səviyyəsində önəmli güc mərkəzi kimi öz səsini qaldırmış və böyük dövlətlərin təzyiqi qarşısında bir an olsun belə tərəddüd etmədən onlara öz yerini göstərmişdir. Türkiyə regionun aparıcı dövlətlərindən olan Rusiya ilə münasibətlərdə ölkəmizin milli maraqlarını hər şeydən üstün tutmuşdur və Azərbaycana bütün məsələlərdə onun yanında olduğunu nümayiş etdirmişdir.

Ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın güclənməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, ordu quruculugunda tələb olunan tədbirlərin görülməsi, təlimlərin keçirilməsi, zabit korpusunun hazırlanması və peşəkarlığının artırılması, Azərbaycanın mübariz və qalib ordusunun formalaşması və inkişafında iki qardaş ölkə arasındakı sıx tellər və bağlılıq böyük önəm kəsb etmişdir. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq gündən-günə möhkəmlənməkdədir. Bu isə təsadüfi deyildir, qardaş Türkiyənin ordusu NATO-da güc baxımından ikincidir və dünya səviyyəsində ən güclü ordular sırasında yerləşir.

Azərbaycan – Türkiyə əlaqələrinin getdikcə güclənməsi, şaxələnməsi regionda yeni reallıq yaratmışdır və bu reallıqlarla regionun iri dövlətləri belə razılaşıblar. Yaxın illərdə regionun dayanıqlı və sürətli inkişafında iki qardaş ölkənin sarsılmaz dostluğu və hərtərəfli qarşılıqlı fəaliyyəti lokomotiv rolunu oynayacaq və daha yüksək tarixi nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir.

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı

 və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər