Azərbaycan-Türkiyə-Türkmənistan münasibətlərində yeni mərhələ

485

Türkdilli ölkələrlə mövcud olan əlaqələrimizin davamlı inkişafı dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri əlaqələrin dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyevin Türkmənistana son səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün keçirilməsi hazırda dünyada mövcud olan münaqişələr və gərgin hərbi-siyasi vəziyyət fonunda olduqca mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxış edərək bir daha vurğuladı ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır.Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

İqtisadi əməkdaşlığın inkişaf dinamikasına nəzər salan ölkə başçısı qeyd etdi ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra ortaya çıxan yeni reallıqlar inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açdı. Azərbaycanın həyata keçirdiyi sistemli siyasət nəticəsində bu gün Azərbaycan mühüm tranzit ölkəyə çevrilib.

Hazırda Zəngəzur dəhlizinin açılması istiqamətində də fəal iş aparılır. Prezident İlham Əliyev qeyd etdi ki, bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Artıq əminliklə demək olar ki, türk dövlətləri arasında əlaqələr təkcə region üçün yox, qlobal müstəvidə də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin üçtərəfli formatda görüşü də yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Vurğulandı ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Prezident İlham Əliyev vurğuladı ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir.Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Belə ki, “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”,“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” imzalanmışdır.

Səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin yeni bir inkişaf səviyyəsinə qalxacağını göstərir. Hazırda dünyada baş verən hadisələr fonunda, yeni çağırışlar kontekstində bizim münasibətlərimiz müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bütün bunlar hər üç dövlət üçün əhəmiyyət daşıyan məqamlardır.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər