Azərbaycanda ürəyindən əməliyyat olunanların sayı çoxalır

1012

Azərbaycanda son dövrlərdə ürək-damar sistemi xəstəliklərinə görə edilən cərrahiyyə əməliyyatlarının sayı xeyli artıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov deyib.

Baş cərrah bunu son dövrlərdə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin sayının çoxalması ilə izah edib.

H.Bağırovun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada bu xəstəliklərindən əziyyət çəkənlərin sayı həddindən artıq çoxalıb.

Mütəxəssis əlavə edib ki, ölkə üzrə edilən cərrahiyyə əməliyyatlarının siyahısında ürək-damar sistemi xəstəliklərindən sonra ikinci yerdə onkoloji xəstəliklərə, üçüncü yerdə isə travmatik xəstəliklər, yəni travma ilə olan patologiyalara görə edilən əməliyyatlar dayanır.

Bölgələr üzrə daha çox hansı əməliyyatların edildiyinə gəldikdə, SN-nin baş mütəxəssisi qeyd edib ki, cərrahiyyə əməliyyatlarının tipləri həmin bölgənin əhalisi arasında daha çox hansı patologiyaların müşahidə olunmasından asılıdır:

“Məsələn, Şəki, Qəbələ zob xəstəliyi üçün lokal yerdir. Buna görə də burada zob əməliyyatları daha çox olur. Əhalinin böyük bir hissəsi Bakıda cəmləşib. Bakıda isə əhali müxtəlif tiplərdən olan cərrahiyyə əməliyyatlarına məruz qalır. Amma ümumilikdə götürdükdə ölkə üzrə ürək-damar sistemi xəstəliklərinə görə edilən əməliyyatların sayı xeyli çoxalıb”.

Baş cərrah deyib ki, dövlət xəstəxanalarında həyata keçirilən cərrahiyyə əməliyyatları zamanı baş verən ölüm halları ilə bağlı Səhiyyə Nazirliyinə rəsmi məlumat verilir.

Qeyd edək ki, Milli Məclisin üzvü Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda əhali arasında ölüm hallarının əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu açıqlayıb: “Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər