Azərbaycanı davamlı yüksəliş yoluna çıxarmış lider

1173

rixən gələcək inkişafı önə çəkən ideyalar ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş, uğurlu nəticələr əldə etmişlər. Gələcəklə bağlı ideyalar isə o zaman həyati və cəlbedici təsir bağışlayır ki, onların reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu isə, ilk növbədə, dövlətə rəhbərlik edən liderin şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə bağlı optimal qərarlar qəbul etmək məharətindən asılıdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu son 15 ildə bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd də tədricən ictimai şüurda getdikcə möhkəmlənərək milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Dövlətimizin başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə” 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsi olmuşdur. Bu sənəd göstərmişdir ki, dövlət başçısı Azərbaycanın hazırki uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı, habelə həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə 2016-cı il 6 dekabr tarixdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı milli iqtisadiyyatın böhrandan çıxarılması və enerji resurslarından asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürütdüyü inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Müstəqil Azərbaycanın əldə etdiyi böyük makroiqtisadi uğurlar da məhz sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən inkişaf strategiyasının nəticəsidir. Azərbaycanı ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Hər bir siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, son 15 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqlarının kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan “Cənub qaz dəhlizi” layihəsinin əsas seqmentləri olan TANAP, TAP kimi layihələrin gerçəkləşdirilməsi Azərbaycanın dünyada sayılıb-seçilən dövlətə çevrilməsini təmin etmişdir.

Respublikamız öncə GUAM çərçivəsində, sonra isə daha böyük geosiyasi arealda fəal əməkdaşlıq çevrəsi yaratmaqla, Avropanın bir sıra aparıcı dövlətlərini yeni enerji təhlükəsizliyi sistemi ətrafında müzakirələrə cəlb edə bilmişdir. Hələ 2012-ci il iyunun 26-da Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi ilə bağlı yekun sazişin imzalanması, ümumilikdə, Avropa ölkələri üçün son dərəcə əlamətdar hadisə olmuşdur. Artıq istifadəyə verilmiş TANAP layihəsi Azərbaycan qazını Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşımaqla, ölkədə sabit tranziti təmin edir. Layihədə ARDNŞ-in 80 faizlik paya sahib olması da onun ölkəmiz üçün strateji əhəmiyyətini bir daha sübut edir.

Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandırır.

Ümumilikdə, son 15 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi vurğulamaq lazım gəlir. Azərbaycanın neft gəlirlərindən asılılığının azaldılması, regionların proporsional inkişafının təmini, əhalinin sosial problemlərinin həlli və yaşayış səviyyəsinin yüksəldilməsi, biznes və investisiya mühitinin yaxılaşmasına imkan yaradacaq infrastruktur layihələrinin həyata keçirilməsi və s. həmin proqramlarda başlıca hədəflər kimi qarşıya qoyulmuşdur.

Bir sıra statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq 45 milyard ABŞ dollarına çatmışdır. 2004-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 225 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən müddətdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Ümumilikdə, 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətə davam gətirə bilmirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Həyata keçirilən iqtisadi islahatlar özündə həm də cəmiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “İnkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir.

Son illərin ciddi nailiyyətlərindən biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, “Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin neft amilindən asılılığın tamamilə azaldılmasının ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu xüsusi vurğulamışdır: “İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir”.

Dövlətimizin başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar – imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Cənab

İlham Əliyevin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Xatırlatmaq yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir.

Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş 2015-ci il 20 oktyabr tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Bu addımlar, şübhəsiz ki, qlobal böhran dövründə ölkədə sahibkarların üzləşdiyi problemlərin həlli, onların fəaliyyətinin dəstəklənməsi baxımından prinsipial siyasi iradə nümayişdir.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə həmin qanunun qüvvədəolma müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması da son dərəcə əhəmiyyətli addımlardandır. Bu müddətdə yalnız vergi yoxlamalarının, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən yoxlamaların aparılması mümkün olacaqdır. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

2018-ci ilin yekunları deməyə əsas verir ki, Azərbaycan bu il dayanıqlı inkişaf istiqamətində ciddi nailiyyətlərə imza atmışdır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olmuşdur. Hesabat ilində iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.

Davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın mühüm makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır. 2019-cu il ücün dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri 24 milyard 780,1 milyon manat proqnozlaşdırılır. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı və ya 31,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı və ya 49,6 faizi ARDNF-dən transfertlərin, 3 milyard 451,6 milyon manatı və ya 15,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4 faizi digər gəlirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 milyard 553,2 milyon manat təşkil edir və bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3 faiz, 2017-ci ilin icrası ilə müqayisədə 10,9 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11,364 milyard manat nəzərdə tutulur.

Göründüyü kimi, müsbət tendensiyalardan biri də dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının ilbəil artmasıdır. Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son illərdə ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisinin artımı da müsbət məqamlardandır. 2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8 faizi və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2 faiz və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7 faiz çoxdur.

Bütün bunlar, ilk növbədə, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların məntiqi nəticələridir. Qlobal böhranın fəsadlarının aradan qaldırılması məqsədilə 2014-2018-ci illərdə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində atılmış addımlar müsbət nəticələr verməkdədir.

Ümumiyyətlə, 2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apelyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması müsbət nəticələr vermişdir.

Nazirlər Kabinetinin 2018-ci ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası göstərmişdir ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Hesabat dövründə tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən tədbirlər hökumətin diqqət mərkəzində olmuşdur.

Hesabat dövrünün sosial-iqtisadi göstəricilərindən söz açan Prezident İlham Əliyev iqtisadiyyatda ciddi artımın olduğunu diqqətə çatdırmaqla, bunu son illərin ən yaxşı göstəricilərindən biri kimi dəyərləndirmişdir: “…2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.

Bütün bunların nəticəsi olaraq “Doing Business 2019” hesabatında respublikamız əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Azərbaycan “Biznesə başlama” üzrə 9-cu, “Tikintiyə icazələrin alınması” üzrə 61-ci, “Elektrik təchizatına qoşulma” üzrə 74-cü, “Mülkiyyətin qeydiyyatı” üzrə 17-ci, “Kreditlərin alınması” üzrə 22-ci, “İnvestorların hüquqlarının müdafiəsi” üzrə 2-ci, “Vergilərin ödənişi” üzrə 28-ci, “Beynəlxalq ticarət” üzrə 84-cü və “Müqavilələrin icrasının təmin edilməsi” indeksi üzrə 40-cı, “Müflisləşmə” indeksi üzrə 45-ci yerdə qərarlaşmışdır. Bütövlükdə “Doing Business-2019” hesabatında 10 indikatordan 8-i üzrə mühüm irəliləyiş qeydə alınmışdır.

Son 15 ildə sosial sahədə həyata keçirilmiş tədbirlərin miqyası da həddindən artıq böyükdür. Sadəcə onu demək kifayətdir ki, son illərdə keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü olmuşdur.

Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi; aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi; sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatların həyata keçirilməsi; sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Bütün bunlar təsdiqləyir ki, son 15 ildə iqtisadi və inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Dövlətimizin başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanı ilə “Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilmişdir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı (www.e-gov.az) yaradılmışdır. 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsinin təmin edilməsi strateji hədəflərdən biri kimi qarşıya qoyulmuşdur.

Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.

Xüsusi vurğulamaq istərdim ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin ötən 15 ildə 20 dəfədən çox Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir. Belə bir sərəncamın imzalanması Sumqayıta göstərilən yüksək diqqət və qayğının tərkib hissəsi olmaqla, şəhər sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır. Sumqayıtın inkişaf göstəricilərinin paytaxtla uyğunlaşdırılması dövlət başçısının qarşıda müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş abadlıq-quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə Prezident

İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.

Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir.

Bu gün Sumqayıt bir ərazi təsərrüfat kompleksi kimi də yenidən formalaşır və inkişaf edir. Şəhərin əlverişli sağlam ictimai iqlim zonası kimi inkişafı burada ictimai münasibətlərin vətəndaş cəmiyyəti quruculuğu prinsiplərinə uyğun formalaşmasından keçir. Şəhər rəhbərliyi Yeni Azərbaycan Partiyasının yerli təşkilatı, demokratik təsisatlar, ictimai birliklər, Şəhər Ağsaqqallar Şurası, dini qurumlar, gənclər təşkilatları, yerli və xarici sahibkarlar, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarının yerli nümayəndəlikləri ilə birgə bu münasibətləri qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşdırır, qarşıda duran vəzifələrin səmərəli həllinə yönləndirilməsinə nail olur. Bu isə şəhərdə ictimai münasibətlərin düzgün formalaşdırılması və ictimai iqlimin sağlam, işgüzar, əlverişli şəraitdə inkişafını təmin edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Sumqayıt şəhər rəhbərliyi də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Sumqayıt şəhəri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Hazırda hər bir şəhər sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları gündəlik həyatında qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Qüdrət KƏRİMOV,

“Xəzər” QSC-nin rəhbəri, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər