«Azərikimya» İB Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq «PLASTECH-2012» sərgisində Azərbaycanı təmsil etmişdir

657

 

«Azərikimya» İstehsalat Birliyinin nümayəndələri may ayının 10-dan 13-ə kimi Türki­yənin İzmir şəhərində davam etmiş Beynəlxalq «PLASTECH-2012» – plastik məmulatlar və texnologiyalar sərgisində iştirak etmişlər.

Mayın 10-da İzmir şəhər meriyasının, Türkiyənin Sənaye Palatasının və dünyanın bir çox nüfuzlu şirkət rəh­bər­lərinin iştirakı ilə təntənəli açılışı keçirilərək, dörd gün fəaliyyət göstərmiş sərgidə «Azərikimya» İB də «Petkim Petrokimya Holding» şirkətlər qrupu ilə yanaşı bir pavilyonda geniş bir stendlə təmsil olunmuşdur. «Azərikimya» üçün ayrılmış sahədə Birliyin müəssisələrində son iki ildə aparılmış yeniləşmə işlə­rindən sonra müasir görkəm almış istehsalat və qurğuların iri fotoşəkillərinin,  banner­lərin fonunda Azərbay­can kimyaçılarının istehsal etdikləri qiymətli kimyəvi məhsulların – yüksək təzyiqli polietilenin, mütləq izopropil spirtinin,  müxtəlif qətranların və s. nümu­nələri nümayiş etdirilmişdir.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Kayseri, Manisa, Uşak və digər şəhər­lərinin 150-yə yaxın şirkəti müxtəlif məhsul və texnologiyalarla iştirak edirdilər. Tədbirin ilk günündə Yaponiya, Almaniya, Rusiya, Braziliya, Çin, Fransa, Cənubi Koreya, Hollan­diya, İspaniya, Gürcüstan, İraq, Makedoniya və İordani­ya­dan gələn qonaqlarla bərabər yega­nə Azərbaycan təmsilçisi olan «Azərikimya» İB-nin nümayəndələri İzmir Ölkə­lərarası Sərgi Mərkəzində təşkil olunmuş ekspozisiyalarla, yeni məhsul və texnolo­giyalarla yaxından tanış olmuşlar.

Diqqətəlayiqdir ki, sərgidə «Azərikimya» İB-yə və onun istehsal etdiyi məhsullara maraq göstərən bir çox yerli və xarici şirkətlər Azərbaycan kimyaçıları ilə işgüzar münasibətlər qurmaq, Birliyin müəssisələri ilə inteqrasiya əlaqələri yaratmaq istəklərini ifadə etmişlər. «Azərikimya»nın nümayəndə heyəti də öz növbəsində yeni, qabaqcıl  texnologiyaların yaradıldığı və tətbiq edildiyi nüfuzlu firma və şirkətlərin nümayəndələri ilə görüşərək, gələcək işgüzar münasibətlərin təməlini qoymuşlar.

Kimyaçılarımızın İzmirdə səfərdə olan nümayəndə heyəti Beynəlxalq sərgidə iştirak etməklə yanaşı «Petkim» Şirkətində də olmuş, onun müəssisə və istehsalatlarını gəzərək, orada tətbiq olunan yeni texnologiyalar, müasir nəzarət-ölçü, energetika, tex­niki təhlükəsizlik və əməyin mühafizəsi sistemləri ilə maraqlanmış, türkiyəli həmkarları ilə müxtəlif istehsalat məsələləri ilə bağlı fikir mübadiləsi aparmışlar.

«Azərikimya»nın nümayəndələri «Petkim Petrokimya Holding» şirkətlər qrupunun rəhbəri Hayati Öztürk ilə birgə regionun bu ən iri  və nüfuzlu neft-kimya kompleksində  növbəti təcrübə mübadiləsi keçmiş gənc azərbaycanlı kimyaçı mütəxəssislərə «Petkim» Şirkəti tərəfindən sertifikatların təqdimedilmə mərasimində  iştirak etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər