«Azərikimya»nın təşkilatçılığı ilə keçirilən mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinə yekun vurulmuşdur

732

Ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əli­yevin anadan olmasının 89-cu ildönümü ilə bağlı ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinin final oyunlarının başa çatması münasibətilə M.Hüseynzadə adına şəhər stadionunda təntənəli tədbir keçirilmişdir.

2012-ci il – «İdman ili» çərçivəsində reallaşdırılaraq, şəhərin məhəllə və mikrora­yonlarında, müəssisə kollektivlərində idmanın mini-futbol növünün kütləviləşdiril­məsi və əməkçilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilərək, 10 gün davam etmiş yarışlarda şəhərin 30-dan artıq müəssisəsinin, o cümlədən «Azərikimya» İstehsalat Bir­liyi, Sumqayıt Texnologiyalar Parkı, «Bismak» Qida-sənaye kompleksi, «Azərboru» ASC,  FHN-nin Sumqayıt şöbəsi, Sumqayıt Dövlət Universiteti, Beynəlxalq Bank və Bank of Baku, şəhər Təhsil və Səhiyyə şöbələrinin, Elektrik şəbəkəsi və Qaz-istismar İdarəsinin və digər təşkilatların ko­man­daları birincilik uğrunda gərgin idman mübarizəsi aparmışlar. Yüzlərlə ta­maşaçının mara­ğına səbəb olmuş yarışlar hərəsində 8 ko­manda olmaqla 4 yarımqrup üzrə şəhərin 4 müxtəlif futbol meydançasında keçirilmişdir.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən final oyununda 10-cu mikrorayonun komandası birinci, 17-ci mikrorayonun futbolçuları ikinci,  YAP şəhər təş­ki­latının və 13-cü mikrorayonun futbol həvəskarları isə müvafiq olaraq 3 və 4-cü yerlərə layiq görülmüşlər.

Olimpiya sistemi üzrə təşkil edilmiş yarışların nəticələrinə əsasən ilk dörd yeri tutmuş komandalar xüsusi diplomlar, qiymətli hədiyyələr və «Azərikimya» İB-nin, həmçinin şə­hər Gənclər və idman Baş idarəsinin Fəxri fərmanları ilə təltif olunmuşlar. Qalib koman­daya həmçinin turnirin Kuboku və “Sumqayıt” Futbol klubunun xüsusi hədiyyəsi təqdim olunmuşdur.

***

Şəhər sakinləri tərəfindən Sumqayıtın idman həyatında mühüm bir hadisə kimi qiymətləndirilən turnirdən sonra şəhər ictimaiyyətinin nümayəndələri yarışların təşkili və gedişi ilə bağlı öz təəssüratlarını bölüşmüşlər.

Ofelya Babayeva, Sumqayıt şəhər 11 saylı orta məktəbin direktoru, Azər­baycanın Əməkdar müəllimi:

– İdman gənc­lərimizə çeviklik, mübarizlik, qələbə əzmi aşılayır və yetişməkdə olan nəslin sağlam və gümrah böyüməsində mühüm rol oynayır. Məhz bunu nəzərə alaraq, «Azərikimya» İstehsalat Birliyi kollektivinin təşəbbüsü ilə son iki ildə şəhərimizdə keçirilən müxtəlif idman tədbirlərinin – «Top» festivalının, spartakiadaların, futbol, voleybol, şahmat və digər idman növləri üzrə yarışların xüsusi əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyevin Ad gününə həsr olunmuş bugünkü ümumşəhər mini-futbol turnirinin maraqla keçən final yarışlarını izləyərək, qeyri-ixtiyari yadıma düşürdü ki, Azərbaycanda idmanın bugünkü inkişafının, bütün beynəlxalq yarışlarda qələbələrimizin əsası məhz Ulu öndərimiz, Vətənimizin idman şöhrətini daha da artırmaq üçün idmançı gənclərimizə hər zaman qayğı göstərmiş, bunun üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bir estafet olaraq son illərdə idmanın inkişafı, onun kütləviliyinin artırılması sahəsində gördüyü tədbirlərin davamı kimi Sumqayıtda yeni idman qurğu və komplekslərinin, klublarının yaradılması, şəhərin mikrorayon və məhəllələrində yeni idman meydançala­rının salınması ölkə gəncliyinə, onun sabahına olan diqqət və qayğının təzahürüdür.

«Azərikimya»nın təşəbbüsü ilə keçirilərək, bu gün başa çatmış ümumşəhər mini-futbol turniri  şəhərimizdə idmanın kütləviliyinin artırılmasına kimyaçıların verdiyi yeni bir töhfə olaraq məni çox sevindirir. Bu cür tədbirlər həm də gənclərimizin müxtəlif beynəlxalq yarışlara, o cümlədən 2020-ci il London olimpiadasına hazırlığının ilkin mər­hələlərindən biri kimi də mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, «Azərikimya» kol­lektivi tərəfindən Sumqayıtın idman həyatının canlanmasında, idmançıların gənc nəslinin yetiş­məsində mühüm rol oynayan bu cür tədbirlər tez-tez keçiriləcəkdir.

Musa Həsənov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi:

–  İlk olaraq onu qeyd etmək istəyirəm ki, «Azərikimya» kollektivinin təşəbbüsü və təş­kilati dəstəyi ilə keçirilən, Ulu öndərimiz  Heydər Əliyevin Ad gününə həsr olunmuş bu tədbir onunla daha xarakterik olmuşdur ki, yarışlara şəhərimizin əksər müəssisə və təş­kilatlarının, məhəllə və mikrorayonlarının komandaları ilə yanaşı bu oyunları maraqla izlə­yən çoxlu sayda şəhər sakinləri, o cümlədən gənc  futbol həvəs­karları və pərəstiş­kar­la­rı cəlb edilmişdir. Gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinin və əha­təliliyinin yalnız şəhərin mərkəzi hissələrində deyil, uzaq mikrorayonlarda, məhəllə­lər­də də təmin edilməsi baxımından bu cür tədbirlərin keçirilməsi xüsusilə vacibdir. Ulu öndərin Ad günü ərəfəsində 10 gün ərzində olduqca maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən bu yarışlar öz mühüm əhəmiyyəti ilə davam etdirilməyə, ənənəvi və vaxtaşırı olaraq təşkil olunmağa layiqdir.

Bu aydın bir həqiqətdir ki, bugünün və gələcəyin futbolçuları ilk addımlarını yaşa­dıq­ları həyətlərdə atır, sonra futbol klublarına üz tuturlar. Məhz bu baxımdan «Azə­rikimya» kollektivinin ümumşəhər birinciliyi keçirərək, bu yolla həm böyük futbol, həm də mini-futbol üçün gənc, istedadlı futbolçuları məhəllə və mikrorayonlardan baş­layaraq arayıb-axtarması, «Sumqayıt» komandası və ümumilikdə Azərbaycan futbolu üçün pers­pektiv futbolçuların aşkar olunması sahəsində fəaliyyəti  mühüm əhəmiyyət kəsb edir.

Bir-birinin davamı olaraq kimyaçıların təşəbbüsü ilə keçirilən müxtəlif idman yarışları, turnir və spartakiadalar gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idman­çıların müəyyən edilməsi baxımından bizim Gənclər və İdman Baş İdarəsinin işinə də böyük bir köməkdir.

Orücəli Allahverdiyev,  YAP Sumqayıt şəhər təşkilatının sədr müavini:

– Möhtərəm Prezidentimiz İlham Əliyevin 2012-ci ili «İdman ili» elan etməsi ilə bağlı sərəncamına uyğun olaraq «Azərikimya» İstehsalat Birliyinin həyata keçirdiyi təd­bir­lər, yeni layihələr, eyni zamanda şəhər sakinlərinin, əsasən də gənclərin asudə vaxtla­rının səmərəli təşkilinə göstərdiyi diqqət və qayğı geniş ictimaiyyət tərəfindən xüsusi rəğbətlə qarşılanır. Dövlət Neft Şirkətinin strukturuna verildikdən sonra “Azərikimya” İB-nin şəhərimizdə idmanın digər növləri ilə yanaşı fut­bolun inkişafına verdiyi dəstək, «Sumqayıt» futbol klubuna himayədarlığı, mütəmadi ola­raq futbol yarışları keçirməsi dedik­lərimizə əyani sübutdur.

Fikirlərimi konkret olaraq son turnirə yönəltmək istəyirəm. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş, şəhərin idarə və müəssi­sələrini təmsil edən 32 koman­danın iştirakı ilə keçirilən mini-futbol turniri Sumqayıtda idmana, xüsusən də fut­bola mü­na­sibətin bariz göstəricisidir.

Yarışlarda YAP Sumqayıt şəhər təşkilatının da bir komanda ilə təmsil olunması mənim də yarışların bir qismini izləməyimə səbəb oldu. Yarışlar həqiqətən yüksək idman mübarizəsi şəraitində keçdi. Komandalar maraqlı, baxımlı oyun nümayiş etdirdilər.

Yarışların  uğurlu keçirilməsi üçün yaradılan əlverişli şəraitə, idmançılara göstərilən  qayğıya, onların həm mənəvi, həm də maddi cəhətdən stimullaşdırılmasına görə «Azəri­kimya» rəhbərliyinə dərin minnət­darlığımızı bildirirəm.

Olya İslamova, Sumqayıt şəhər Tarix muzeyinin direktoru, Azərbaycanın Əmək­­dar Mədəniyyət işçisi:

Bəlkə də inanılmazdır, ancaq mən hələ uşaqlıqdan idmanın ən gözəl, maraqlı növü olan futbolun pərəstişkarıyam. Belə ki, şəhərimizin ağsaqqallarından, tanınmış ziyalıların­dan olmuş atam Zəbi Abdullayev ötən əsrin 50-ci illərinin sonlarında 1 nömrəli Sumqa­yıt Tikinti trestində işləyirdi. Həmin illərdə şəhərimizin «İnşaatçı» futbol koman­dası respub­likamızın güclü komandalarından, atam isə onun ən qızğın pərəstiş­karlarından biri idi. O, özünün sevimli komandasının bir oyununu da belə diqqətdən qaçırmazdı və həmişə mə­ni də özü ilə stadiona aparardı. Və elə o vaxtdan mən idmanın ən gözəl növü olan fut­bolun pərəstişkarı kimi bu oyuna tamaşa etməkdən böyük zövq alıram.

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtın idman həya­tı­nın son iki ildə yenidən canlandırılması, şəhərin yeni və perspektivli «Sumqayıt» futbol klubunun yaradılması, inanın ki, məni olduqca çox sevindirmişdir. Kimyaçılar kollektivinin təşəbbüsü ilə şəhərimizdə son dövrlərdə müxtəlif səviyyələrdə futbol yarışlarının keçiril­məsi isə xüsusilə təqdirəlayiqdir. Bu ayın əvvəlində eşidəndə ki, «Azərikimya»nın  təşəbbüsü və dəstəyi ilə Ulu öndərimiz Heydər Əliyevin Ad gününün 89-cu il­dönümü münasibətilə şəhərimizdə 30-dan artıq idarə və müəssisənin, ictimai təşkilat­ların, məhəllə və mikrorayonların futbol komandaları arasında şəhər birinciliyi keçiri­lə­cək, bu, mənim böyük marağıma səbəb oldu.

Bilirsinizmi, futbola həvəs hamıda, hər bir kəsdə daim olmuşdur və bu gün də var­dır. Olmayan, çatışmayan isə çox zaman yalnız bircə şey olub – futbola, futbolçulara la­zımi dəs­tək. Ancaq çox yaxşı ki, «Azərikimya»nın kollektivi digər populyar idman növ­ləri ilə yanaşı futbola, şəhərimizdə onun daha yüksək səviyyədə inkişafına xüsusi diqqət yeti­rir və hərtərəfli kömək edir.

Bu qəbildən olmaqla Ulu öndərimizin Ad gününə həsr olunmuş mini-futbol turniri bütün sumqayıtlıların böyük diqqət və marağına səbəb olmuşdur. İşimin çoxluğu ilə əlaqədar bu yarışların bü­tün oyunlarına tamaşa edə bilməsəm də, bir neçə oyuna baxa­raq, olduqca xoş ovqat və sevinc duymuşam. Hiss olunur ki, həvəskar futbolçularımız son zamanlar müəyyən peşə­karlığa, ustalığa yiyələnə bilmişlər. Bu gün Mehdi Hüseynza­də adına Sumqayıt şə­hər stadionunda keçirilən final oyunları da yüzlərlə tamaşaçının diqqət və marağına, əsl pərəs­tişkar sevincinə və həyəcanına səbəb olmuşdur. Xüsusilə əlamətdardır ki, oyunlar yüksək səviyyədə təşkil olunmuş, futbolçularımız maraqlı oyun nümayiş etdirməyi bacar­mışlar.

Bu cür məzmunlu və maraqlı, adamın yaşamaq həvəsini, həyat eşqini, sabaha ina­mı­nı daha da artıran idman tədbirləri keçirərək, şəhərimizin sakinlərinin idmana, onun populyar növü olan futbola kütləvi şəkildə cəlb olunmasına nail olduqlarına, həm də bu ya­rış­ların gənclərimizin istirahətinin mənalı təşkilində xüsusi rol oynadığına görə ARDNŞ rəhbərliyinə, «Azərikimya» kollektivinə öz dərin təşəkkürümü bildirmək istər­dim.

Əbdül Məmmədov,  M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktor müavini:

– Mənim bütün həyatım Sumqayıt futbolu ilə bağlıdır. Olduqca xoşdur ki, ötən illərlə müqayisədə bu gün Sumqayıtda futbolun inkişafına daha çox diqqət yetirilir. Son iki ildə «Azərikimya»nın təşkilatçılığı ilə bir-birindən maraqlı futbol tur­nirləri keçirilmişdir ki, bu da həm komandaların, həm də pərəstişkarların fəallığının artmasında mühüm rol oyna­mış­dır.

Təqdirəlayiq haldır ki, təkcə bu ilin əvvəlindən etibarən iki böyük mini-futbol turniri təşkil edilmişdir. Məktəblilər arasında keçirilən ilk turnirdə Sumqayıtın 32 məktəbindən 3 yaş qrupu üzrə 64 komanda qalib adı uğrunda mübarizə aparmışdır. Ümumilikdə yarışlara 620 uşaq cəlb olunmuşdu ki, bunların da arasında gələcəkdə təcrübəli bir fut­bolçu kimi yetişə biləcək xeyli sayda ümidverici uşaqlar var.

Keçirilən yarışlar sübut edir ki, Sum­qa­yıtda bütün yaş qrupları arasında futbola çox böyük maraq vardır və bu marağın, bu sevginin aşılanmasında kimyaçılar kollektivinin də mühüm rolu vardır.

Rauf Abbasov, “Azərikimya”  İstehsalat Birliyinin Etilen-polietilen zavodu­nun mühəndisi, turnirin iştirakçısı:

– Çox yaxşı ki, son illər «Azərikimya» kimyaçı gənclərimizin asudə vaxtının təşkilinə, müxtəlif idman yarışlıarının və digər əyləncəli tədbirlərin keçirilməsinə böyük diqqət və qayğı göstərir. İdman yarışları bizim üçün həm də sağlamlıq, gümrahlıq deməkdir.  Buna görə də Sumqayıtın bütün futbolsevərləri adından bu cür maraqlı idman tədbirlərinin təşkilatçılarına öz təşəkkürümü bildirir və inanıram ki, idmana bu cür diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda futbolçuların yeni, daha bacarıqlı, istedadlı nəsli yetişəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər