Bakı – Sumqayıt marşrutundakı problemlər aradan qaldırılmayıb

763

Yeni avtovağzal açılandan sonra Bakı – Sumqayıt marşrutundakı problemlər qismən həll olunsa da, əhali arasında narazılıqlar səngiməyib. Onlar hər gün müxtəlif səpkili problemlərlə üzləşirlər.

Yəni əvvəllər olduğu kimi, yenə də axşam saatlarında sərnişinlər avtovağzalda uzun müddət avtobus gözləmək məcburiyyətində qalırlar. Avtobus gələndə isə ona kütləvi şəkildə “hücum” olur. Bunun da kökündə əvvəlki kimi, yenə də avtobuslar arasında intervalın olmamasıdır. Yəni axşam saatlarında ən çox əhali axını Bakıdan Sumqayıta olur. Bu zaman avtobuslar daha tez dolur, həmin zaman kəsiyində Sumqayıtdan Bakıya gələn sərnişinlərin sayı isə az olduğundan avtobusu doldurmaq üçün uzun zaman tələb olunur. Bu səbəbdən də avtobuslar Sumqayıtdan Bakıya gələrkən ləngiyirlər.

Sərnişinlərin hüquqları pozulur

Xatırladaq ki, bu istiqamətə iritutumlu avtobuslar buraxılandan sonra mikroavtobuslar xətdən çıxarılıb. Amma bununla belə, yenə mikroavtobuslara rast gəlmək olur. Əslində iritutumlu avtobusların sürücülərinin özbaşınalığı ucbatından mikroavtobusların işləməsi əhalinin rahatlığına xidmət edir. Yəni iritutumlu avtobusların sürücüləri konkret maaş alırlar. Onların dediyinə görə, bu maaş da qaneedici deyil. Ona görə də avtobusu bacardıqları qədər sərnişinlə doldurmağa çalışırlar. Bu da əhalidə narahatlıq yaradır. Xüsusən də Stansiya Sumqayıt və Ceyranbatan qəsəbələrindən avtobusa minən sərnişinlər oturmağa yer tapa bilmirlər. Nəticədə Bakıya qədər olan 30 kilometrlik məsafəni ayaq üstə getməyə məcbur olurlar.

Küçə söyüşləri

Ehtiyac üstəgəl tamah sürücüləri elə azğınlaşdırıb ki, onlar nəinki özlərinə hörmət qoyur, hətta bir-birini təhqir etməkdən belə çəkinmirlər. İşə gələrkən yolda “Ford” markalı mikroavtobusa mindim. Mikroavtobus Ceyranbatan qəsəbəsindəki dayanacaqda saxladı və bir neçə sərnişin götürdü. Arxadan sərnişinlə dolu, hətta ayaq üstə getməyə belə yeri olmayan iritutumlu avtobus bizim əyləşdiyimiz maşının qarşısını kəsdi. İçəridən 60-65 yaşlarında ağsaqqal bir kişi düşüb, mikroavtobusa tərəf gəldi və qapını açıb, sürücüyə fiziki təzyiqlər göstərməyə, onu küçə söyüşləri ilə təhqir etməyə başladı. Sərnişinlərin səyi nəticəsində onları sakitləşdirmək mümkün oldu. Amma bu proses Saray qəsəbəsindəki Dövlət Yol Polisi (DYP) postuna qədər davam etdi. Mikroavtobus Həmin postun yanında, düz yolun ortasında dayandı və arxadan gələn iritutumlu avtobusun qarşısını kəsdi. Qapını açaraq yaxınlıqda durmuş polis zabitini və çavuşunu çağırdı. Özü isə maşından düşüb, həmin yaşlı kişi ilə əlbəyaxa davaya çıxdı. Bundan başqa isə onlar bir-birini küçə söyüşü ilə təhqir etməyə başladılar. Maraqlı hal isə DYP əməkdaşlarının mənzərəyə seyrçi mövqeyindən yanaşması oldu. Yəni mikroavtobus yolun ortasında saxladığından, arxadan gələn avtomobillərin hərəkəti dayanmışdı. Təqribən 5 dəqiqə davam edən dava-dalaş nəticəsində 100-dən artıq maşının sürücüləri dayanmağa və bu mənzərəni seyr etməyə məcbur oldular. Belə hallar isə hər gün təkrarlanır.

Avtovağzala girməyə məcbur edilir

İlk öncə Bakı-Sumqayıt marşrutundakı gediş haqqı barədə danışaq. Tarif Şurası gediş haqqını “məsafədən asılı olaraq” müəyyənləşdirib. Bakı – Sumqayıt marşrutunda isə avtobuslara minən sərnişinlər sürücülərin yazıb şüşəyə yapışdırdıqları yazını oxuyurlar – “məsafədən asılı olmayaraq gediş haqqı 40 qəpik”. Sərnişinlər isə buna narazılığını bildirəndə, “müdiriyyət belə tapşırıb” cavabını eşidirlər. Sərnişinləri ən çox qəzəbləndirən məsələ isə avtobusun avtovağzala girməmiş dayanmamasıdır. Digər tərəfdən sərnişin Xırdalandan gələn və birbaşa Bakıya hərəkət edən 140, 157, 343 və digər saylı marşrutlara minmək istəsə də, məcburən avtovağzalın içərisinə aparılır ki, bu onların əziyyət çəkməsi, əlavə xərcə düşməsi və vaxt itkisi deməkdir. Dəfələrlə buna görə gərginliyin şahidi olmuşuq. Sərnişin maşını saxlamağı tələb edəndə, sürücü cavab verir ki, Nəqliyyat Departamenti icazə vermir: “Maşının nömrəsini açırlar, bizi təhqir edirlər”. Gördüyünüz kimi, bir çox məsələlərdə sürücülər günahkar deyil. Nəqliyyat Departamenti əməkdaşlarının soyğunçuluğu və qoçuluğu hamıya bəllidir. Sərnişinlərin bildirdiyinə görə, Sumqayıtdan gələn avtobusların məcburən içəriyə aparılması avtovağzal rəhbərliyinin göstərişidir: “Bunu ona görə edirlər ki, avtovağzalın ticarət mərkəzindən kimsə nəsə alsın. Bundan başqa, Avtovağzaldan Bakı istiqamətinə hərəkət edən avtobuslara minsinlər. Bu da həmin avtobusların sahibinin mənafeyinə xidmət edir. Əhalinin əziyyət çəkməsi, vaxt itirməsi və əlavə xərcə düşməsi isə heç kimin vecinə deyil. Yəni bu məsələdə günahı birbaşa sürücünün üzərinə atmaq olmaz”.

Əli Zülfüqaroğlu, Həftə-İçi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər