Bakıda bal yarmarkası keçirilir: qiymətlər necədir? – Reportaj, Fotolar

1005

Bakıda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılışı olub. Musavat.com xəbər verir ki, açılış tədbirində kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nərimanov rayon icra başçısının müavini Şahmar İbadov, Qida Təhlükəsizliyi Agentliyinin Baytarlığa nəzarət şöbəsinin müdiri Qalib Abdüləliyev, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova iştirak ediblər.
S.Talıbov çıxışı zamanı bildirib ki, bu ilki yarmarkanı yubiley yarmarkası da adlandırmaq olar. Nazir müavini arıçılıq sahəsinin tarixindən və gələcəkdə bu sahədə görülməli olan işlərdən danışıb.

Nərimanov rayon icra başçısının müavini Şahmar İbadov görülən işlərin əhəmiyyətindən, ölkə prezidentinin sərəncamları ilə ölkədə bütün sahələrdə aparılan islahat və inkişafdan danışıb.

Məlumat verilib ki, yarmarka 28 sentyabr-18 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Yarmarkanın keçirildiyi məkanda olduğumuz zaman müşahidə etdik ki, ərazidə təhlükəsizliyinə ciddi nəzarət var. Açıq havada qurulan çadırlarda keçirilən yarmarkanın təhlükəsizliyinə kameralar vasitəsilə də nəzarət olunur.

Yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin anbarında qəbul edilib.

Məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə verildiyi bildirilir.

Çıxışı zamanı Qalib Abdüləliyev bildirib ki, ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq”.

Leyla Məmmədova jurnalistlərə açıqlamasında bildirib ki, Arıçılar Assosiasiyası ilə birgə təşkil etdikləri builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir:

“İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.

Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.

Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq.

Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər keçiriləcək, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq. Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər”.

Yarmarkaya çıxarılan balların qiyməti ilə də maraqlandıq. Öyrəndik ki, balın bir kiloqramı əsasən 20 manatdan başlamaqla 50 manata qədər dəyişən qiymətlə satılır . Ümumilikdə hər bir arıçı məhsuluna qiymət qoymaqda sərbəstdir. Qiymətlər balın çeşidinə görə dəyişir. Arıçı Jukov Aleksandraviç Musavat.com-a bildirdi ki, bazarda ən bahalı bal Şabalıd balıdır:
” Bu balın 1 kiloqramı 30 manatdan başlayan qiymətlə satılır. Bu bal əsasən Balakən, Zaqatala və Qaxdan gəlir. Qiymət təsir edən amil balın keyfiyyəti, arıçının xərcləri və balın miqdarının nə qədər olmasıdır. Elə bal var ki, arıçı onun üçün xeyli yüksəkliyə çıxmalı olur.  Arı südünə gəlincə onun da 1 qramının qiyməti 3 manatdan 6 manata qədər dəyişir”. Yarmarka bu gün açılsa da artıq xeyli alıcının olduğunu müşahidə etdik. Bildirirlər ki, təmiz balı 20 manatdan aşağı satmaq onlara sərf etmir.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər