Bəs hanı inkişaf?

1018

Məlum olduğu kimi, ötən həftə yığma komandamızın daha iki rəsmi matçı geridə qaldı. Təəssüf ki, bu dəfə də nə Lüksemburq, nə də Portuqaliya qarşısında milli komandamızın qələbəsinə sevinə bilmədik. Millinin son rəsmi matçlarında prinsipcə, qeyri-adi heç nə baş vermədi. Hər halda, müstəqil futbol tariximizdə öyünə biləcəyimiz İsveçrə qələbəsi, Portuqaliya heç-heçəsi və Serbiya və Çernoqoriyadan alınan dörd xal, Slovakiya, Finlandiya  və son olaraq da Türkiyə üzərində qələbə var. Deməli, müstəqillik illərimizdə payımıza ən çox məğlubiyyət düşdüyündən, Portuqaliya yığmasına 0:2 hesablı məğlubiyyəti də həzm etməliyik. Hərçənd, portagizlərlə oyunda rəqib qapısına bir dəqiq və ya qeyri dəqiq zərbə belə vura bilməyən yığmanın sərgilədiyi oyunu həzm etmək mümkün deyil. Hələ mən Lüksemburq qarşısındakı məzmunsuz oyunu demirəm. Etiraf edək ki, oyunlar ərəfəsində komandamızın heyəti ilə bağlı ciddi problem olmadığından uğursuzluqlara sığorta xarakterli bəhanələr axtarmağa dəyməz. Bu baxımdan yuxarıda da qeyd etdiyimiz kimi yalnız oyunçuların sərgilədiyi, daha doğrusu, sərgiləyə bilmədiyi oyunu və millinin çalışdırıcısı Berti Foqtsun oyunçu seçimlərini qabartmaq olar.

“Yığma həftəsi”ndən öncə çempionatda 17 günlük fasilə yaradan və oyunçuları məşq toplanışına dəvət edən alman mütəxəssisin dəvət göndərdiyi futbolçuların adını final mərhələsinin ilk turundan qabaq açıqlaması növbəti dəfə milli formanı geyməyi haqq edənlərin heç də hamısının Foqtsun sərəncamında olmayacağını göstərirdi.

Əcnəbi çalışdırıcı ölkə çempionatını izləmədiyindən bu dəfə “Qarabağ”lı Fərhad Vəliyevi, “İnter”dən Asif Məmmədovu, eləcə də “Neftçi”nin üzvləri Elvin Yunuszadə, Tərlan Quliyev, Cavid İmamverdiyev və Araz Abdullayevi milli komandadan kənarda qoydu. Xüsusən sonuncunun əsas yığmadan kənarda qalması geniş əks-səda doğurdu. Qış fasiləsindən sonra sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən, amma bununla belə, alman mütəxəssislə ulduzu barışmayan Abdullayev hazırda formasının zirvəsindədir. “Neftçi”nin üzvünü yığmadan kənarda qoyan və bu üzdən yerli futbol ictimaiyyətinin qınaq obyektinə çevrilən Berti Foqtsun “Abdullayev millidə test vermək istəmədi. Yığmada oynamaqdan imtina etdi” sözləri isə çoxlarının fikrini dolaşdırmağa yönəlmişdi. Yığmanın qapılarının flaqmanın üzvünün üzünə bağlanmasına daha bir səbəb kimi Arazın Avropa Liqasında az oynaması ilə əlaqələndirən Foqtsun bu açıqlaması da absurddur. Eyni məntiqlə Mahir Şükürov və Rəşad Sadiqov istisna olmaqla yığmanın son toplanışına çağrılan bütün futbolçuları millinin düşərgəsində olmamalı idi. Çünki “Neftçi”nin üzvlərindən başqa heç kim Avroliqada qrup mərhələsinin həyacanını yaşamamışdı. Seçim məsələsində Avropa kuboklarındakı performans əsas götürülürsə, o zaman “Rubin”in UEFA-ya göndərdiyi iştirak ərizəsində adı olmayan Ruslan Abışov niyə alman məşqçinin etimadını qazanıb? Üstəlik, qış fasiləsindən sonra “Neftçi”nin əsas simalarından birinə çevrilən və hazırda öz mövqeyinin ən yaxşısı olan Abdullayevdən fərqli olaraq nə “Bakı”lı Rauf Əliyev cari mövsümdə qol hesabını aça bilib, nə də onun komanda yoldaşı Kamran Ağayev debüt edib. Əslində isə İngiltərə “Everton”una Foqtsa yaxın menecerin Almaniyanın aşağı liqasında oynamaq təklifini geri çevirərək gedən gənc yarımmüdafiəçinin məhz bu üzdən əsas millidən kənarda qaldığı sirr deyil. Etiraf edək ki, yuxarıda adını sadaladığımız milli üzvləri ölkəmizin ən yaxşılarından olduğundan onların millidən kənarda qalması bizim üçün yaxşı heç nə vəd etmir. Amma bununla belə, Berti Foqts oyunçu seçimində ədalətli olmağa və Abdullayevə şans verməyə borcludur.

Razıyam ki, bu gün alman çalışdırıcını tənqid etmək daha asandır, nəinki meydana rəqiblərlə başabaş oynaya biləcək komanda çıxarmaq. Amma bütün bunlar legioner məşqçiyə nə vaxtaşırı Premyer-Liqaya hörmətsizlik nümayiş etdirmək, nə də yerli-yersiz ölkə klublarını və yerli məşqçiləri tənqid etmək haqqı verir. Görünən odur ki, Berti Foqts mütamadi olaraq “futbolçular yığmanın düşərgəsinə hazır gəlmir” deməklə özünü mümkün uğursuzluqlar öncəsi sığortalamağa çalışır. Klub məşqçilərinin ona yardım etmədiyini bildirən mütəxəssisin hər rəsmi oyun öncəsi uzun müddətli məşq toplanışı keçirməsinə və klubların hazırlıq planına mane olmasına millinin mənafeyi naminə göz yuman elita klublarından başqa kömək gözləməyə dəyməz. Bu toplanışların nəticəsində faktiki olaraq, heç bir uğura nail olmadıqda isə alman məşqçiyə söz deyən tapılmır. Niyəsi isə AFFA-da bu sahəyə cavabdeh olanların Berti Foqtsla eyni cəbhədə dayanmasıdır. Belə olmasa,  Lüksemburq yığmasına qalib gələ bilməyən, Portuqaliya ilə oyunda isə statistik göstəriciləri isə sıfırlardan ibarət olan millimizin baş məşqçisini istefaya çağıran azarkeşlər AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən Azərbaycan futbolundakı sabitliyi pozan qüvvələr kimi qiymətləndirilməzdi. Düzdür, Məmmədovun dediklərində həqiqət payı var. Nə də olsa, ölkə futbolunda sabitlik var. Milli komandamız Berti Foqtsun dönəminə qədər olduğu kimi, ötən beş ildə də yerində sayıb. 2008-ci ildə də FİFA-nın reytinq cədvəlində 116-cı olan seçməmiz indi də həmin pillədədir. Beş il bundan əvvəl də yer aldığımız qrupun autsayderi sayılırdıq, indi də. Ən əsas sabitlik isə odur ki, ən nikbin azarkeş belə Foqtslu yığmadan heç nə gözləmirdi və ötən beş ildə də iddiası dəyişməyib.

Son açıqlamasında xeyli sayda gənc oyunçunu milliyə dəvət etməyi son beş ilin uğuru kimi qələmə verən Berti Foqts bunun üçünmü yığmadadır? Axı bunu “Neftçi”də gənc futbolçulara forma geymək imkanı yaradan Böyükağa Hacıyev də, “Qarabağ”da əsasən yerlilərə bel bağlayan Qurban Qurbanov da, “İnter”də Asif Məmmədov və Samir Zərgərov kimi futbolçuları üzə çıxaran Kaxaber Tsxadadze də bacarır. Ən əsası da əvvəllər olduğu kimi, Foqts dönəmində də, heç bir yığmadan altı xal almağı bacarmamışıq. Əgər alman mütəxəsis onun zamanında Lixtenşteyndən alınan dörd xalla öyünürsə, çalışdırıcıya milli komandamızın ölkə çempionatının keçirilmədiyi dönəmdə də Serbiya və Çernoqoriyadan dörd xal aldığını xatırladan lazımdır. Elə hər qrup mərhələsində bir iddialı komandaya başağrısı olmağı da yerli məşqçilərlə bacarırdıq. Maraqlıdır, bəs hanı inkişaf?

 

P.S. Portuqaliya ilə ilk oyundan öncə Berti Foqts yığmamızın Portuqaliyaya futbol öyrənməyə gəldiyini demişdi. Artıq prineylilərlə iki oyun keçirmişik. Görəsən, yığmamız futbol oynamağı öyrəndimi? Nədənsə, heç inanmağım gəlmir.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər