Bir daha Avrokuboklar mövsümü haqqında

872

Məlum olduğu kimi, ötən həftə Avropa Liqasının qrup mərhələsinə yekun vuruldu. Bununla da, sözügedən turnirdə ölkəmizi təmsil edən Bakının “Neftçi” komandası cari mövsüm üçün avrokuboklardakı çıxışını başa çatdırdı. Xatırladaq ki, bu, ölkə klubları üçün sayca 17-ci avrokuboklar mövsümü oldu. İndi isə gəlin, artıq bizim üçün yekunlaşan avrokuboklar mövsümündə komandalarımızın çıxışına nəzər salaq.

 

“Mura”dına çatmayan “Bakı” 

 

Bildiyiniz kimi, ötən mövsümün nəticələrinə əsasən, Azərbaycanı ölkə çempionu “Neftçi” Çempionlar Liqasında, müvafiq olaraq gümüş və bürünc medalların sahibi “Xəzər-Lənkəran” və “İnter”, eləcə də ölkə kubokunun qalibi “Bakı” isə Avropa Liqasında təmsil etdi.

Beynəlxalq arenada ilk olaraq mübarizəyə ölkə kubokunun qalibi “Bakı” başladı. Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Mura” komandası ilə qarşılaşan paytaxtın eyniadlı komandası “ev”də qolsuz bərabərə qaldığı rəqibinə səfərdə 2:0 hesabı ilə yenilərək mübarizəni dayandırdı.

 

Yenə “Lex”

 

Avroliqada ilk təsnifat mərhələsindən mübarizəyə qoşulan “Xəzər-Lənkəran” isə hesabat turunda Estoniyanın  “Nomme Kalyu” kollektivi ilə qarşılaşdı. İlk matçı Lənkəranda keçirən “ağ-yaşıllar” rəqibin müqavimətini qıra bilmədi-2:2. Amma cənublular səfər meydançasında qələbə qazanmaqla mərhələ adlayan tərəf oldu. Estoniyadan 2:0 hesablı qələbə ilə dönən “Xəzər-Lənkəran” bununla tarixində ilk dəfə avrokuboklarda mərhələ adlamış oldu.

Avropa Liqasının ikinci mərhələsində isə “Xəzər-Lənkəran”ın rəqibi  Polşanın “Lex” komandası idi. İlk təsnifat mərhələsində olduğu kimi, bu dəfə də “Xəzər-Lənkəran” ilk qarşılaşmanı doğma publika qarşısında keçirdi. İlk mərhələdəki oyunla daha bir bənzərlik isə bu dəfə də Lənkərandakı oyunun heç-heçə yekunlaşması oldu. Fərq yalnız bunda idi ki, bu dəfə 1:1 bərabərlik qeydə alınmışdı. “Lex”lə Polşada keçirilən matç isə təmsilçimizin cari mövsüm üçün avropa kuboklarındakı sonuncu görüş oldu. Belə ki, Polşa klubuna 2:0 hesabı ilə yenilən “ağ-yaşıllar”  Avropa Liqası ilə ikinci təsnifat mərhələsində vidalaşdı.

 

Əzmkar oyun və təəssüflər

 

Püşk “Xəzər-Lənkəaran” kimi Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan Bakı “İnter”inə də Estoniya klubunu rəqib etmişdi. Kaxaber Tsadadzenin yetirmələri sözügedən ölkənin “Trans” komandası ilə qarşılaşmalı idi. İlk oyunda Estoniyadan 5:0 hesabı ilə qalib dönən “bankirlər”in növbəti mərhələyə yüksələcəyi böyük ölçüdə müəyyənləşmişdi. Məhz bunun nəticəsi idi ki, “İnter” ikinci matça optimal heyətlə çıxmamışdı. Amma bununla belə, doğma meydanda da qələbə qazanmaq mümkün olmuşdu. Məlumat üçün bildirək ki, oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı

“İnter”in Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibi isə Yunanıstanın “Asteras” klubu idi. İlk qarşılaşmanı doğma meydanda keçirən bakılılar rəqibi ilə sülh bağladı-1:1. Elə Yunanıstandakı cavab matçı da eyni hesabla yekunlaşdı. Matçın gedişində hesabda geri olan “İnter” əzmkar oyun nümayiş etdirərək son dəqiqələrdə hesabı bərabərləşdirdi. Bu səbəbdən cütün taleyini oyunsonrası penalti zərbələri müəyyənləşdirdi. Təəssüf ki, bu məqamda daha dəqiq oynayan “Asteras” 4:2 hesablı qələbəyə sevindi. “İnter” isə mübarizəni dayandırmalı oldu.

 

“Neftçi”dən tarixi uğur

 

Çempionlar Liqasındakı təmsilçimiz isə mübarizəyə ikinci təsnifat mərhələsindən başladı. Bu mərhələdə Gürcüstanın “Zestafoni” klubu ilə qarşılaşan flaqman “ev”də 3:0 hesabı ilə yendiyi rəqibi ilə səfərdə də uğurlu nəticə qazandı. “Zestafoni” ilə 2:2 hesabı ilə bərabərə qalan “ağ-qaralar” növbəti mərhələyə yüksəldi.

Ölkə çempionumuzun ən nifuzlu klub turnirinin üçüncü təsnifat mərhələsindəki  rəqibi isə İsrailin “Hapoel” (Şmona Kryat) kollektivi idi. Amma sözügedən komanda ilə qarşılaşmanın nəticəsi “xalq komandası” üçün heç də ürəkaçan olmadı. Belə ki, İsraildən 4:0 hesablı ağır yenilgi ilə dönən komandamız “ev”də də “Hapoel”ə qalib gələ bilmədi və 2:2 hesabı ilə yekunlaşan qarşılaşma təmsilçimizin Çempionlar Liqası ilə vidalaşması ilə nəticələndi. Ancaq bu qarşılaşma “ağ-qaralar” üçün avrokuboklarda sonuncu oyun olmadı. Belə ki, reqlamentə əsasən, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıran komandalar yoluna Avroliqada davam etməli idi və bu səbəbdən “Neftçi” avrokuboklar macərasını Avropa Liqasında davam etdirdi. Püşk Avroliqada komandamıza ötən il Çempionlar Liqasının 1/4 finalına qədər irəlləmiş Kipir APOELini rəqib seçmişdi. Püşkün nəticəsinə əsasən, ilk oyunu doğma meydanda keçirən flaqman Kipir klubu ilə sülh bağladı-1:1. Cavab matçında isə “ağ-qaralar” sözün əsl mənasında tarix yazdı. Belə ki, APOEL komandası ilə səfər qarşılaşmasında 3:1 hesabı ilə qələbə qazanan Böyükağa Hacıyevin yetirmələri  Azərbaycanın futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq  hüququ qazandı. Qrup mərhələsində “Neftçi”nin rəqibləri isə İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın ”Partizan” komandaları idi.

Qrup mərhələsinin ilk oyununda Serbiyada “Partizan”la qarşılaşan “Neftçi” səfərdən xalla döndü. Qolsuz bərabərliklə başa çatan qarşılaşmanın nəticəsi “ağ-qaralar”a qrup mərhələsinin ilk xalını qazandırdı.

“Neftçi” qrup mərhələsindəki ikinci oyununu isə doğma publika önündə İtlaiyanın məşhur “İnter” komandasına qarşı keçirdi. Amma təəssüf ki, oyun qonaqların 3:1-lik qələbəsi ilə yekunlaşdı və bu məğlubiyyət komandamızın “ev”dəki 13 illik məğlubiyyətsiz oyunlar seriyasına son qoydu. Xatırladaq ki, “İnter”in qapısından “Neftçi”nin yeganə qolunu flaqmanın çilili hücumçusu Nikolas Kanales keçirmişdi.

Flaqmanın sonrakı iki turda “Rubin”lə ardıcıl iki oyun keçirdi. Hər iki qarşılşamada minimal hesabla qalib gələn “Rubin” öncə Kazanda, ardınca isə Bakıda qələbəyə sevindi.

“Neftçi” qrup mərhələsində dördüncü oyunu isə “Partizan”a qarşı idi. Qrup mərhələsində ilk xalını serblərdən alan flaqman paytaxtda da “Partizan”dan xal qoparmağı bacardı. Oyunun əvvəlində Flavinyonun qolu ilə önə keçən “Neftçi” əfsus ki, qələbə hesabını qoruya bilmədi və matç 1:1 hesabı ilə yekunlaşdı.

Avropa Liqasının qrup mərhələsinin son turunda isə komandamız “İnter”lə İtaliyada qarşılaşdı.“Cüzeppe Meattsa” stadionunda keçirilən qarşılşma “Neftçi” üçün uğurlu nəticə ilə yadda qaldı. Belə ki, Böyükağa Hacıyevin komandası matçın gedişində iki dəfə hesabda geri düşsə də, sonda çətin İtaliya səəfərindən üzüağ qayıtmağı bacardı. Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandamıza bir xal gətirən qollara Rəşad Sadiqov və Nikolas Kanales imza atdı. Bununla da, qrup mərhələsində çıxışını başa vuran flaqman yer aldığı H qrupunu 3 xalla tamamladı.

 

32-ci pilləyə yüksəldik

 

Yeri gəlmişkən, qeyd edək ki, Avroliqanın qrup mərhələsinin son turunun ardından UEFA-nın 2008-2013-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Belə ki, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin səfərdə İtaliya “İnter”i ilə heç-heçə etməsi sayəsində mümkün olub – 2:2.
Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirdiyindən 2:2 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə – 3,000-ə çatıb.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,625-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord – 8,541 xal yığmağa imkan verib. Bu da Azərbaycan UEFA reytinqində irəliləməsinə şərait yaradıb. Belə ki, bu matçadək 33-cü olan ölkəmiz Finlandiyanı da arxada qoyaraq 33-cü pillədən 32-ciyə yüksəlib. Azərbaycanla yanaşı aşağı mövqelərdəki digər ölkələr də çıxışını başa vurduğundan mövsümü bu pillədə bitirəcəyimiz dəqiqləşib.

UEFA reytinqinin 4-cü onluğu

yer

Ölkə

reytinq

Qalıb/klub

31

Gürcüstan

9,166

0/4

32

Azərbaycan

8,541

0/4

33

Finlandiya

8,508

0/5

34

Bosniya-Herseqovina

7,833

0/4

 35

Moldova

7,666

0/4

36

İrlandiya

7,375

0/4

37

Litva

6,500

0/4

38

Qazaxıstan

5,958

0/4

39

Latviya

5,791

0/4

40

İslandiya

5,416

0/4

 

Onu da qeyd edək ki, hazırda Azərbaycan klubları 2012/13 mövsümündə UEFA-nın əmsallar cədvəlində 25-ci pilləyə şərikdir. Belə ki, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter” klublarının qitə kuboklarındakı çıxışı ölkəmizə 3,000 xal qazandırıb. Bununla da, Azərbaycan Macarıstan və Serbiya ilə birlikdə 25-27-ci yerlərə şərikdir. Belə ki, yalnız 24 ölkə təmsilçiləri daha yaxşı nəticə göstərib.

Məlumat üçün bildirək ki, qrup mərhələsindən 2 xaldan artıq yığması isə “Neftçi”nin öz işinə yarayıb. Belə ki, “ağ-qaralar” 3-cü heç-heçəsinə görə əlavə bir xal da qazanıb. Bir oyundan 1,050 xal toplayan çempion bununla da 21 pillə irəlləyərək “Qarabağ”a çatıb. Ölkəmizin 2 ən güclü komandası Avropada 226-cı yerə şərikdir.

 

yer

Klub

reytinq

226

“Neftçi”

5,708

226

“Qarabağ”

  5,70

267

      “Bakı”

3,958

291        “İnter”

3,458

318

“Xəzər-Lənkəran”

2,958

365

AZAL

1,95

365

“Simurq”

1,958

 

“Zəif” güclənib

 

Azərbaycan klublarının Avrokuboklardakı çıxışından danışarkən, beynəlxalq oyunlarda məşqçi kimi iştirak etmiş mütəxəsislərin də uğurunu qeyd etməliyik. Belə ki, son uğurların ardından dünyanın ən güclü klub məşqçilərinin siyahısında dörd yerli məşqçinin özünə yer tapdığını vurğulamalıyıq. Məlumat üçün bildirək ki, sözügedən siyahıda azərbaycanlı məşqçilər arasında ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Komandasını Avropa Liqasının qrup mərhələsinə daşımaqla Azərbaycan futbolunda tarix yazan mütəxəssis dünya reytinqində 580 xal toplayıb. Bu göstərici ilə “zəif” ləqəbli Hacıyev planetin 731-ci baş məşqçisidir. Maraqlıdır ki, Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov Azərbaycan çalışdırıcıları arasında 2-ci pilədədir. 365 xalı olan məşqçi 881-ci yerdə qərarlaşıb. Artıq istefaya göndərilən iki yerli çalışdırıcı Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov (“Bakı”) da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1073-cü (164 xal) və 1292-ci (38 xal) pilləni tutub. Avrokuboklarda mübarizə aparan digər komandamız “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze isə 917-ci pillədədir. Qeyd edək ki, gürcüstanlı mütəxəssis 316 xala malikdir.

 

Tural Məmmədov,  Xüsusi olaraq “Sumqayıtxəbər.com” saytı üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər