Birlikdən yaranan zəfər

554

Xalqımızın taleyində ağır, faciəli, dərd-qəmli günlər az olmayıb. Gah böyük imperiya dövlətləri, gah hər cür alçaq, insanlıqdan uzaq sifətlərə malik bəzi namərd qonşularımız əllərinə fürsət düşəndə qanımıza susayıb, ən acınacaqlısı isə kişilərlə, hərbçilərlə döyşməkdən çox, silahsız dinc sakinləri, qocaları, qız-gəlinləri, körpə uşaqları öldürməyə üstünlük veriblər. Ancaq tarix təqvimimiz təkcə qara rənglə boyanmayıb. Zəfər, qələbə dolu şanlı günlərimizin hesabına qırmızı naxışlar daha üstün gəlib. 2020-ci ildə təqvimimizi bəzəyən 44 günlük Vətən müharibəsinin ZƏFƏR rəngi kimi.

Bu günlərdə zəfər tariximizin başlandığı 27 sentyabrı bizə qalibiyyət sevinci yaşadan müqəddəs şəhidlərimizin Anım Günü kimi qeyd etdik. Ölkəmizin bütün ərazisində, dövlət idarələrində, istehsal müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında şəhidlərimizin ruhu yad edildi. Qazilərimizin igidliyindən söhbət açıldı. Qələbənin dövlət, ordu və xalq birliyi sayəsində mümkün olduğu bir daha xüsusi vurğulandı.

Bir anlıq yaxın tariximizə səyahət edək. Vaxtilə ağalarının müftə verdiyi silahlara, keçən əsrin sonlarında əldə etdiyi müvəqqəti uğurdan-20%ərazilərimizin işğalından, qurduqları beş və daha neçə qat müdafiə sədlərindən eyforiyaya uyan düşmən qan-qan deyir, daha yeni ərazilərimizi tutacağı, tanklarının Bakıyadək gələcəyi ilə hədələyir, tez-tez pozuculuq fəaliyyəti ilə məşğul olur, təxribatlar törədirdi. 2016-cı ilin aprel döyüşlərindən də nəticə çıxarmır, daha da aqressivləşirdi. Nəzərə almırdı ki, zaman xalqımızın xeyrinə işləyir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə iqtisadiyyat güclü şəkildə inkişaf etdirilir, ordumuzun ən müasir tələblər şəklində qurulmasına ciddi fikir verilir. Ən yeni silahlarla, digər avadanlıqlarla təhciz edilir. Ordunun döyüş qabiliyyəti təkmilləşdirilir. Xalqın rəhbərliyə, ordumuza, qələbəyə inam hissi maksimum səviyyəyə yüksəlir.

Törətdiyi təxribatlara görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, dinc durmayan düşmənə dəmir yumruğun zərbini daddırmağın vaxtı çatmışdı. Ali Baş Komandanın əmri ilə ordumuz torpağımızı, sərhədlərimizi yağı düşməndən təmizləmə əməliyyatına başladı.

İlk günlər düşmənin ciddi müqaviməti ilə üzləşsək və xeyli itki versək də, ruh yüksəkliyi, düşmənə nifrət və qələbəyə inam hissi elə həmin gün bir neçə yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatdı. Ehtiyac olmasa belə, mülki əhalinin böyük bir hissəsi, xüsusilə gənclər hərbi komisarlıqlara axışır, döyüşə getməyə can atırdı.

Haşiyə: Həmin vaxt Rusiyanın ermənipərəst televiziya kanallarından birində aparıcısı Solovyov qarşı tərəfin-erməni  gənclərinin vətənpərvərliyindən, qorxmadan döyüşmək ücün cəbhəyə getmək tələbi ilə hərbi komisarlığa müraciət etdiklərindən ağızdolusu danışırdı. Bunun sübutu kimi videolent nümayiş etdirirdi. Qəflətən onların əlində Azərbaycan bayrağını görən aparıcı pərt olur və dərhal kadrların nümayişini dayandırır.  Məlum olur ki, əslində Azərbaycan gənclərinin əməllərini digər tərəfin hərəkəti kimi qələmə vermək istəyirmiş. Qaş düzəltmək əvəzinə vurub gözü (təbii ki, ermənilərin gözünü) çıxarmışdı.

Həmin ərəfədə bir maraqlı məqam da diqqəti çəkirdi. Dövlətimiz ordumuzun bütün sahələrdə təminatını yüksək səviyyədə həyata keçirsə də, heç bir zabit və əsgərin nəyəsə ehtiyacı olmasa da, xalqımız döyüşçülərimizə yardım etmək üçün sanki yarışa çıxmışdı. Kimin nəyi vardısa, cəbhəyə göndərmək istəyirdi. Məhz bu dövlət, ordu, xalq birliyinin nəticəsidir ki, dünya hərb tarixinə unikal bir döyüş taktikası ilə parlaq ZƏFƏR salnaməsi yazdıq. Möhtərəm Prezidentimiz, qələbəmizin baş memarı İ.Əliyev sentyabrın 27-də Füzuli rayonunda səfərdə olarkən Anım Günü münasibətilə çıxışında da bu barədə demişdir: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.

Düşmən yenə də dinc oturmaq istəmir. Revanşa can atır. Ona yalverənlərə arxalanaraq tez-tez təxribata cəhd edir. Əvvəlki dərslərdən nəticə çıxara bilmir. Nəzərə almır ki, “dəmir yumruq yerindədir” (İ.Əliyev). Yenə də Prezidentimiz xəbərdarlıq edir. Çanağan öz başlarında çatlayacağını xatırladır: “… biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Biz də inanırıq ki, şəhidlərimizin pak qanı hesabına yağı tapdağından təmizlənən torpağımız, müstəqil ölkəmiz dövlət başçısından adi vətəndaşına, generalından tutmuş əsgərinə qədər hamımızın birliyi ilə qazanılan şanlı ZƏFƏRimiz elə həmin birliyin sayəsində də əbədi olacaq.

Şəhidlərimizin ruhu qarşısında, qazilərimiz önündə baş əyirik.

Fazil Ellazov, Əməkdar müəllim, Təbiət elmləri təmayüllü gimnaziyanın müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər