Biz bu gün qalib xalq kimi yaşayırıq!

694

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edərək 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Prezidentİlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərək bir sıra mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.

Komando qüvvələri ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək üçün bütün imkanlara malikdir.

Qeyd edək ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdi. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Ölkə başçısı dəfələrlə çıxışında vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.  Bunun nəticəsidir ki, ötən illər ərzində işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Prezident İlham Əliyev çıxışında bir daha vuröuladı ki, haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.

Son 18 il ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı müstəqilliyimizi təmin etdi və sözsüz ki, bu Qələbəmizi yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı. Eyni zamanda gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görüldü. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

Azərbaycan Ordusu düşməni diz çökdürdü

Dövlətimizin başçısı bildirdi ki, vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.

Müzəffər Ordumuzun qarşısında çıxış edən Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi yaşayırlar

Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik;

İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə yanaşı ordu quruculuğu istiqamətində də mühüm işlər görülür. Qısa müddət ərzində bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Ölkə başçısı bəyan etdi ki, müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq.

Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacağını vurğulayan Ali Baş Komandan bildirdi ki, müharibədən sonra Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək.

Prezident İlham Əliyev çıxışında Ermənistanakı revanşist qüvvələrə də mühüm mesajlar verdi. Bildirdi ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.

Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.

Cənab Prezident çıxışının sonunda bir daha vurğuladı ki, Qarabağ Azərbaycandır! “Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman azərbaycan torpağı olub-işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!

 Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi, Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər