Biz deputatlarımızdan razıyıqmı?

974

Son vaxtlar bir qayda olaraq hansısa regionun inkişafını oradan seçilən millət vəkillərinin fəaliyyəti ilə ölçmək dəb halını alıb. Bir fikir verin, paytaxtın Əzizbəyov rayonu son 4 ildə necə də inkişaf edib, abadlaşıb. Nə qədər yeni obyektlər, xüsusən də yeni iş yerləri istifadəyə verilib. Bütün bunlarda həmin rayondan seçilmiş millət vəkilinin – Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz rolu var. Və yaxud, dinamik inkişafda olan Tovuz rayonunda aparılan müsbət məcralı işlərdə həmin rayondan mandat almış Qənirə Paşayevanın xidmətləri danılmazdır.
Bəs bizim doğma şəhərimizin sakinləri necə, öz millət vəkilləri ilə fəxr edə bilərlərmi? Xatırlayırsınızsa, 4 il öncə Sumqayıtdan 3 nəfər millət vəkili seçilmişdi: – 2 biznesmen (“Avropa qapıları” şirkətinin sahibi Baba Tağıyev və Sumqayıt Ticarət Mərkəzinin sahibi Nizami İsgəndərov) və 1 müxalifətçi (“Azərikimya” prezidenti Fikrət Sadıqovun həbsi ilə bağlı şahlıq quşu müsavatçı İkram İsrafilovun başına qonmuşdu). Növbəti ildə boş qalan bir kürsüyə isə “Azərikimya”nın yeni prezidenti Məcid Kərimov yiyələnmişdi.
Sualın cavabına keçməmişdən öncə bir məlumatı diqqətinizə çatdırmaq istəyərdik.
Bu arada Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Seçicilərin seçkilərə və millət vəkillərinə münasibətlərini araşdırmaq üçün sorğu keçirib. 122 seçki dairəsindəki 258 məntəqədə keçirilən sorğunun nəticələrini sizlərə təqdim edirik:
Sorğu 41 şəhərdə, 51 qəsəbədə və 40 kənddə keçirilib. Mərkəzin rəhbəri Anar Məmmədli bildirir ki, sorğuya cəlb edilən seçki məntəqələri təsadüfi seçim – püşkatma yolu ilə müəyyən edilib: “Bu məqsədlə 122 seçki dairəsi üzrə mövcud olan seçki məntəqələrinin siyahısı üzrə püşkatma keçirilib. Müəyyən edilmiş hər bir seçki məntəqəsinin hüdudları daxilində ən azı 4 nəfər seçiciyə anket sorğusunda iştirak etmək təklif edilib”.
Məlumat verilib ki, sorğuda iştirak edənlərin 59,2 faizi kişi, 40,8 faizi qadınlardır. Sorğunun nəticələri göstərir ki, respondentlərdən böyük əksəriyyəti natamam ali və ya ali təhsili olmayan şəxslərdir. Ümumilikdə isə respondentlər arasında işsizlərin sayı çoxluq təşkil edir.
Respondentlərin 53 faizi bütün seçkilərdə iştirak etdiyini, 14 faizi isə seçkilərdə iştirak etmədiyini bildirib. 52 faiz qarşıdan gələn parlament seçkilərinə qatılacaqlarını deyib.
Parlament seçkilərində mütəmadi iştirak edənlərin 68 faizi bunu vətəndaşlıq borcu sayır: “Son parlament seçkisində sizin dairəni hazırda təmsil edən millət vəkilinə səs vermisinizmi?” sualına 45,9 faiz müsbət, 46,4 faizi mənfi cavab verib, 7,7 faiz cavab verməkdən imtina edib. “Sizin seçki dairəsindən olan millət vəkilinin ötən müddət ərzində olan fəaliyyətini necə qiymətləndirirsiniz?” sualının cavabında 32,3 faiz “heç bir iş görməyib” deyir. 26,7 faiz hesab edir ki, onun deputatı vədlərini yerinə yetirib. 6,5 faiz respondentin fikrincə isə, həmin millət vəkili öz statusundan sui-istifadə edib. Cavab vermək istəməyənlərin faizi də kifayət qədər böyükdür – 17,8 faiz.
Nəticələrin təhlili göstərib ki, seçicilər onların dairələrindən deputat mandatı almış şəxslərin fəaliyyətindən razı deyil.
Rəyi soruşulanların əksəriyyətinin fikrincə, fəal millət vəkili parlamentdə seçicilərinin problemlərini qaldıranlar (64,1 faiz), seçici ilə daim ünsiyyətdə olanlar (64,1 faiz), qanun qəbul edilməsində iştirakçı olanlar (39,7 faiz), platformasına uyğun çalışanlardır (32,7 faiz). Seçicilərin 33,4 faizi öz millət vəkili ilə əlaqə saxlaya bilmir. 60,8 faiz respondent isə onun yaşadığı ərazidən olan deputatı, ümumiyyətlə, tanımır. Seçicilərin 73 faizi onu narahat edən məsələ ilə bağlı öz deputatına müraciət etməyib. Yalnız 15 faiz bunu edib ki, onların da 40 faizi problemin həll olunduğunu, 41 faizi isə həll olunmadığını və heç bir münasibət bildirilmədiyini deyir. 29,8 faiz seçici isə “Yaşadığınız bölgənin problemlərinin həllində hansı strukturların rolunu əhəmiyyətli hesab edirsiniz?” sualına cavab verərkən əksəriyyəti Nazirlər Kabinetinin, icra hakimiyyətlərinin və bələdiyyələrin rolunun çox olduğunu deyib.
Bu sorğu nəticələrini elə Sumqayıta da şamil etmək olar. Biz də özlüyümüzdə şəhər sakinlərini – abunəçilərimiz arasında sorğu keçirərək “Siz öz deputatlarınızdan razısınızmı?” – sualına cavab axtardıq. Maraqlıdır ki, 43 və 44-cü dairənin seçiciləri öz deputatlarının – Baba Tağıyevlə Məcid Kərimovun üzünü belə görməyiblər. 42-ci dairənin seçiciləri təzə-təzə Nizami İsgəndərovu görə bilirdilərsə, indi onların da “öz deputatlarının qəbuluna düşmək” problemi yaranıb. Yalnız 41-ci dairənin seçiciləri bu cəhətdən əsil bəxtləri gətirmişlərdir. Belə ki, İkram İsrafilovu daim seçicilərinin arasında görmək olar. Ancaq o da müxalifətçi olduğundan icra strukturlarına təsir etmək rıçaqına malik deyil. Bu üzdən də onun problem həll etmək göstəricisi çox aşağıdır. Bununla belə, ən azından Sumqayıtla bağlı çox vacib məsələləri parlament zalında səsləndirməklə İkram İsrafilov müsbət iş görə bilir.
Gələn il növbəti dəfə seçki ilidir. Görəsən bu dəfə Sumqayıtın 4 mandatına kimlər sahib çıxacaqlar? Kaş ki, heç olmasa bu dəfə bəxtimiz gətirəydi.
Elşən Allahverdiyev/168 saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər