BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlıdır

1182

BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons ilə görüşündə deyib.

Nazir Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış və regionda inkişafa və sabitliyə təkan verən “Əsrin müqaviləsi” bunun əyani göstəricisidir. BP-nin Azərbaycanda və regionda həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” layihələri vaxtında və uğurla həyata keçirilib və bu layihələrdən ölkəmiz böyük mənfəət əldə edib. Şahin Mustafayev bu layihələrin Azərbaycanın Avropanın enerji təminatında rolunu əhəmiyyətli dərəcədə artırdığını qeyd edib. Neft gəlirləri, o cümlədən BP ilə birgə reallaşdırılan layihələr hesabına əldə olunan vəsait Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunun və insan kapitalının inkişafına yönəldilib, sosial layihələr həyata keçirilib.

BP-nin podratçısı olan şirkətlərdən birinin Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən Şahin Mustafayev yaradılmış əlverişli şərait və görülən işlərlə yaxından tanış olması üçün Qəri Consu SKSP-yə dəvət edib. İqtisadiyyat naziri SKSP-də görülən işlər, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə məlumat verib, mərkəzin 2018-ci ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirilib ki, BP tələb olunan ixtisaslı kadrların hazırlanması üçün Peşə Tədris Mərkəzinə sifarişlər verə bilər. Bundan başqa, BP-nin sənaye sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə əməkdaşlığının genişləndirilməsi məqsədəuyğundur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons diqqətə çatdırıb ki, BP uzun müddətdir Azərbaycanla uğurlu əməkdaşlıq edir. Bu müddət ərzində Azərbaycan inkişaf edib və regiondakı rolu yüksəlib. Qəri Cons Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının hazırda da uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu bildirib. BP-də çalışan işçilərin 90 faizinin yerli kadrlar olduğunu qeyd edən şirkət təmsilçisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif sahələrdə, eləcə də sənaye sektoru üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir şərait yaradıldığını, bunun gələcəkdə də yüksək səviyyəli kadr hazırlığında önəmli olacağını qeyd edib. Qəri Cons BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verib, şirkətin neft-qaz sahəsi ilə yanaşı, Azərbaycanda həyata keçirilən müxtəlif sosial layihələrdə iştirakını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-BP əməkdaşlığının gələcək perspektivlərinə, həyata keçirilən enerji layihələrinə, eləcə də dünya enerji bazarındakı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər