Bundan sonra evakuasiyanı polis etməyəcək - Yenilik

1317

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Fərmana əsasən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xeyli genişləndirilib.

Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad Hüseynov fərmanda qeyd olunan yenilikləri “Qafqazinfo”ya şərh edib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələri məsələləri yanlış şərh ediblər: “Söhbət ondan gedir ki, bir neçə istiqamətdə Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili məsələsində, polislə səlahiyyət bölgüsü məsələsində bir sıra yeniliklər var. Belə ki, yalnız Bakı şəhərinin küçələrində dayanma, durma, parklanma qaydalarını pozan, evakuasiya edilməli olan avtomobilləri Bakı Nəqliyyat Agentliyi cərimə meydançasına aparacaq. Əslində isə, cərimə meydançaları agentliyin tərkibinə verilmir. Çünki cərimə meydançalarına avtomobillər başqa səbəblərə görə də aparılır. Məsələn, sürücü sərxoş olanda, sürücülük hüququ olmayanda, cərimələri  gecikdirəndə və.s. Bu məsələlər yenə polisin səlahiyyətində qalır.

 Dayanma, durma, parklanma qaydalarını pozan sürücülərə cərimənin də yazılması da Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib.  Cərimə meydançalarıyla bağlı daxil olan vəsaitlərin bölgü məsələsi isə sonra müəyyən olunacaq. Hələ ki, fərmanda bu  məsələ qeyd olunmayıb. Saxlanc pulları da elə böyük məbləğ deyil. Bir günə görə 1 manatdır. Onlar da heç elektrik xərclərinin ödənilməsinə bəs etmir. Üstəgəl, cərimə meydançasına aparılan avtomobilin sürücüsü 1 saatdan sonra gəlib onu götürür. Buna görə də saxlanc pulu ödənilmir.

İkinci istiqamət isə, “Baku Bus” BNA-nın tərkibinə verilir. Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın. Çünki  ictimai nəqliyyatda iki əsas istiqamətdə ciddi problemlər var.  Biri sürücü kontingentinin zəif olması, digəri isə avtobus parkının zəif olması ilə bağlıdır. Bu saat hamı avtobuslarda kondisionerin olmamasından şikayətlənir. Kondisionerli avtobusu alıb Bakıya gətimək daşımalarla məşğul olan sahibkarların imkanı xaricindədir. Çünki həmin avtobusların qiyməti 200 min manat civarındadır. Bu isə rentabelli deyil. Bunu ancaq dövlət edə bilər. Dövlətin siyasəti odur ki, problemləri həll etməkdə iştirak etsin. Buna görə də, böyük ehtimalla Bakıya yaxın vaxtlarda “Baku Bus” avtobuslarına oxşar yeni avtobuslar gələcək.

3-cü ana xətt odur ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları artıq ləğv olunur. İndiyə qədər qanunda belə idi ki, nişan, svetafor, nişanlanma xəttinin  təşkili ilə bağlı  Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları qərar qəbul edirdi və onu  polis icra edirdi. Artıq bütün rayonlada, o cümlədən,  Bakıda da Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları yoxdur.  O işlərlə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi, bölgələrdə isə yol polisi məşğul olacaq. Sadəcə formal olaraq o komissiya qalır. Çünki o komissiyasının başqa funksiyaları da qalır.  Yol strategiyasının müəyyən olunmasında, qanunvericiliyin təkmilləşməsində iştirak edir. Bundan əlavə,  Bakı Nəqliyyat Agentliyinə  tapşırılıb ki, Bakı şəhərində taksi sürücüləri, avtobuslar,  taksilər üçün, avtobus sahibləri, taksi sahibləri ilə bağlı tələbləri müəyyən etsin. Üstəgəl, Bakı Nəqliyyat Agentliyinə səlahiyyət verilib ki, taksilər üçün kvota müəyyən etsin. Məsələn, Bakıda müəyyən oluna bilər ki, cəmi 7000 taksi olsun. Bu məsələ gələcəyin işidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər