Menu
Geri İrəli

Əyri güzgülər ölkəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2009 • Baxış sayı: 531 dəfə • 2 şərh

Xanlar XOCA

Mətbuatı cəmiyyətin güzgüsü adlandırırlar. Çünki mətbuat cəmiyyətdə baş verənləri güzgü kimi əks etdirir. Əyri güzgü cəmiyyəti olduğu kimi göstərə bilməz, gərək güzgü də normaya uyğun ola. Azərbaycanda kütləvi informasiya vasitələrinin bütün növləri fəaliyyət göstərir. Amma çox az bir qismi obyektiv və vicdanlıdır, baxmayaraq ki, arasında ən vicdansızı da özünə vicdanlı deyir. Mətbuatı, televiziyanı və digər elektron informasiya vasitələrini öz şəxsi təsərrüfatı kimi işlədənlər kifayət qədərdir bu gün. Jurnalist qurumları da maşallah o qədər çoxdur ki, heç bilmirsən hansının adını çəkəsən. Amma bunların hansısa jurnalistin fəaliyyətinə, həyat tərzinin yaxşılaşmasına xeyri yoxdur.

Mətbuat Şurası hələ ki, reket qəzetlərin siyahısını hazırlayır. Halbuki jurnalistlərin iş şəraiti ilə də maraqlanmaq olardı. Bilirəm indi bəziləri deyəcəklər bunun üçün Əmək Müfəttişliyi var, amma həmin Əmək Müfəttişliyi bu işə qarışanda hər şey başqa cür yozulacaq. Reket qəzetlər reketlik edib pul alır, bunu başa düşdük, amma bəzi televiziyalar da hansısa çəkiliş üçün pul istəyir və bu heç bir yerdə qeyd edilmir, vergi ödənilmir, amma ona reket televiziyası deyilmir. Bunu guya heç kim bilmir bu ölkədə? Fəqət bir gün Vergilər Nazirliyi həmin televiziyada yoxlamaya başlasa Sarkozi də bir bəyanat verəcək ki, “Azərbaycanda televiziyanı, söz azadlığını boğdular”. Halbuki həmin televiziyaların söz azadlığına heç bir dəxli yoxdur əngəl olmaqdan başqa. Bizim “siyasi məhbus” siyahısı biznesi olan bəzi hüquq müdafiəçilərimiz də başlayacaqlar bundan istifadə edib yeni layihələr yazıb pul qazanmağa.

Əvvəl bir-birimizi Kremllə qorxudurduq, indi də Avropa Şurası ilə. Bir hadisə baş verəndə də məhkəmə qapısını döyüb demirlər ki, qapını açın, bizim içəri keçmək hüququmuz var, “deyirlər qapını açın, Avropanın, Amerikanın adamları gəlib”. Belə yerdə adamın yadına lap “Qurbanəli bəy” hekayəsi düşür. Mətbuat isə susur. Mətbuatın başı siyasətə qarışıb, amma bu qədər siyasi yazının içində biri də mükafat almır. Hətta “Media Açarı” mükafatında da bu il siyasi yazılara görə mükafat nəzərdə tutulmamışdı. Mükafat alanların da qazancı məlumdur. Biri təbrik edir, o biri veto qoyur. Biri deyir “məni səhv başa düşdüz”, o biri deyir, “kimsə artıq söz danışıb”. Mükafatın azaldılmasını fərqlənən jurnalistlərin özlərinə xərclərin artması ilə, mətbuata isə vergi tutulması ilə izah edirlər. Əgər bu vergi söhbəti var idisə onda niyə əvvəldən həmin vergi məbləği hesablanıb yerdə qalan məbləğ elan edilmirdi? Azərbaycanda nə vaxtdan dollar rəsmi pul vahidi olub ki, mükafatı da onunla verməyi nəzərdə tuturlarmış?
Bunlar cəhənnəm, ən gülünc vəziyyət “Azadlıq” qəzetinin əməkdaşı Arzu Abdulla məhkəməyə müraciət etmək üçün vəkil axtaranda yaşanıb. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı jurnalistə bildirib ki, “biz ancaq iqtidarla mübarizə aparan jurnalistlərə kömək edirik”. Yəni ki, bir-birinizlə deyil, gedin iqtidarla mübarizə aparın. Bu isə artıq siyasi mübarizə anlamına gəlir və deməli belə aydın olur ki, ədaləti müdafiə etməli olan hüquqşünaslar da siyasi mübarizə aparırlar. Media Hüququ institutu deməli hakimiyyətlə mübarizəni qarşıya məqsəd qoyub. Bu fikrin həmin İnstitutun Nizamnaməsində hansı formada əks olunduğunu bilməsəm də, məncə adına Media Hüququ deyilən bir təşkilat həmişə jurnalistlərin yanında olmalı, onların mübarizəsinə dəstək verməlidir. Bir də axı burda problem jurnalistlərin öz aralarında deyil, jurnalistlə onun haqqını tapdaladığını güman etdiyi jurnalist qurumu, yəni fiziki şəxlə hüquqi şəxs arasındadır. Yəqin belə şeylərə görə qrant ayırmırlar. Amma jurnalist iqtidara qarşı deyil, haqsızlığa, bütün cəmiyyətdəki eybəcərliklərə qarşı müxalifətdə olmalıdır. Hüquqşünas təkcə iqtidarla mübarizə aparan jurnalisti deyil, haqsızlığa məruz qalan istənilən vətəndaşı müdafiə etməlidir, ən adi bir məsləhətlə də olsa öz köməyini əsirgəməməlidir. əgər əsirgəyəcəksə onda onun haqsızlıq edən məmurdan daha fərqi nə oldu?

Mətbuat sahəsində yaşanan son hadisələr bütövlükdə Azərbaycan cəmiyyətində hələ də anti-demokratik ab-havanın hökm sürdüyünü sübut edir. Bütün cəmiyyət Aynur Elgünəş, Arzu Abdulla kimi olsa onda həqiqətən demokratiyadan danışmaq olardı. Amma Azərbaycan bu gün əyri güzgülər ölkəsidir və ona görə də hələ bu xanımların səsi zəif eşidilir. Onlara çox az adam dəstək verir. Bu xanımların haqqını tapdalayan isə hansısa nazir deyil. Bax ən pisi də elə budur.

YAZARIN DİGƏR YAZILARI
Sevgililər günü

Ad günü

Sevgililər günü

Facebook Şərhləndirmə:

“Əyri güzgülər ölkəsi” yazısına 2 cavab

Şərhinizi yazın