Menu
Geri İrəli

Sumqayıtlı məktəbli dostların unudulmuş fədakarlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2013 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

Layihə: “Olanlar” 

 23 il əvvəl – 1990-cı ilin yayında Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan yaşıdları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular.

1 (1)

Onlar bir məhəllədə böyümüşdülər və eyni – 12 N-li məktəbdə oxuyurdular. İmtahanları yenicə başa verib, məktəb qayğılarından qurtararaq, istirahət etmək, lap yaxınında yaşadıqları, evlərindəm baxarkən mavi-dalğalı panoramı ilə aydın görünərək göz oxşayan və yayın qızmarında adamı özünə daha çox cəlb edən Xəzərin qoynunda dincəlmək, artıq arxada qalmış dərs ilinin yorgunluğunu unutmaq istəyirdilər.

O gün dənizin bir qədər “şıltaq”, dalğalı olmasına baxmayaraq, şəhərin 1-ci məhəlləsindən olan bu boy-buxunlu məktəbli dostlar – Müşfiq, Nəriman və Məlik, bir də son anda dostların dəstəsinə qoşulan, onlardan yaşca kiçik olan Oqtay bir-neçə il əvvəl dənizin içərisinə doğru salınmış, “damba” kimi tanınan bəndin yaxınlığında, o qədər də dərin olmayan bir yerdə sevinc-fərəhlə mavi sulara atılmışdılar. Lakin bir müddət sonra hava qəflətən dəyişmiş, şiddətli küləyin təsirindən dalğalar güclənərək şahə qalxmağa başlamışdı. Dənizdə qopan tufan bir andaca suları coşduraraq, dalğaları sürətlə sahilə çırpır və eyni sürətlə də geriyə, dərinliklərə doğru sovururdu. Dənizin sahilində və bəndin üstündə olan adamlar qışqırışa­raq, gəncləri dərhal sahilə çıxmağa çağırır, onları dalğaların əlindən qurtarmağa çalışırdılar. Sahilə daha yaxın olan Oqtay birtəhər canını qurtarsa da, Müşfiqlə Nəriman dənizin bir qədər dərin yerində dalğalar arasında çırpınan dostları Məliyi xilas etmək üçün həyatlarını təhlükə qarçısında qoyaraq, özlərini çox çətinliklə Məliyə yetirib, onu nöbbəti dalğa ilə birlikdə sahilə tərəf itələdilər. Qorxu-təlaç içərisində uşaqlara kömək etməyə çalışan ətrafdakı adamlar artıq huşunu itirərək, boğulmaqda olan Məlıyi balıqçılardan birinin iri qarmaqlı tilovunun vasitəsilə dalğaların əlindən alaraq, sahilə çıxarda bildilər. Ona ilk yardım göstərərək, həyata qaytara bilsələr də, fırtınalı dənizin qoynunda bir-birindən aralı düşərək, sərt dalğalarla çarpışan və birdən  görünməz olan Müşfiq və Nərimana çox təəssüf ki, heç bir kömək edə bilmədilər. Bir müddət sonra dalğalar ailənin yeganə oğul övladı olan Nərimanı artıq cansız, ölmüş halda sahilə atdı. Şəhərin yaxşı üzgüçülük bacarığına və bir idmançi kimi möhkəm fiziki hazırlığa malik baş memarı Rza Rzayevin fədakarcasına, dönə-dönə dənizin dərinliklərinə baş vurnası və hadisə yerinə gecikmiş dalğıcların gecə yarısınadək davam edən axtarışları heç bir nəticə vermədi.

Faciəli hadisədən xəbər tutan Sumqayıt şəhər İcraiyyə Komitəsinin o zamankı sədri Rasim Eminbəylinin bilavasitə təşəbbüsü və xahişi üzrə ertəsi gün səhər tezdən Zabratdan havaya vertolyot qaldırıldı, “Azneft”in o vaxtkı rəhbəri Neftçi Qurban isə  geniş akvatoriya üzrə axtarışlar aparmaq üçün Xəzərin Sumqayıt sahilinə xüsusi kater göndərdi. Lakin bütün axtarış tədbirləri nəticəsiz oldu. Yalnız bir-neçə gündən sonra Müşfiqin – öz həyatını düşünmədən dostunu ölümdən xilas etməyə çalışmış məktəbli gəncin cəsədi hadisə yerindən bir-neçə kilometr aralıda, dənizin şimal hissəsində tapıldı.

Çöx təəssüf ki, şəhərin o zamankı Komsomol komitəsi nə faciə baş verən gün, nə də sonralar bu gənclərin faciəli taleyi ilə maraqlanmadı (hadisə haqqında onlar həmin günlərdə “Vışka” və şəhər qəzeti olan “Kommunist Sumqaita” qəzetlərindən məlumat almamış deyildilər). Halbuki 16 yaşlı həmin məktəbli gənclər – Müşfiq İsgəndərov və Nəriman Rzayev qəhrəmanlığa bərabər bir fədakarlıq göstərmişdilər və onların hər ikisi dövlət təltifinə (məsələn, müvafiq medala – təəssüf ki, ölümlərindən sonra) təqdim olunmağa layiq idilər.

11 iyul 1990-cı ildə baş vermiş həmin hadisə yalnız bədbəxt hadisə yox, həm də insanlıq və dostluğa sədaqət, qorxmazlıq və cəsurluq, mərdlik sınağı idi. Müşfiq və Nəriman, ölümləri bahasına da olsa, bu ağır sınaqdan mərdliklə çıxa bilmişdilər. Yaxşı olardı ki, onların xatirəsi heç olmasa oxuduqları 12 N-li məktəbdə, həmçinin Sumqayıt Şəhər Gənclər və İdman İdarəsində hər il anılsın, öz həyatları bahasına dostlarını xilas etmək üçün göstərdikləri fədakarlıq unudulmasın.

Rəhman ORXAN, lent.az

2

sum-mek

sum-mektebli

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın