Menu
Geri İrəli

40 ilin yolçuları, daş atan uşaqlar, şəhərə buraxılmayan “son nəfəs” : BAKI – SUMQAYIT QATARINDAN REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2013 • Baxış sayı: 847 dəfə • Şərh yoxdur
Share Button

“Son nəfəsidir, nəyi gözləyirlər? Yolda ölsün?”
Bakı – Sumqayıt elektrik qatarındayıq. Saat 18:40-da “8-ci kilometr” stansiyasından mindiyimiz qatardan, bir də Sumqayıtda düşəcəyik; bir saat sonra. İllərdir dəyişməyən qrafikinə sadiqdir, bu qatar. Düzdür, hərdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun da qrafikinə əl gəzdirməli olur. Amma elə bir əhəmiyyət daşımır bu dəyişiklik…

Vur-tut 3 vaqonu olan bu qatar gündə iki dəfə yorğun-yorğun Bakıdan Sumqayıta və Sumqayıtdan Bakıya hərəkət edir. Düz 40 ildir. Elə oturacaqları, şəkildə gördüyünüz tualeti də onun köhnəliyindən xəbər verir. Bu 40 ildə bu qatarda sanki heç nə dəyişməyib.

Qatarın sərnişinləri ə sanki bir-birilərini 40 ildir tanıyırlar. Hər gün səhər Bakıya onunla gəlməsələr də, onunla qayıdır burdakıların çoxu.

Sumqayıtdan yeddiyə on dəqiqə işləmiş çıxan qatarın qrafiki “Gənclik şəhəri”ndə yaşayanları heç qane etmir. “Səhərin bu vaxtı heç sərf eləmir bizə.  Nəyə gərəkdir? İstəyirik əvvəlki vaxtında, saat doqquzun yarısı çıxsın Sumqayıtdan. Gəlib işimizə çataq, yeddiyə işləmiş nə işimiz var bizim?! Saat 7-də Bakıya çatıb nə edək?” . Bunu Ağa dayı deyir. Hər gün bu yolun yolçusu olan Ağa dayı onu da deyir ki, sumqayıtlılar “dəmir yolu nazirliyinə” Allah bilir neçə məktub yazıblar ki, qatarın qrafikini dəyişsin.  Amma məktuba cavab verən yoxdur. Söhbətə qoşulan İslam isə deyir ki, qatar Sumqayıtdan saat 9-un yarısı tərpənsə, Bakıya dolu gedəcək. “Dövlətə də xeyirdir axı?”.

Dünyada bəlkə yeganə qatardı ki, pəncərəsini açıq saxlamaq üçün… şüşə butulkalardan istifadə edirlər. Bir azdan bu butulkalara da ehtiyac olmayacaq. Hələ havalar istidi, soyuqlar düşən kimi isə odeyalla işə düşəcək.

Dilbər Xəlilova 20 ildir bu qatardan istifadə edir. Deyir ki, “istifadə etdiyim ən sevimli nəqliyyatdır. Çalışıram tez-tez bununla gedim”. Dilarə xanım deyir ki, bu qatardakıların hamısı bir-birini tanıyır. “Əvvəllər bu qatarda şer məclisi olurdu, cavanlar meyxana deyirdilər, deyib-gülə mənzil başına çatırdıq. Amma indi camaatı elə bil qaramat basıb. Hamı fikirlidi, elə bil yas batıblar, çıxa bilmirlər”.

Bu qatarı Bakının mərkəzinə qoymurlar, Dəmiryolu Vağzalına yəni. “İcazə vermirlər  “28″ə getsin. Adını da qoyublar ki, qatar köhnədir. Köhnədi, təzələyin. Ora getsə yaxşı olar. Çox adama sərf edər. Şəhərin mərkəzidir”.

Tahirə xanım qatarın “satıcısı”dır. Hə, neçə ildir bu qatarda şirniyyat, “semiçka” satır. Uşaqların sevimlisidir bu qadın. Tumdan tutmuş, şirniyyatlara, şirələrə qədər çantasında yeməli – içməli çox şey olur. Çörək pulunu elə bu nemətlərdən çıxarır. Deyir ki, “18 ildir burdayam. Çörək pulunu çıxarırıq, hərdən 2-3 manat qalır”.  Bir stəkan tum alıb “bazar olsun” deyirik.

Afər Pənahov isə qatarda bilet pulu yığır. Bu qatarda biletin qiyməti də maraqlıdı: stansiyalararası 20 qəpik, şəhərlər arası 30 qəpik. 21 ildir elə bu qatarda çalışır. Deyir ki, elə sərnişin olur, pulu olmur, biz də ona hörmət edirik. “Neyləyək, qatardan düşürəsi deyilik ki?”.

Qatarı aparan elektrovozun qabaq şüşələri sınıq idi. Səbəbini maşinistdən soruşuruq. Mayis Məmmədov 10 ildir maşinist işləyir. Dediyinə görəqatarın şüşələrini də yolun kənarındakı uşaqlar sındırır. Balaca, 10-15 yaşlı uşaqlar. “Nə bilim ay oğul, daşlayırlar da? (Gülür) Hər stansiyada olur. Məktəbə gedən, yolda oynayan uşaqlardı, götürüb atırlar. Neçə illərdi belədir, kimə nə söz deyəsən?”.

Mayis dayı deyir ki, yeni vaqonların gətiriləcəyinə söz veriblər. Maşinistin dediyinə görə, yollar da düz-əməlli deyil. “Neçə vaxtdı deyirlər ki, yollar düzələcək, təzə qatarlar olacaq. Son nəfəsidir bu qatarın. Nəyi gözləyirlər? Yolda ölsün? (Gülür) Ona görə də, “son nəfəs” deyirlər bu qatara”.

Bu köhnə, ömrünün sonunu yaşayan qatardan heç də hamı şikayət etmədi. Onunla toya cehiz aparan iki qadın ancaq şadlıqdan, xoş günlərdən danışırdılar. Bu qatarla sevgi aparırdılar sanki. Yanlarında olan balaca oğlan da öz konfetinə qonaq etdi bizi. Özü də israrla.

Yolun başında danışıb-gülən adamlar artıq yuxulayırdılar. Bir saatlıq yolu qatarın enib – qalxan, silkələnən oturacaqlarında mürgüləmədən getmək çətindir. Həm də yorğun olasan. Pəncərədən vuran hava da sərin ola. Yuxulamayanlar da var idi. Kimi qəzet oxuyur, kimi tum çırtlayır, kimi deyib gülür.

Bu kiçik səyahət zamanı qatarda olan maşinist köməkçisi Rzail kişi bizi çaya qonaq etdi. Zarafatçıl, xoş simalı Rzail bəyin fotosunu çəkmək istəyəndə, “fotoaparata yerləşməyəcəm” dedi. Gülümsündü. Reportajın nə vaxt gedəcəyini öyrənmək üçün nömrəmizi də götürdü. Çay əla idi. Ona borcluyuq, çəkdiyimiz fotosunu vermək lazımdır. Görüşəcəyik.

Növbəti fit isə Sumqayıtda çalınır. Hamı qatarı tərk edir. Biz də. Sonuncu stansiyada 10 dəqiqə dayanan qatar, yenidən Bakıya qayıdacaq. Qayıdır ki, yenidən Sumqayıta yola düşsün. Əzablı yollarla…

Yollar insanları birləşdirir və ayırır. Səhər işə gedib ayrılanların axşam evə rahat qayıdıb birləşməsi üçün bu yolda yeni qatar görmək ümidi ilə biz də ayrılırıq Sumqayıtdan.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın