Menu
Geri İrəli

Azərbaycanda son 50 gündə əksəriyyəti gənclər olan 50 nəfər özünü öldürüb – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2016 • Baxış sayı: 397 dəfə • Şərh yoxdur
intiharHər gün intiharlarla bağlı azı bir xəbər eşidirk. Bəzi günlərdə isə özünəqəsd edənlərin sayını hesablamağa bir əlin barmaqları yetmir. Təəssüf ki, intihar halları getdikcə adiləşir və cəmiyyətdə reaksiya doğurmur. Hökumət strukturları da yerindən tərpənmir, intiharlarla bağlı hər hansı proflaktik tədbirin görüldüyünü, hansısa proqramların hazırlandığını da eşitmirik. Bəs ölkədə baş alan gedən intihar dalğasını necə azaltmaq olar? Nəyə görə Azərbaycan gəncləri həyatdan üz döndərirlər? Bu istiqamətdə araşdırma aparmaq, hökumət, parlament qarşısında məsələ qaldırmaq hansı dövlət qurumlarının üzərinə düşür?
Noyabr ayına olan məlumata əsasən, daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov bildirib ki, bu ilin 9 ayı ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Bu ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.
Nazirlik intiharların səbəblərini açıqlamasa da, əksər müşahidəçilər hesab edirlər ki, intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.
Bizimyol.info mətbuatda yer alan məlumatlara əsasən noyabr və dekabr aylarında olan intiharların statsitikasını aparıb. Mətbuatda yer alan xəbərlərdə özünəqəsd edənlərin sayı 50 nəfərə çatıb. İntihar edən şəxslər əsasən özlərini asaraq, yüksəkmərtəbəli binanın üzəridən özlərini ataraq həyatlarına son veriblər. İntihar edənlər arasında “ilin ən yaxşı müəllimi” adına layiq görülmüş müəllim, 15 yaşlı yeniyetmə, 22, 25 və 28 yaşlı gənclər də var. Son olaraq  1966-cı il təvəllüdlü Süleyman Nəbi oğlu Xəlilovun meyiti yaşadığı evin zirzəmisində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Ondan sonra 55 yaşlı Şadət Şıxəli oğlu Ağayev yaşadığı evdə özünü asaraq intihar edib. 15 yaşlı Əfsanə İsmayılova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. Son olaraq isə dekabrın 20-də Bakı şəhər sakini Ramin Qurbanov özünü Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisindəki gölə atıb.
Nəzərə alsaq ki, 1 ay 20 gün ərzində özünəqəsd edənlərin sayı mətbuatdakı məlumatlara əsasən 50 olub, şübhəsiz ki, qeydə alınmayan intiharları da nəzərə alsaq bu rəqəm kifayət qədər yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər 40 saniyədə 1 nəfər intihar edir. Hər gün təxminən 3 min insan həyatına qəsd edir. Dünyada hər il təxminən 1 milyon insan intihar edir. Əslində özünəqəsdə cəhd edənlərin sayı bundan 20 dəfə artıqdır. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır. Yaşı 15-29 olan gənclər arasında intihar ikinci böyük ölüm faktorudur.
Dəyanət Rzayev: «Bu gün intiharlara əsas səbəblərdən biri sosial ədalətsizlikdir»
Psixoloq Dəyanət Rzayev deyir ki, intiharlar maraqlanmalı olan bir dövlət qurumunu qeyd etmək olmaz. Problemlə bağlı bütün sosial qurumlar, nazirliklər məşğul olmalıdır: “Sosial nazirliklər, qurumlar dedikdə ictimaiyyətlə daim münasibətdə olan qurumlar nəzərdə tutulur. Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və s. Məsələn, Səhiyyə Nazirlyinin sahə həkimləri var. Onlar ailələrlə sıx ünsiyyətdə olurlar. Yardım etmək imkanları çoxdur. Ancaq məsələ ondadır ki, problem daha qlobaldır. 90-cı illərdə müharibə, çətinliklər bundan daha çox idi. Ancaq onda heç kim çıxış yolu kimi intihara əl atmırdı. 20 yanvar kimi ağır dönəmdən keçmişik. O zaman belə insanlar sıx birləşmişdi. Bir-biri ilə çox mehriban idilər. İndi isə sosial iqtisadi çətinliklər daha çoxdur. Bu gün əgər ailə başçısının banka 1000 manat borcu varsa və o aldığı 500 manat maaşı banka verirsə, oyandıqda yenə də borcu olduğunu xatırlayırsa, bu zaman insan nə etməlidir? Bu gün çox paradoksal bir vəziyyət yaşayırıq. Qadınlar, hətta uşaqlar da özlərini öldürürlər. Bəlkə də intiharlar görə dünya ölkələri sırasında öndə gedirik”.
Psixoloqun sözlərinə görə, dünya üzrə statsitika aparmaqdansa öz ölkəmizə nəzər salmalıyıq: “Təbii ki, bu gün intiharlara əsas səbəblərdən biri sosial ədalətsizlikdir. Məsələn, bir insanda hər şey var : 300 minlik maşın sürür, övladı nə istəyir alır və s. digər insanda isə heç biri yoxdur. Övladının üzünə baxa bilmir. İnsanlarda təbəqələşmə gedir. Ya çox varlıdırlar, ya da çox kasıb. Bu gün insanların sosial müdafiəsi yoxdur. Ona görə də mən inanmıram ki, yaxın zamanda hansısa ciddi tədbirlər görülə. Yalandan bir iki videoçarx çəkəcəklər. Ancaq bütövlükdə bu problemi həll etmir. Çünki problemin kökünü araşdırıb, həll etmək lazımdır”.
Gəray Gəraybəyli: «İnsanlarda həyatı qiymətləndirmək hissi azalıb»
Psixiatr Gəray Gəraybəyli hesab edir ki, intiharın səbəblərindən danışarkən burada depressiyaları xüsusilə vurğulamaq lazımdır. Çünki depressiyanın ən ağır fəsadı özünəqəsddir. İnsan həyatdan həzz almırsa, onun sonu ölümdür. Mütəxəssis hesab edir ki, son vaxtlar gəncləşən intiharlarla bağlı da onu demək olar. Çünki uşaqlarda baş verən depressiya formaları var. Onlar bir qədər atipik olur və böyüklərdəkindən fərqlənir: “Tam formalaşmayan psixikada – uşaqlarda, yeniyetmələrdə, bir qədər infantil olan insanlarda kəskin emossional reaksiya, ya acıq, etiraz hissi intihara gətirib çıxarır. Belə insanlar dərindən düşünmürlər ki, bu gün mümkün deyilsə, sabah mümkün ola bilər. Depressiya isə xəstəliklə bağlıdır. Digər tərəfdən, insanlarda həyatı qiymətləndirmək hissi azalıb. Doğrudur, həyat problemlərdən ibarətdir, heç kimin həyatı əvvəldən axıradək qızılgüllərdən ibarət deyil. İnsan yaşadıqca problemlərlə qarşılaşır və problemin həlli onun psixoloji müdafiəsini artırır. Bəzən hansısa problem olanda heç məktəb oxumayan ağsaqqaldan kömək istəməyi məsləhət görürlər. O, dəfələrlə problem yaşayıb deyə, psixoloji müdafiəsi güclüdür. Stressli vəziyyətdən çıxmağı bilir. Biz buna müdriklik deyirik”.
Bəs izləyicilərimiz intiharların əsas səbəbini nədə görürlər?
 
Oxucumuz Şirzahid İbayev deyir ki, bütün bunlar təbəqələşmənin nəticəsidir: “Hamı insandır, hamı yaşamaq istəyir. Lakin məmurlar, az qala əhalinin vacib görünən bir hissəsinin polislərin təşkil etməsi insanları ümidsizliyə məcbur edib. Səbəb nicat yolunun görünməməsidir”.
Aynur adlı izləyicimiz yazır ki, yaşamaqdan bezirik: “Bu yaltaq millətdən… İşə gedirsən üzünə gülüb torbanı tikirlər. Evə gəlirsən problemlər. Dostlar ya rəfiqələr üzə gülüb arxandan qeybətini qırır. İnsanın hər tərəfini min üzlü adamlar basanda tək çarə ipi boğazına keçirib həyatla vidalaşıb, o biri tərəfə getməkdi ki, ora sakitlikdi. Orada da şeytanla məlakə əl çəkən deyil”.
Seymur Mirzəyev deyir ki, əsas səbəb maliyyə problemləridir: “Lakin bunu hər gün belə reklam edəndə ağlında olmayanların da ağlına salırlar”.
Natiq Babayev deyir ki, indiyə kimi bir nəfər də olsun əlilin, sağalmaz xəstənin intihar etdiyini duymayıb, görməyib: “Fiziki qüsurluların həyat mübarizəsinə baxıb utanın heç olmazsa. Yaşayıb mübarizə aparmaq, səbr etmək lazımdır. İntihar iradəsiz, ağılsız və cılızların seçimidir. İntihar ya pul üstündə, ya sevgi, ya da gic-gic dözülməz həyat üstündə olur”.
Vüsalə Məmmədova deyir ki, intiharların əsas səbəbi ümidsizlikdir: “Əgər insanın gələcəklə bağlı ümidi yoxdursa, belə edir. Bir də bu hal çox göstərilir. Yəni adi bir şeyə çevrilib intihar. Bir az çətinliyi olan pəncərəyə çıxır…”
Elmir Nəsirli deyir ki, intiharların əsas səbəbi kasıblıqdır: “İş yoxdur. Dolanışıq üçün heç bir yerdən gəlir yoxdur. Pensiya yaşın 65 ediblər. Barı 50 yaşda pensiyaya çıxsaq 100 manat olsa, alarıq. 65 yaşa çatan olmayacaq belə yaşayışımızla”.
Aysel İsgəndərli, bizimyol.info
Facebook Şərhləndirmə:

Şərhinizi yazın