Menu
Geri İrəli

Bizi stimullaşdıracaqlar –

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2013 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

Nağdsız ödənişlər üçün güzəştlər nəzərdə tutulur

 POS-terminalların quraşdırılması ötən il prioritetlər sırasında idi. Statistikaya görə, bu günədək ölkədə 36 mindən artıq POS-terminal quraşdırılıb. Ancaq görünür ki, terminalların qurulması hələ hər şey demək deyil, bu qurğulardan istifadə edilmədikdə onlar sadəcə dəmir parçasıdır. Təəssüf ki, ölkəmizdə bir çox ticarət müəssisələrində hələ də POS-terminallar yoxdur, bu qurğuların quraşdırıldığı alış-veriş mərkəzlərində isə alıcılar nağdsız ödənişə maraq göstərmirlər – beləliklə, bu mərkəzlərdə də POS-terminal istifadəsiz qurğuya çevrilir. Ancaq hökumətdə də bundan narahatdırlar. Hazırda Vergilər Nazirliyində və Mərkəzi Bankda alıcı və satıcıları POS-terminallardan istifadəyə maraqlandırmaq üçün əlavə tədbirlər üzərində baş sındırırlar.

 

Prezident xəbərdarlıq edir

Prezident İlham Əliyev də bir neçə gün bundan əvvəl Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nağdsız ödəmələrin çox aşağı səviyyədə olduğunu bildirib.

Onun fikrincə, bu bir tərəfdən şəffaflığın tam təmin edilməsinə imkan vermir, digər tərəfdən xoşagəlməz halların mövcudluğunu şərtləndirir.

 

Mərkəzi Bank təkliflər paketi hazırlayıb

Mərkəzi Bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə təkliflər paketi hazırlayıb. Bu barədə son müsahibələrindən birində Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib.

Qeyd edək ki, təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib. Təkliflərdən xüsusi dövlət proqramının hazırlanmasını göstərmək olar. Mərkəzi Bank proqramın yekun variantını hazırlayıb və onu bank sektoru və bir sıra qurumlarla razılaşdırıb. Proqram 2012-16-cı illəri əhatə edəcək.

Dövlət proqramının əsas məqsədləri elektron ödəniş sistemlərinin potensialından səmərəli istifadənin təmin edilməsi, normativ hüquqi bazanın, məlumatlandırılmanın genişləndirilməsidir.

 

Vergilər Nazirliyi də…

Fevralın sonuna kimi Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun aradan qaldırılması və əmək haqlarının rəsmiləşdirilməsi və eləcə də nağdsız hesablaşmalarının stimullaşdırılması ilə bağlı təkliflərini Prezident Administrasiyasına təqdim edəcək. Bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, bu təkliflərdə işçi ilə işə götürən arasında müqavilələrin yeni hesabat formalarının hazırlanması qeydiyyatın elektronlaşması kimi məsələlər sənəddə əksini tapacaq.

Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərdə isə inzibati üsullardan çox dövlət başçısının tapşırığına görə stimullaşdırıcı metodlara üstünlük veriləcək.

F.Məmmədov artıq bu təkliflər üzərində işlərin başlandığını və fevralın sonuna kimi Prezident Administrasiyasına təqdim olunacağını bildirib.

Nazirin sözlərinə görə, dövlət başçısının tapşırığı ilə yaxın illərdə büdcənin cari xərcləri əsasən vergi daxilolmaları hesabına ödənilməli, Dövlət Neft Fondundan transferlər isə yalnız irimiqyaslı investisiya layihələrinə yönəldilməlidir: «Bunun üçün biz dövlət büdcəsinin gəlirlərinin ciddi artımına nail olmalıyıq. Lakin bu, vergi yükünün artması hesabına deyil, iqtisadi artım templərinin yüksəldilməsi, vergi inzibatçılığı və sahibkarlarla tərəfdaşlıq münasibətlərinin, eləcə də vergi nəzarətinin gücləndirilməsi nəticəsində vergitutma bazasının genişləndirilməsi hesabına olmalıdır».

Nazir bildirib ki, Azərbaycanda hələ vergilərə cəlb edilməli geniş potensial mövcuddur. Belə ki, hazırda Vergilər Nazirliyi transfer qiymətlərinin formalaşması kimi həssas bir sahə üzərində vergi nəzarətinin tətbiqi istiqamətində araşdırmalara başlayıb: «Biz Mərkəzi Bankla birlikdə nağdsız ödəmələrin genişləndirilməsi prosesini də diqqətlə izləyir və öz səlahiyyətlərimiz çərçivəsində bu prosesə dəstək veririk. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır».

Hazırda Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının minimuma endirilməsi məqsədilə vergi nəzarətinin müasir texnologiyalarının tətbiqi layihəsi üzərində çalışır. Ötən il vergi sistemində çox böyük bir layihənin icrasına başlanıb. Bu, Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» tvinninq-layihəsidir. Yaxın gələcək üçün çox böyük perspektivlərə malik olan bu layihə ölkədə vergi auditi sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

 

 

Əcnəbilər necə edir?

Bu sahədə mütərəqqi dünya təcrübəsi var. Nağd ödənişlərin yuxarı həddi üçün limitin tətbiqi təcrübəsindən təkcə yüksək gəlirli deyil, inkişaf etməkdə olan ölkələr də bəhrələnir. Məsələn, Qazaxıstan qanunvericiliyinə görə, hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin yuxarı həddi 26 min ABŞ dolları həcmində müəyyən olunub. Bundan yuxarı hesablaşmalar isə yalnız nağdsız qaydada aparıla bilər. Rusiya Federasiyası qanunvericiliyinə əsasən, hüquqi və fiziki şəxslərin bir müqavilə üzrə nağd qaydada apardığı hesablaşmaların maksimal məbləği 3,4 min ABŞ dolları təşkil etməlidir. Bundan artıq məbləğdə nağd hesablaşma aparıldıqda vəsaiti ödəyənə 1,3-1,7 min ABŞ dolları məbləğində cərimə tətbiq olunur. Belarus Respublikasında təsərrüfat subyektləri arasında nağd qaydada aparılan hesablaşmaların maksimal məbləği 1,7 min ABŞ dollarıdır. Avropa ölkələrindən Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 3,3 min ABŞ dollarına bərabərdir.

Fransada, Maliyyə Kodeksinə müvafiq olaraq, fiziki şəxslərin 3 min avrodan yuxarı bütün ödənişləri yalnız nağdsız formada aparılmalıdır. Bu şərtin pozulmasına görə 15 min avro cərimə nəzərdə tutulur. Hüquqi şəxslər üzrə hesablaşmalarda isə nağd ödənişlərin yuxarı həddi 1,1 min avrodur. Qanunun bu şərtini pozanlar nağd ödədikləri məbləğin 5%-i həcmində cərimə ödəməli olur. Dövlət orqanlarına isə 3 min avrodan yuxarı məbləğdə alqı-satqı əməliyyatlarının nağd formada aparılmasına icazə verilmir. İsveçdə nağd pulun dövriyyədən tamamilə çıxarılması ilə bağlı müzakirələr aparılır.

Ümumi daxili məhsulda nağdsız dövriyyənin həcmi Cənubi Koreyada 83%, Baltikyanı ölkələrdə 40-45%, Rusiya Federasiyasında 32%, Türkiyədə 12% təşkil edir. İndi hesab edilir ki, Azərbaycanda da nağd dövriyyənin məhdudlaşdırılması vacibdir və ilkin mərhələdə limit olaraq 5 min manatın götürülməsi təklif olunur. Daha sonra bu məbləğin 1000 manata kimi azaldılması məqbul sayılır. Yəni göstərilən həddən yuxarı ödəmələr nağdsız formada aparılmalıdır.

Nağdsız ödəmələrlə bağlı hökumət əsas diqqəti pos-terminalların sayının artırılmasına yönəldib. Nazirlər Kabinetinin 18 fevral 2006-cı il tarixində qəbul etdiyi “Azərbaycan Respublikasının ərazisində pos-terminalların istismar və istifadə edilməsi Qaydaları”na əsasən, indiyə qədər ölkədə 36 mindən çox pos-terminal quraşdırılıb. Mərkəzi Bankın statistikası göstərir ki, 2012-ci ildə sözügedən göstərici 3 dəfəyə yaxın artıb. Bununla belə, vətəndaşların böyük əksəriyyəti əmtəə və xidmətlərin haqqının ödənilməsində nağd puldan istifadə edir.

İqtisadçı-ekspertlər isə Azərbaycanda nağdsız ödəmələrin lazımi səviyyədə olmamasını bir sıra amillərlə izah edir. Qeyd olunur ki, pos-terminalların sayı lazımi qədər olsa belə, Azərbaycan əhalisinin nağdsız ödənişlə bağlı məlumatı azdır. Hazırda ölkədə 5 milyon plastik kart dövriyyədə olsa da, onların 90%-dən sadəcə nağdlaşdırma məqsədilə, yəni bankomatdan pul çıxarmaq üçün istifadə olunur. Odur ki, vətəndaşlar arasında geniş maarifləndirmə işi aparılmalıdır.

Bundan başqa, hesab edilir ki, nağdsız ödəmələri artırmaq üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Məsələ ondadır ki, pos-terminalın xidmətindən istifadə edən sahibkarlar bunun üçün banklara dövriyyənin 0,7-1%-i qədər xidmət haqqı ödəyir. Bu isə onların vergi yükünün artması deməkdir. Nağdsız ödəmələrlə bağlı vergi güzəştləri tətbiq olunarsa, bu sahədə əhəmiyyətli irəliləyişə nail olmaq mümkündür./168 saat/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın