Menu
Geri İrəli

DƏYİRMAN MƏSƏLƏSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2009 • Baxış sayı: 670 dəfə • 6 şərh

elemdarƏLƏMDAR CABBARLI

Bizim kənddə belə bir söz var idi. Adını çıxart, get dəyirmanda otur. Hər hansı bir adam məhz bacarmadığı sahənin peşəkarı kimi təqdim olunanda belə deyilirdi. Bəziləri özləri öz adını çıxarırdı, elə adam da var idi ki, onun adını başqaları çıxarırdı. Tutaq ki, əlindən müəllimlikdən başqa hər iş gələn birisinin imicini elə formalaşdırırdılar ki, hamı gedib onun yanında hazırlaşmaq istəyirdi. Və yaxud sənətində naşı olan birisini elə usta kimi təqdim edirdilər ki, məcbur olub işini ona gördürürdün. Sonra da qalırdın dizinə döyə-döyə. Çünki bunları irəli çəkən, müasir dillə desək, imicmeykerləri var idi. Artıq sən onunla əməkdaşlıq etməyə məcbur olurdun.
Bu gün Azərbaycanda gedən ədəbi proseslər də bu prinsip ilə hərəkət edir, bu cür istiqamətləndirilir. Şübhəsiz ki, bu proses ziyalılar, əsl yazıçı və şairlər tərəfindən idarə olunmur. Ədəbiyyata istedadına görə yox, iddiasına görə gələn, özünü gözə soxmağı məharətlə bacaran diletantlar tərəfindən idarə olunur.
Təəssüf ki, həmin şəxslərin adları elə çıxarılıb, imicləri elə formalaşdırılıb ki, artıq onlar ədəbi proseslərin aparıcı və danılmaz faktoruna çevriliblər.
Tutaq ki, bir yazar 5-10 il bundan qabaq 5-10 yazı yazıb. Bu gün onun həmin yazılarını o qədər çəkib-çeviriblər ki, onun imicini elə formalaşdırıblar ki, artıq o, yazmasa da olar. Və yaxud da nə yazsa olar. Çünki nə yazılarının çap olunmadığı mətbuat orqanı qalıb, nə də adını hallandırmayan tənqidçi. Bir sözlə adını çıxardıblar, özünü də oturdublar dəyirmanda.
Adları çıxarılıb dəyirmanda oturdulanların mütləq əksəriyyətini populyar edən isə onların hər hansısa ciddi əsərləri deyil, görkəmli insanlar haqqında yazdıqları yaraşmayan yazıları, qalmaqallı məqalələri, müsahibələridir. Eyni zamanda onlar bir-birinin reklamı ilə də çox yaxşı şəkildə məşğul olurlar. Həmin adamları müsahibələrdə, silsilə yazılarda məqsədyönlü şəkildə təbliğ edirlər. Hərə öz köşə yazısında gələcəyin “ümidverici” şairlərinin “qızıl onluğ”unu tərtib edir. Lap televiziyaların müğənnilərdən tərtib etdiyi qızıl onluqlar kimi. Televizyaların həmin “qızıl onluğ”unda heç görmüsünüzmü Rəmişin, Alim Qasımovun, Arif Babayevin, Könül Xasıyevanın adı çəkilsin. Həmin onluqlarda olan “müğənni”lərin adlarını burada yazıb onları şərəfləndirmək istəməzdik. Onsuz da oxucu hər şeyi gözəl bilir. Ədəbiyyatda da vəziyyət eynilə belədir. Həmin o “ümidverici” şairlərin şeirləri isə söz yığımından, dolaşıq ifadələrdən ibarətdir. Baş-ayaq cümlələri bir-birinin ardınca düzmək, frazoloji birləşmələri belədən-belə çevirmək və ya “nar” sözünü “yar” sözünə addımbaşı qafiyə etmək çoxmu çətin işdir?!
Bu günkü yazarlar arasında həm də yeni dünya düzəninə uyğun ədəbiyyat yaratmaq istəyənlər də var. Bu, olduqca təqdirəlayiqdir. Yaxşı anlayıram ki, bəşəriyyətin inkişaf etdiyi yerə getməmək heç yana getməmək deməkdir. Modernist, postmodernist yazılar yazmağa, yeni şeir formaları yaratmağa yönəldilən cəhdlər bəyənilməlidir. Ancaq mən başa düşə bilmirəm ki, doğrudan da modernist olmaq üçün mütləq seksdən yazmaq lazımdır? Əgər bəzi başbilənlər sözün gələcəyini bu adamlara etibar edirlərsə, mən onları da başa düşə bilmirəm.
Həmin şairlərin ən doğru qiymətini böyük Allah özü verib: “Məgər görmürsənmi bir söz vadisindən o birisinə keçərkən onlar necə hədlərini aşırlar”(Qurani-Kərim, Şüəara surəsi, 225-ci ayə). Bütün bunlarla yanaşı abırlarına qısılıb şeirlərini yazan şairlər də var. Onların da qiymətini Allah özü verib: “Ancaq başqa şairlər də var, bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar. Zalımlıq eləyənlər axır görüb-biləcəklər hara imiş qayıtmalı olduqları yerləri”(Qurani-Kərim, Şüəra surəsi, 227-ci ayə).
Allahın verdiyi bu qiymətdən sonra başqa qiymət gözləməyə dəyərmi?! Ancaq gözləsən də faydası yoxdur. Yenə də Allahın buyurduğu kimi: Onlar kor və kar kimidirlər. Haqqı nə görməzlər, nə də eşitməzlər.
İndi isə bir daha qayıdıram dəyirman məsələsinə. Bu dəfə böyük Sabirin misraları ilə:
Sanma əzdikcə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.
Qarışıqdır hələlik millətin istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.
Yəqin ki, adları çıxarılıb dəyirmanda oturdulanlar ələnəndə toza çıxacaqlar. Çalışmalıyıq ki, saf adamların üzərinə o tozdan düşməsin.

Facebook Şərhləndirmə:

“DƏYİRMAN MƏSƏLƏSİ” yazısına 6 cavab

  1. Ilham deyir:

    Assalamualeykum. Maasallah.

  2. vusal deyir:

    Bu cur yazmaq uchun mutleq mehz bu cur hiss etmelisen

  3. Sami deyir:

    Bu yanaşma sözün həqiqi mənasında alqışa laiqsir

  4. Ələmdar Cabbarlı deyir:

    Yazini oxuyan və rəy bildirən hər kəsə sonsuz təşəkkürlər!

  5. Yaxshi olardi ki, Elemdar muellimin uzaq dag kendinde aptek acan ve tapxir axtaran personajlarin yer aldigi hekayesini oxumaq imkanini da oxuculariniza veresiniz…

  6. imran deyir:

    Ələmdar bəy ,’özünü gözə soxmaği bacaran ədəbi impotentlər haqqinda söylədiyiniz mülahizələr dərindir və və həqiqətdir .Ancaq yazinin quruluşunda texniki qüsurlar var ki, onlar ümumi fona mənfi təsir edir.Amma inaniram bunlar düzələn şeydir.Seymur Baycanlara ,Elnur Astanbəylilər və s.AYO nin bir çox üzvləri haqda onu demək
    olar ki,’Pis yazara AYB mane edir; necə ki ,bir rus məsələsində deyildiyi kimiı.’ Pis rəqqasa yumurtaliqlari mane edir’Uğurlar.

Şərhinizi yazın