Menu
Geri İrəli

Sumqayıtlı gənc rəssam ölkəmizi təmsil edib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2012 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

Sumqayitlı gənc rəssam Toğrul Ağayev MDB ölkələri arasında Azərbaycanı təmsil edib və yüksək nəticə göstərib.

2012-ci il 7 sentyabr tarixində Rusiya Federasiyasının əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun rəhbərlik etdiyi “Burqanov Evi” Moskva Dövlət Muzeyində təsviri sənətin heykəltəraşlıq sahəsi üzrə 4-cü beynəlxalq simpozium təşkil olunuşdur. Simpoziumda MDB ölkələrinin qabaqcıl universitetlərindən olan ən layiqli yaradıcı tələbələr iştirak etmiş və öz ölkələrini təmsil etmişlər. Doğma Azərbaycanı isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, Artlife Azərbaijanın© nümayəndəsi Sumqayıtlı gənc  Toğrul Ağayev təmsil edib.

Nəzərinizə çatdıraq ki, Azərbaycan, Qazaxıstan, Belarusiya, Ukrayna, Özbəkistan, Moldova, Ermənistan və Rusiyadan olan 10 ən yaxşı heykəltəraş tələbə Moskvaya qabiliyyətlərini nümayiş etdirib öz ölkələrini təmsil etmək, o cümlədən tanınmış sənətkarlardan dərs almaq, təcrübələrini mübadilə etmək, müzakirə və heykəltəraşlıq sənəti haqqında yenilikləri öyrənmək üçün toplaşmışdılar. Simpoziumun iştirakçıları dəyirmi masalarda iştirak etmiş, maarifləndirici mərkəzlərə, muzeylərə aparılmış, onlar üçün xüsusi təşkil olunan və incəsənət mütəxəssisləri tərəfindən keçirilən seminarlara və diskussiyalara cəlb olunmuşlar.

Lakin mədəni-maarifləndirici tədbirlərin dolğun qrafikinə baxmayaraq, gənc heykəltəraşlar üçün yenə də əsas məsələ özlərinin yaradıcı əsərlərini yaradıb təqdim etməkdən ibarət idi. Hər cür lazımi şərait ilə təmin olunmuş emalatxanalarda heykəltəraşlar onlara verilmiş tapşırıqlar əsasında öz heykəltəraşlıq əsərlərini yaratmış və sonda təşkil olunan sərgidə bu əsərləri nümayiş etdirmişlər. Ölkəmizi təmsil edən Toğrul Ağayev sərgidə iki heykəltəraşlıq və bir rəsm nümunəsi ilə çıxış etmişdir. Heykəltəraşlıq nümunələrindən biri Azərbaycan tarixini özündə əks etdirən “Müasirliyin tarixi” heykəl kompazisiyası, digər isə Toğrulun öz həmkarı Rusiyalı heykəltəraş Elladanın naturadan yaratmış olduğu portret büstü idi. “Müasirliyin tarixi” kompazisiyasında üzərində qobustan rəsmlərindən yallı səhnəsinə aid parçalar əks olunmuş simvolik qayalardan püskürən coşğun qığılcımlar fonunda müasir dəlisov rəqqas təsvir olunmuşdur.  Heykəltəraşlıqdan əlavə, Toğrul həmçinin özünün rəssamlıq qabiliyyətini də nümayiş etdirmiş, Moskva Dövlət Muzeyinin işçisi Olqanın naturadan rəsm portretini kağız üzərində sangina ilə çəkmişdir. S. Q. Stroqonov adına Moskva Dövlət Rəssamlıq Universitetində monumental və dekorativ heykəltəraşlıq kafedrasının yaradıcısı, Xalq rəssamı Aleksandr Burqanovun çox xoşuna gələn bu rəsm əsəri onun göstərişi ilə heykəltəraşlıq sərgisində heykəl nümunələri ilə birlikdə nümayiş etdirilmiş və hər kəs tərəfindən bəyənilmişdir. Toğrulun heykəltəraşlıq əsərlərinə də yüksək qiymət verən cənab Burqanov onu simpoziumda ən yaxşı əsərlər yaratdığına görə təbrik etmiş və onun nəinki Azərbaycanda, eləcə də bütün MDB ölkələri səviyyəsində böyük və tanınmış bir heykəltəraş olacağına inandığını söyləmiş, uğurlar arzulamışdır.

Toğrul heykəltəraşlıq sahəsinin hər ixtisası üzrə ən yüksək qiymətlərə layiq görülməklə, S. Q. Stroqonov adına Moskva Dövlət Rəssamlıq Universitetinin diplomu ilə təltif edilmişdir. Beləliklə, Toğrul Ağayev Azərbaycanımızı, o cümlədən Artlife Azerbaijanı Moskvada layiqincə təmsil etmiş, təsviri incəsənətimizin gücünü nümayiş etdirə bilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın