Menu
Geri İrəli

Hüquqşünas dollar krediti bataqlığından çıxmanın yollarını göstərdi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2017 • Baxış sayı: 744 dəfə • Şərh yoxdur

a6bf3c3ef816a7e36b267d4d0feef3f0Əkrəm Həsənov: “Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, dollarla kredit verilə bilər, amma…”

Parlamentin son iclasındakı müzakirələrdən sonra Konstitusiya Məhkəməsi kredit borclarına görə vətəndaşlarla banklar arasında yaranmış vəziyyətə bir daha münasibət bildirib. Əhalinin banklara borcunun məzənnəyə uyğun ödənilməsini təmin edən qərarının doğru olduğunu münasibətdə ifadə edib.

“Antikollektor” şirkətinin rəhbəri, hüquqşünas Əkrəm Həsənov isə verilmiş qərarın xalqın xeyrinə olmasa belə, məhkəmələrdə mübahisələndirmək imkanlarının qaldığını deyir: “Konstitusiyamızda təsbit olunur ki, xarici valyutada kredit verilə bilməz. Amma verilmiş qərarda çox bəsit şəkildə əsaslandırmağa çalışırlar ki, guya xarici valyutada kredit verilə bilərdi. İstənilən halda, həmin qərar veriləndən sonra belə banklara xarici valyutada borcu olan vətəndaşların məhkəmələrdə banklara qalib gəlmək şansları qalır. Qanunlar imkan verir ki, məhkəmələr vətəndaşların xeyrinə qərar versin. Bundan başqa hər bir vətəndaş, sahibkar, şirkət ödəniş qabiliyyətsizdirsə, o, özünü müflis elan edə bilər. Bunun üçün tələb olunan məhkəməyə müraciətdir. ”Antikollektor” belə müraciət formasını bir neçə həftə öncə dərc etmişdi. Hətta vətəndaş da özünü müflis elan edə bilər. 1997-ci ildə “Müflisləşmə və iflas haqda” qanun qəbul edilib. Həmin qanun 2015-ci ilə qədər fərdi sahibkarlara və şirkətlərə özünü müflis elan etməyə imkan verirdi. 2015-ci ilin oktyabrında həmin qanuna edilən dəyişikliklə fiziki şəxslərə – yəni vətəndaşlara da özünü müflis elan etməyə imkan yarandı. Buna görə də vətəndaş görürsə ki, əmlakı yoxdur, aylıq gəliri yoxdur, varsa belə özünün dolanışığına, ailəsinin saxlanılmasına kifayət etmir, o, məhkəməyə müraciət etməlidir. Məhkəmə onu müflis etməlidir. Həmin andan onun bütün borcları üzərindən götürülür. Vətəndaşın banka borcu dollarladırsa və krediti götürəndə məzənnə 0,78 idisə, indi isə 1.70-lə ödəməyə məcbur edilməsini ədalətsiz hesab edirsə, yenə də məhkəməyə müraciət etməlidir. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, dollarla kredit verilə bilər, amma banklar vətəndaşlara güzəşt etməlidir.

Bundan başqa Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsində deyilir ki, müqavilə bağlanandan sonra şərait əhəmiyyətli dərəcədə dəyişibsə, tərəflərdən biri məhkəməyə müraciət edib müqavilənin dəyişdirilməsini tələb edə bilər. Qanunda deyilir ki, şəraitin dəyişməsi o deməkdir ki, tərəf vəziyyətin bu şəkildə dəyişəcəyini vaxtında bilsəydi, müqaviləni bağlamazdı. Yəni mən dollarla krediti götürəndə bilsəydim ki, 2 devalvasiya olacaq, müqavilə bağlayıb krediti götürməzdim. Vətəndaşın hüquq var ki, məhkəməyə müraciət etsin və müqavilədəki borc məbləğini dəyişdirilməsinə nail olsun. Konstitusiya Məhkəməsinin qərarı vətəndaşın bu hüququnun qarşısını almır. Vətəndaşın xeyrinə olmasa da, məhkəmələrdə haqqını tələb etməsini də önləmir”.

Ə.Həsənov məsələni qəlizləşdirən vətəndaşların məhkəmələrə müraciət etmədən veriləcək qərarın onların xeyrinə olmasını dəqiq bilmək istəkləridir: “Vətəndaşlar istəyir ki, vəkil qabaqcadan onlara məhkəmənin xeyirlərinə qərar verəcəyini desin. Biz də deyirik ki, qanun vətəndaşın tərəfindədir. Amma Azərbaycan məhkəməsi korrupsiyalaşmış məhkəmədir. Məsələ ondadır ki, vətəndaşların məhkəmələrə müraciətləri kütləvi hal alsa, məhkəmə praktikası da məcburən dəyişəcək. 1-ci devalvasiyadan sonra banklar vətəndaşların iş yerinə məktublar göndərir, yazırdılar ki, sizin işçiniz borc götürüb. Bizim ”Antikollektor” şirkəti bankın vətəndaşın iş yerinə məktub yollamasının qanunsuz olduğunu, bank sirrinə zidd olduğunu məhkəmə qaydasında sübut etdik. Həmin banklar bank sirrini pozduqlarına görə vətəndaşlara təzminat ödəməli oldular. Hazırda bankların heç biri vətəndaşların iş yerlərinə məktub yollamırlar ki, bəs sizin işçi filan banka borcludur. Bu, bank sirrinin pozulmasıdır”.

Image result for Əkrəm həsənov

Hüquqşünas deyir ki, bu gün Azərbaycan məhkəmələrində şəffaflığın təmininə dövlət büdcəsindən böyük vəsait ayrılır. Amma həmin böyük vəsaitin qarşılığında şəffaflıq təmin olunmur: “Azərbaycan məhkəmələri çıxardıqları qərarları, hökmləri saytlarında yerləşdirməlidirlər. Amma yerləşdirmirlər. Bu səbəbsiz deyil. Bunu ona görə edirlər ki, digər vətəndaşlar həmin qərarlardan istifadə edə bilməsin. Yəni vətəndaş Qaradağ Rayon Məhkəməsinin qərarını götürüb Nərimanov məhkəməsində istinad edə bilmir. Deyə bilmir ki, baxın, eyni məzmunlu işdir, orada məhkəmə belə bir qərar verib. Məhkəmələr Azərbaycan Respublikasının adından qərar verir və buna görə də məhkəmələr eyni predmet üzrə ayrı-ayrı qərarlar verə bilməzlər”.

Ə.Həsənov deyir ki, məhkəmələrə müraciət etmiş vətəndaşlar bankların çox ciddi güzəştlərə getmələrinə nail ola biliblər: “Vətəndaşlara ”Bank VTB” dollarla ipoteka krediti vermişdi. yüzlərlə vətəndaş banka qarşı məhkəmə davası açdı bank gördü ki, vəziyyət xeyrinə olmayacaq, məcbur olub ortalama kursla dəyişdilər. Vətəndaşların əksəriyəti razılığa getdi. Belə həll yolları var. Vətəndaşların iddialarının çoxalması digər tərəfdən də vacibdir. Banklarda məhkəmələrə yollamağa işçilər sadəcə yetərli deyil. Yəni bank 2-3 hüquqşünas saxlaya, onlara əmək haqqı verə bilir. Birdən 1000 vətəndaşın şikayəti olarsa, banklar sadəcə işçi tapıb məhkəməyə yollaya bilmirlər”.

Hüquqşünas deyir ki, Konstitusiyanın 19-cu maddəsinin pozuntusu ilə bağlı məhkəmələrdə dava açılmayıb: “19-cu maddə Azərbaycanda dollarla kredit verilməsini yasaqlayır. Amma banklar bu yasağı pozublar. Yəni Konstitusiyaya zidd addım atılıb. Düşünülə bilər ki, Konstitusiyaya ziddirsə, qanunsuzdur. Amma Konstitusiya Məhkəməsinin qərarından sonra məhkəmələrə müraciət etmək mümkün deyil. Ona görə ki, həmin qərarı mübahisələndirmək, dəyişmək olmaz. Konstitusiya Məhkəməsi 19-cu maddəni belə başa düşdüyünü qərarında yazdı – bütün müqavilələr Azərbaycan manatı ilə bağlanmalıdır, amma kredit xarici valyuta ilə verilə bilər. Qanunsuzdur, amma Konstitusiya Məhkəməsi qanunu belə başa düşür. Qaraya ağ deyir. Bunu yalnız Konstitusiya Məhkəməsi özü dəyişə bilər. Bunu banklar istədi, Konstitusiya məhkəməsi də etdi”.

E.MƏMMƏDƏLİYEV, musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın