Menu
Geri İrəli

İki məmurun toqquşmasından daha vacib məsələ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Mart 2010 • Baxış sayı: 741 dəfə • Şərh yoxdur

imagesTəhsil Nazirliyi və TQDK arasında qarşıdurmaya səbəb olan qəbul imtahanlarının mübahisəli məqamları necə dəyərləndirilir?

Ali məktəblərə qəbul imtahanlarına sayılı vaxt qalmasa da, abituriyentlərin həyəcanı sürətli artan xətlə yüksəlməkdədir. Hər tədris ilində qəbul qaydalarına edilən dəyişiklik və əlavələr abituriyentlərin durumunun daha da ağırlaşmasına səbəb olur, istər psixoloji, istərsə də fiziki cəhətdən öyrəncilər zərbələr alır. Ali məktəblərə hazırlaşan öyrəncilərimizin çəkdiyi əziyyətdən çoxlarımız xəbərdarıq, vaxtilə içərimizdə analoji halları keçirənlər də var.

Səbəbləri isə bizlər çox gözəl bilirik. Dərsliklərin standartlara tam cavab verməməsi, valideynlərin öz uşaqlarının fiziki, psixoloji və elmi səviyyəsini nəzərə almadan onlara yüklənmələri və s. problemlər toplusunu formalaşdırır. Bir tərəfdən də aidiyyəti qurumların işlərindəki dolaşıqlıqlar və boşluqlar. Bu qurumlar içərisində ən çox adı hallanan isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır.

Ötən il ali məktəblərə qəbul imtahanlarında test tapşırıqlarının çətin olması uzun-uzadı dartışılan mövzulardan oldu. Elə indinin özündə də məsələ açıq olaraq qalmaqdadır. Əksər mütəxəssislər, xüsusilə də orta məktəb müəllimləri bu tapşırıqların şagirdlərin bilik səviyyəsinə uyğun gəlmədiyini bildirirlər. Narazılıq yaradan digər bir məsələ isə abituriyentlərin səviyyəsinin aşağı düşməsi barədə TQDK-nın səsləndirdiyi sərt ittihamlar ilə bağlı idi. Bu ittihamlarla nə təhsil naziri Misir Mərdanov, nə də müəllimlər razılaşırdı. Məlum olaylarla bağlı hər iki qurum – Təhsil Nazirliyi(TN) və TQDK tərəfindən bir-birlərinə qarşılıqlı bəyanatlar səsləndirildi. Hətta TN əməli addımlar atdı. Belə ki, nazirliyin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzeti eksperiment keçirib. Ötənilki qəbul imtahanlarında I ixtisas qrupu üzrə riyaziyyat fənnindən D variantında olan 2 sualı cavablandırmaq üçün ölkənin tanınmış iki ümumtəhsil məktəbi seçilib: Bakıdakı 6 nömrəli məktəb-lisey və Elitar Gimnaziya. Misalların həlli üçün bu təhsil ocaqlarının ən yaxşı riyaziyyat müəllimlərinə müraciət olunub. Eksperimentə cəlb edilən müəllimlərin yalnız ikisi tapşırıqları qəbul imtahanlarında 1 sual üçün nəzərdə tutulan vaxt ərzində (1,5 dəqiqə) yerinə yetirə bilib. Onların əksəriyyəti 2 misalın həllinə 10-17 dəqiqə arasında vaxt sərf edib, iki müəllim isə ümumiyyətlə misalları həll edə bilməyib. Qeyd edək ki, qəzetin verdiyi məlumata görə, həmin müəllimlər arasında, hətta “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, əməkdar müəllim adına layiq görülənlər də var. Eksperimentə cəlb edilən pedaqoqların həm də repetitorluqla məşğul olduğu da bildirilir.

Bununla bağlı öz fikrini bildirən, orta məktəbdə riyaziyyat fənnini tədris edən Cavanşir Əzizov maraqlı məqama toxundu: “Qəbula elə misallar düşür ki, onları həll etmək üçün uzun-uzadı riyazi əməliyyatlar aparılır.  Bunun üçünsə bir neçə ağ vərəq lazım olur. Halbuki, qəbul imtahanı verən abituriyentin buna imkanı olmur, çünki ona imtahana boş vərəq aparmağa icazə verilmir. O, misalı yalnız test kitabçasındakı ağ sahədə  həll etməlidir. Bu isə həmin kitabçada əməlli-başlı qarışıqlıq yaradır, belə ki, təkcə I qrup ixtisaslarına fizika, kimya kimi fənlər daxildir ki, onların da tapşırıqlarını həll etmək üçün mütləq yazıb-pozmaq lazımdır”. İmtahan suallarının çətinliyinə toxunan müsahibimiz qeyd etdi ki, ali məktəb səviyyəsində olan bu test tapşırıqları orta məktəb səviyyəsinə qəti uyğun gəlmir: “Məsələn, ali məktəb proqramına daxil olan “Ehtimal nəzəriyyəsi”ni orta məktəb şagirdinə necə öyrədək? Bu, dərslikdə də var”.

Hal-hazırda tələbə olan Zaur Məmmədovun dedikləri: ”Universitetə hazırlaşanda o qədər oxuyurduq ki, lap robota dönmüşdük. Mən III qrupa hazırlaşırdım. Təkcə tarix fənnindən 12 kitab oxumuşam, 6-sı “Azərbaycan tarixi” və 6-sı “Ümumi tarix”. Orda elə əhəmiyyətsiz mövzular var ki, heç qəbula da düşmür. İndi özünüz təsəvvür edin ki, biz nələr çəkmişik”.

Tarix müəllimi Elçin Qəmbərov da bu fikirlərlə razıdır. Onun fikrincə, bugünkü tarix dərslikləri həddindən artıq qəlizdir: ”VI sinif ”Azərbaycan tarixi” dərsliyində “Erkən dövlət qurumları” adlı mövzu var ki, bu paraqrafdan indiyə qədər  hələ bir sual da olsun qəbul imtahanlarına daxil edilməyib. Halbuki, TQDK-nın qəbul imtahanları üçün dərc etdiyi proqramda bəhs etdiyim mövzu öz əksini tapır. Bundan əlavə dərsliklərdə mübahisəli məsələlər var ki, onlar barədə hələ də tarixçilərimiz arasında fikir ayrılıqları mövcuddur. Amma həmin mövzulardan sual tapşırıqları salınır”.

Sözügedən məsələ ilə bağlı bir çox fənn müəllimlərindən rəy almaq olar. Bəs görək təhsil rəsmiləri nə deyir?

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, abituriyentlərə verilən test suallarını müəllim həll edə bilmirsə, bu müəllimin savadsızlığı deyil, test suallarının mürəkkəbliyidir: “Belə olan şəraitdə şagirdi necə qınamaq olar? Test sualları tərtib olunarkən hər bir suala həlli üçün normal vaxt verilməlidir. Suallar tətbiq olunmadan öncə sınaqdan keçirilməlidir”. Sualların hazırlanmasına gəlincə isə ekspert bildirir ki, ali məktəb müəllimi sual tərtib edirsə, o, təbii ki, ali məktəbin proqramına əsaslanacaq: “Hətta bəzən elə olur ki, proqramda vaxtı ilə tədris olunan və sonradan çıxarılan bölmədən də test sualları salınır”.

Keçmiş təhsil naziri Firudin Cəlilov da test tapşırıqlarının çətin olduğunu bildirir. “Suallar tapmaca xarakterlidir. Müəllimin həll edə bilmədiyi sualları 16-17 yaşında olan uşaq necə cavablandıracaq? Test sualları sadə dildə tərtib olunmalıdır. Bəzən riyaziyyatla bağlı elə məsələlər qoyulur ki, sualın həlli olduğu halda abituriyent ondan nə tələb olunduğunu dərk edə bilmir”.

Bəs TQDK nə deyir?

Əks tərəf isə səsləndirilən fikirlərlə razılaşmır. TQDK-nın rəsmisi Afət Batıyeva məsələyə münasibət bildirərkən söyləyib ki, test imtahanlarının tərtib olunmasına orta məktəb və ali məktəb müəllimləri, akademiklər və alimlər cəlb olunur. Qəbul imtahanlarının sualları tərtibatı zamanı nəzərə alınan əsas meyar orta məktəb dərsliklərindən istifadə məsələsidir. A.Batıyeva qeyd edir ki, tərtib olunmuş hər bir test tapşırığı dəfələrlə yoxlanılır, ekspertizadan keçirilir, uyğunluğu müəyyənləşdirdikdən sonra istifadə üçün yararlı olduğu qəbul edilir: “Qəbul imtahanlarında TQDK test blokuna sadə, orta və çətin tapşırıqlar daxil edilir. Ona görə də həmin sualların həllinə verilən vaxt çərçivəsinin təyini bizim üçün əsas meyarlardandır. Bunun üçün də bizim test tərtibçiləri və ekspertlər abituriyentlərin həmin sualları nə vaxta qədər həll edə biləcəklərini dəfələrlə yoxlayırlar”. Məktəblilərin elmi səviyyəsi ilə bağlı TQDK sədri Məleykə Abbaszadənin səsləndirdiyi ittihamlara toxunan A.Batıyeva qeyd etdi ki, ölkədəki abituriyentlərin əksəriyyəti orta səviyyəlidir. “TQDK qəbulda çətin sayılan tapşırıqlara ona görə yer ayırır ki, daha istedadlı, bilikli və savadlı abituriyentlər layiqincə qiymətləndirə bilsin”. O, həmçinin bildirib ki, imtahanlarda iştirak edən ekspertlərin adları, iş yerləri, tərkibləri TQDK-nın rəsmi internet saytında yerləşdirilsə də, konkret sualların tərtibatında iştirak edən müəllimlər barədə məlumatlar məxfi saxlanılır.

TQDK rəsmisi onu da qeyd edir ki, test suallarının tərtibatı zamanı dərsliklərdən kənara çıxılmır. O, hətta tapşırıqların çətinliyinə etiraz edən müəllimlərin də bostanına daş atıb: “Son illərdə sualların tərtibatında çətinlik yaranmayıb, sadəcə olaraq məntiqi təfəkkür tələb edən, səbəb-nəticə əlaqələri əsasında qurulan sualların sayı çoxaldılıb. Bu məsələni qaldıran müəllimlərin bilik səviyyəsi çox aşağıdırsa, burda günahkar biz deyilik. Şagirdlərin nəticələri yetəri qədər qənaətbəxşdir”.

Hər halda, məsələ göründüyü kimi, heç də əhəmiyyətsiz deyil. Müstəqil mətbu orqanlarda iki qurum arasında, daha doğrusu, Misir Mərdanov və Məleykə Abbaszadə arasında gedən ixtilafın nəticəsi olaraq dəyərləndirilən bu məsələ hər hansı məmur savaşından daha ciddidir. Çünki ortada taleyüklü bir məsələ dayanır: uşaqlarımızın, gənclərimizin və gələcəyin potensial mütəxəssislərin aqibəti. Nihat, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın