Menu
Geri İrəli

İllər görmüşdükmü bu illər kimi…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2009 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

“İllər ötüb keçir, ömürdən illər
İllər görmüşdükmü bu illər kimi”

Cavabı çətinlik yaradan ritorik bir sual…
Nuranə Abbasova
Zaman diriliyinə-ölülüyünə baxmayaraq hər kəsin başına olmazın oyununu gətirir. Kimi bu sınağa duruş gətirə bilməyib məhv olmağına özü qərar verir, bu qismətdi deyib taleyi ilə barışmalı olur, kimi də əksinə bu iztirablara asanlıqla sinə gərib əməlləri, yaratdıqları ilə yadda qalır, tarixləşir…

Tarix dedim yadıma tarixçilərimizə deyəcəyim bir fikir düşdü. Bilmirəm neyçünsə bu araşdırıcılar niyə fərqində olmur və etiraf etmək istəmirlər ki, istər tariximiz, istərsə də mədəniyyətimiz nə qədər mənbələr nəşr etdirsələr də, hələ lazımi qədər dərindən araşdırılmamış qalır.

Kimdə axtaraq bu laqeydsizliyi, biganəlik, unutqanlıq mərəzinə tutulmaq xəstəliyini? Bəlkə də bu zamanın xalqımıza oynadığı növbəti oyunudur, tarixin qınağı, Tanrının qəzəbidir. Biz isə başımızı elə hey bu oyunlarla qatır, böyümək istəmirik. Yaman çox bağlanmışıq bu uşaqlığımıza. Neçə əsrdir Sabir bizə laylay çalır. Bəlkə də günah Sabirdədir- aldanmışıq bu həzin səsə, barışmışıq bu laylaylarla.

Unuduruq özümüzü, özümüzünküləri. Ona görə də, itirə-itirə gəlirik… torpağımızı, musiqimizi, tariximizi, rəqslərimizi, mətbəximizi, bir sözlə, özümüzü. Bir gözümüz açıq, bir gözümüz bağlı gəzirik. Görən gözümüz gördüyünü görməyən gözümüzün hesabına yazır. Abidələrimizin dağılmasını, tariximizin saxtalaşdırılmasını görürük bu dəfə də lal oyununa keçirik… dilim yalan danışar, amma düzü heç vaxt demərəm, nə işim var? Gözləyirik… haqqın, ədalətin bir gün gəlib bizi tapacağını gözləyirik… Əsrlər boyu, illərlə gözləmişik xeyirin şər üzərində qələbəsini. Amma heç vaxt özümüz onların dalınca düşməmişik. Hər il bayramları Qarabağda keçirmək arzusuyla şadlıq edir, hit mahnılar avazında oynayırıq. Məkanımız isə bəlli- tarixi daşlar üzərində ucalan şadlıq sarayları. Yenə oyun… bu dəfə tariximizin başında, onu tapdalayaraq oynayırıq. Bu biganəliyə, unutqanlığa tarixdən daha nəyi ummaq olar. Utanır bizdən… tariximiz, daşlarımız.

Boş, quru sözlər xəstəliyinə tutulmuşuq. “Unut”, “Unutma məni”, “Unudacağam”, “Unutdun məni”, “Unudulmuşam” mahnılarını oxuya-oxuya qayıdırıq yenə oyuncaqlarımızın başına. Biz böyümürük, qocalmırıq. Sadəcə yoruluruq. Biz üzü qırış, əlləri əsən, gözləri kor, qulağı kar, lal-dinməz, həmişə qapaz altda qalan qocaman uşaqlarıq.

Axı mümkündür bu xəstəlikdən qurtulmaq. Necə? Bax o necələrdir bizi yoran, usandıran.

Bu sualın cavabına ilk özümüzdən başlamalıyıq. Yaddaşımızı qurcalayıb özümüzü özümüzə tanıtmalıyıq. Ən yaxşı cavab isə “Mən kiməm?” sualının payına düşər. Güzgünü sifətimizə yox, beynimizə tutmalıyıq. Keçmişdə yaşamışıq, bəs indi görəsən varıqmı? Nədir bizim varlığımızı sual altında qoyan? Mənəm-mənəmlik, kin, ümidsizlik və yenə də biganəlik… İllərin biganəliyi. “Zaman ən yaxşı həkimdir” deyə-deyə illəri illərə qurban vermişik. Ötən hər anın tələskinliyinə fikir verməmişik. İllər bizdən qaçağan, biz isə illərdən. Yalnız pul, sərvət, vəzifə düşkünləri bu illərin qalibi olub. Təəssüf ki, bu belədir. Zaman tərsinə dövr eləyir- ona sinə gərənlər isə hələ də yaddaşlardan silinmir, tarixiləşir. Amma yenə də uduzan tərəf onlar olur. Çünki biz tariximizi də bilmirik.

İllər görmüşdükmü bu illər kimi… İçimizdən mal-mülk istəyini, düşmən xofunu, biganəlik xəstəliyini, qorxaqlıq və yaltaqlığı nə qədər ki silməmişik hələ görəcəyimiz illər qabaqdadır. Keçmişdən bərk-bərk yapışıb Babəki, Koroğlunu, Nəbini XXI əsrə qədər özümüzlə gətirmək, qürur hissi keçirmək, dil boğaza qoymamaq ki, belə igidlərimiz olub hələ məsələnin həlli deyil. Qürur və qərəz… “Dəymə mənə dəyməyim sənə”, “başımı aşağı salıb öz işimlə məşğulam” stereotiplərini, “bir tikə çörək” dalınca qaçmağımızı, “hamı necə mən də elə” şablonlarını qırmalıyıq illərə çatmaq üçün. Yetərincə biz tarixdən, tarix isə bizdən uzaq düşüb.

Lakin tariximizin bu durğunluq dövründə “burda dediyim burda qalsın”a hələ də davam edirik. XXI əsr bizdən qabaqdadır. Hələ ki uduzuruq zamana. Odumuz yox, tüstümüz yox. Biz hələ də alış-verişlə məşğuluq- layihələr, müqavilələr, sazişlər alıb-veririk, dəb alırıq ar satırıq, göz alırıq qaş satırıq, gec alırıq tez satırıq. Yenə də biz uduzuruq. Hələ ki özümüz olmuruq, kiməsə bənzəməyə çalışırıq. Bu da bizdə tam olmur. Bənzəyirik Mirzə Cəlilin “meymunlar”ına, Əbdürrəhim bəyin üzü tüpürcəkli “marallar”ına. Nə qədər ki, üzüyola, qonaqpərvərik bizə qapaz vurmaq istəyən əllər də çox olacaq. Bəzi əllər cibimizə, bəzi əllər qəlbimizə, bəzi əllər isə… Nə qədər ki, kiminsə yanında özümüzü xoş, qonaqpərvər göstərməyə çalışırıq, biz öz əllərimizi də itirəcəyik. Əvəzində, Andreylərin, Ceklərin, Krislərin istehzalı baxışlarını, ədalarını qazanacağıq.

Cavab axtardığımız “Necə?” sualına qürurla cavab verəcəyimiz günə kimi Kefli İsgəndərin “Ölülər” baxışları hələ də üstümüzdədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın