Menu
Geri İrəli

İnsan ölümü üzərində qurulan biznes: Silahı haradan və kimdən almaq daha sərfəlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2013 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur

Nəhəng dövlətlərə, iri şirkətlərə, hətta mafioz qruplara külli miqdarda para qazandıran bir çox “bazarlar”da zaman-zaman axsamalar olur. Ancaq buna baxmayaraq, hər zaman davamlı olaraq inkişaf edən yalnız bir “bazar” var: Silah bazarı…

İki gün əvvəl  Rusiya Hərbi Texnologiya Şirkətinin (FS VTS) rəhbəri Aleksandr Fominin verdiyi açıqlamanın məzmunu dünyanın silah bazarının necə inkişaf etdiyini göstərdi.

Onun sözlərinə görə, Rusiya 2003-cü ildən bu günə kimi silah ixracatını artıraraq bu sahə üzrə gəlirlərini 46 milyard dollara çatdırıb. Dünyanın ikinci böyük silah ixracatçısı olan Rusiya Suriya, Çin, Hindistan, Malayziya, Venesuella başda olmaqla, 55 ölkəyə silah satır. Rusiyanın silah ixrac etdiyi ölkələrin siyahısına Əfqanıstan, Tanzaniya, Oman və Qana isə yenicə daxil olub.

Yalnız Rusiyanın deyil, iri silah istehsalçıları olan ABŞ, Çin, Fransa, İngiltərə, Almaniya və İsrail kimi ölkələrin də silah satışı son illərdə qat-qat artıb.

Beynəlxalq silah satıcıları münaqişə ocaqlarının çox olmasında da birbaşa maraqlıdırlar. Bəzən münaqişə tərəflərinin özləri də silah alverindən xeyli pul qazanırlar. Maraqlısı odur ki, həm silah satıcıları, həm də silah alıcıları bir-birini çox tez tapırlar və bir-birinə dəstək verməyə başlayırlar.

Dunyada silahlanma yarışının indi əvvəlki illərdən daha geniş vüsət alması, dünya ictimaiyyətini qorxudan əsas məsələlərdəndir. Qərb dövlətləri “soyuq müharibə” dövründə sürətlə silahlanma yarışının “kommunizm təhlukəsi”ndən qaynaqlandığını bəhanə gətirsələr də, hazırda mövcud olan faktlar tamam başqa mətləblərdən xəbər verir. SSRİ və “Varşava Müqaviləsi” bloku artıq mövcud olmasa da, dünya bu dəfə “beynəlxalq terrorizm təhlükəsi”nə qarşı surətlə silahlanır.

Silah “bazar”ının növləri…

Birləşmiş Millətlər Təşkilatının (BMT), Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI), eləcə də, bir sıra hərbi düşüncə qurumlarının dünya silah “bazar”ı ilə bağlı hesabatları yalnız rəsmi xarakter daşıyır. Konkret olaraq, deyə bilərik ki, BMT-nin hesabatları silah satan və alan ölkələrin quruma göndərdiyi rəsmi sənədlər əsasında hazırlanır. Amma sirr deyil ki, dünyanın rəsmi silah bazarı, bu bazarın yalnız bir hissəsidir.

Ümumiyyətlə, silah bazarının ağ, qara və boz kimi növlərinin mövcud olduğu bildirilir.

Ağ bazar təbii ki, dövlətlər arasında rəsmi olaraq bağlanan müqavilələr əsasında həyata keçirilən satışdır və bu satışlar barədə məlumatlar beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Bəzən silah bir dövlətdən, digərinə rəsmi şəkildə satılır.

Amma marşrut boyunca sənədlər dəyişir və ağ silah bozlaşır.

Qara bazarın fəaliyyət funksiyası isə oğurluq malı (silah) birbaşa hansısa münaqişə bölgəsinə çatdırmaqdan ibarətdir. Belə marşrutlardan biri də Rusiya-Ermənistan-Qarabağ-İrandır.

İrandan isə bu marşrutun bir qolu Hizbullah təşkilatının fəaliyyət ərazilərinə doğru uzanır.

Bu barədə Azərbaycan və dünya mətbuatı da dəfələrlə yazıb. Rusiyanın Ermənistana satdığı silah sonradan boz şəkil alaraq, separatçı qurum olan Dağlıq Qarabağa göndərilir. Dağlıq Qarabağdan isə silah qara rəng alaraq, İran, Hizbullah və digər istiqamətlərə yol alır. Yaxın Şərqdəki münaqişələrdən silah alverçiləri xeyli pul qazanır. Afrika ölkələrində daimi olaraq qara, bəzən də boz silah bazarı işləyir.

Qeyd edək ki, ağ bazarla işləmək bir çox hallarda silah alıcılarına sərf etmir. Çünki bu bazarda silah növlərinin qiyməti bir qədər baha olur. Bəzən silah alıcılarında yeni silahları almağa kifayət qədər vəsait olmur. Silah satıcıları isə bir çox hallarda yeni silahları satmaqda maraqlı olmurlar.

Silah bazarının ağaları…

Yazının əvvəlində Rusiyanın dünya silah bazarındakı mövqeyinə toxunduq. Əlavə olaraq, deyə bilərik ki, boz və qara silah bazarı ilə bağlı Rusiyanın adı digər ölkələrdən daha çox çəkilir. 2010-cu ildə başlanan “Ərəb baharı”nın da ən çox Rusiyanın əlehyinə işləmək ehtimalı var. Belə ki, Rusiya ən azından özünün olduqca önəmli silah müştərisi olan Suriyanı itirə bilər.

Heç şübhəsiz ki, “Ərəb baharı”, o cümlədən, “İran təhlükəsi” ABŞ-ın işinə daha çox yarayıb. Demək olar ki, Rusiyanın nəzarətində olan Suriya istisna olmaqla, Yaxın Şərq ölkələrinin hamısına silah satışını ABŞ və onun Qərbdəki müttəfiqləri həyata keçirirlər. ABŞ-ın silah satışından qazandıqlarını daha aydın şəkildə görmək üçün bu ölkənin yalnız Səudiyyə Ərəbistanı ilə bağladığı müqavilənin dəyərinə diqqət yetirmək kifayətdir.

2011-ci ildə bağlanılan 60 milyard dollarlıq müqaviləyə görə, ABŞ tərəfindən Səudiyyə Ərəbistanına hərbi təyyarələr və helikopterlər satılacaq.

Ekspertlər də hesab edirlər ki, bu, rəsmi Ər-Riyadı “İran təhlükəsi”ndən qorumaq, eyni zamanda, iri məbləğdə pul qazanmaq üçün əla imkandır.

Ötən il isə silah və hərbi texnologiyaların satışına görə ilk üç yeri ABŞ-ın “Lockheed Martin” korporasiyası (39.5 mlrd. dollar), Britaniyanın “BAE Systems” şirkəti (32.7 mlrd. dollar) və “Boeing” konserni (31.1 mlrd. dollar) tutub. Bundan əvvəlki illə müqayisədə “BAE Systems” öz amerikalı rəqibini ötüb, keçməyə müvəffəq olub.

Rusiya şirkətləri sırasında ən yüksək analoji göstəriciyə zenit-raket kompleksləri istehsal edən “Almaz-Antey” (4,3 mlrd. dollar) sahibdir.

Ötən il Hindistan, Əlcəzair və Venesuelladan sifarişlər alan “Suxoy” şirkəti isə 2 mlrd. dollarlıq ticarət dövriyyəsi ilə 40-cı yerdə qərarlaşıb. Rusiya Hərbi-Sənaye Kompleksinin müəssisələri ötən illə müqayisədə silah və texnologiyalar satışını artırsalar da, yalnız “Almaz-Antey” şirkəti reytinq cədvəlində irəliləməyə müvəffəq olub.

Kimlər daha çox silah alır?

SIPRI-nin araşdırmasına görə, 2006-cı ildən 2011-cu ilin sonuna kimi dünyanın ən çox silah idxal edən ölkəsi Hindistan olub. Belə ki, Hindistanın silah alışında 21 faiz artım qeyd edilib. Hindistanın satın aldığı silahların 82 faizi Rusiyadan gəlir. Öz silahlarını özü istehsal etməyə, hətta ixrac etməyə başlayan Çin isə ikinci sırada yerdə dayanır.

SİPRİ-nın məlumatlarına görə, dünyada silahlanma yarışı 2007-2012-ci illər arasında 2002-2006 illərə nisbətən 24 faiz artıb.

Mütəxəssislərin fikirlərinə görə, ərəb ölkələrindəki “ərəb baharı” adlandırılan proseslərdən sonra bu ölkələrin silah alışı çoxalıb. Şimali Afrika ölkələrinə silah satışları da 2007-2012-ci illərdə 2002-2006-cı illərlə müqayisədə  273 faiz çoxalıb. Eyni dövrdə yalnız Mərakeşə satılan silah-sursatın həcmi 443 faiz artıb.

SIPRI-nın açıqladığı araşdırmanın nəticələrində beynəlxalq silah ticarətində ciddi rəqabətin mövcudluğu və hazırda potensial olaraq, ən qazanclı bazarın Yaxın Şərq və Şimali Afrika regionları olduğu ifadə edilir. Bu ölkələr arasında Birləşmiş Ərəb Əmirliyi, İsrail, Misir, Əlcəzair və Liviya əsas yerləri tutur.

Ömər Əmirov, publika.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın