Menu
Geri İrəli

İqlim dəyişməsi Xəzər dənizinə necə təsir edir? – ARAŞDIRMAARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 914 dəfə • Şərh yoxdur

xezer_denizi_0451İqlim dəyişməsi nəticəsində 2020-ci ilədək dəniz səviyyəsinin yenidən 80 sm yüksələcəyi gözlənilir

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı sənədə əsasən, Xəzər dənizində suyun səviyyəsi enməkdədir. Hətta son yeddi il ərzində səviyyənin 56 sm endiyi deyilir. Maraqlıdır ki, zaman-zaman dənizdə baş verən tərəddüdlər – su səviyyəsinin aşağı düşməsi və qısa vaxtdan sonra təkrarən yüksəlməsi adi hala çevrilib.

Bu səbəbdən də haqqında söz açmaq istədiyimiz tərəddüdləri yaradan amilləri nəzərdən keçirmək istədik. Birincisi, dəniz səviyyəsinin dəyişməsində başlıca amil iqlim şəraitidir. Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Tarixi tərəddüd

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə 1830-cu ildə yaradılmış Bakı məntəqəsində başlanılıb. Hansı ki, hazırda Xəzərin Azərbaycana aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) rəsmən 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir. Bunların da 7-sində dəniz səviyyəsinin ölçülməsi məqsədilə müşahidələr aparılır.

Tarixdən məlumdur ki, Xəzər dənizi heç də həmişə indiki səviyyədə olmayıb. Son 3,5 min il ərzində dənizin səviyyəsinin dəyişməsi 15 metr, son 200 ildə 3,5 metr təşkil edib. Qədim xəritələri nəzərdən keçirsək, Xəzər dənizinin suyunun səviyyəsi müxtəlif dövrlərdə müxtəlif cür təsvir edilib. Hətta belə bir fərziyyəyə görə, eramızdan əvvəl II minilliyin ortalarında Xəzər dənizində suyun səviyyəsi o qədər yüksək idi ki, Kür-Araz ovalığı suyun altında qalıb. Yeri gəlmişkən, məşhur rus alim A.B.Şnitnikov 1957-ci ildə çap etdirdiyi məqalədə bu fikri təsdiqləmişdi.

Onu da qeyd edək ki, Xəzərdə suyun səviyyəsi ən yüksək 1910-cu ildə olub. Məlumata əsasən, o vaxt dənizin səviyyəsi Baltik dənizinin su səthi ilə müqayisədə – 26,30 metr aşağıdaymış və təbii ki, syun səviyyəsi yüksək olduğu üçün bütövlükdə dənizin sahəsi də genişlənərək təxminən 406 min kvadratkilometrə çatıb. Ancaq 10 il ərzində suyun səviyyəsi metryarım aşağı düşüb (- 27,80) və dənizin sahəsi 16 min kvadratkilometrdən çox azalıb (389 min kvadratkilometr). 1920-1930-cu illər arasında qalan 10 il ərzində isə səviyyə yenidən 70 sm yüksəlib və indiyədək təkrarlanmamış həddə çatıb. Nəticədə Xəzərin sahəsi 398,5 kvadratkilometrə çatıb. 1930-cu ildən başlayaraq 1977-ci ilədək olan 50 il ərzində dənizdə tədricən enmə müşahidə olunub. Ancaq 1977-1995-ci illər arasında su 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən başlayaraq isə dənizin səviyyəsində yenidən enmə müşahidə olunmaqdadır. Yuxarıda qeyd etdyiimiz kimi, təkcə son 7 il ərzində səviyyə 56 sm azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə – 27,43 metr olub.Belə demək olarsa, 1977-ci ildən sonrakı dövrdə suyun səviyyəsi ildə 15 sm artmaqdadır.

Xəzəri tanıyaq

Xəzəri nə qədər tanıyırıq? Məlumat üçün deyək ki, Xəzər Yer kürəsində ən böyük göldür. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır.  Suyun səviyyəsi dəyişkəndir, hazırda okean səviyyəsində təqribən 28 metr aşağıdır. Onun başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə birbaşa əlaqəsinin olmamasıdır.

Xəzərin sahəsi 380 min kvadratkilometr, sahil xəttinin ümumi uzunluğu 6380, ən uzun yeri 1205, ən enli yeri 554 kilometr, ən dərin yeri isə 1025 metrdir.

Ayların və çayların təsiri

Dənizin səviyyəsi həm də aylar üzrə dəyişmələrə məruz qalır. Səviyyə özünün ən yüksək qiymətini iyun -avqust aylarında, ən aşağı qiymətini isə dekabr – fevral aylarında alır. Həmcinin uzunmüddətli əsən küləklərin təsiri nəticəsində səviyyənin suqovma və çəkilmə dəyişmələri də baş verir. Bu proses, xüsusilə, Şimali Xəzərdə özünü göstərir. Burada güclü cənub – şərq küləklərində suqovma 4,5 metr, çəkilmə isə 2,5 metrə çata bilər.

Regional iqlimin dəyişməsinə əsaslanan proqnozlara görə 2020-ci ilədək Xəzər dənizi səviyyəsinin 70 – 80 sm artacağı ehtimal edilir.

Xəzər dənizində səviyyənin dəyişməsinə ora tökülən çaylar da əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Xəzərə irili-xırdalı 130 çay tökülür ki, bunlardan ən irisi Volqa çayıdır. Hesablamalara görə, dənizə axan çay sularının 80 faizi məhz Volqanın payına düşür. Bundan başqa, Kür 6 faiz və Ural çayı 5 faiz su axıdır. Digər üç çay – Terek, Sulak və Samur da toplam 5 faiz su kütləsini özündə cəmləyir. Qalan 4 faiz suyu isə dənizə İran, Azərbaycan və Rusiyadakı (Dağıstan) kiçik çaylar axıdır. Məlumat üçün bildirək ki, Xəzər dənizinə şərq sahilindən heç bir çay tökülmür.

Qlobal istiləşmə amili

Dənizdə səviyyənin yüksəlməsinə kənar təbii təsirlərdən söz düşəndə, proseslərə qlobal istiləşmə müstəvisində baxmaq daha sanballı nəticə verərdi. Əlbəttə, havanın qızması nəticəsində qütblərdəki buzlaqların əriməsinin Xəzərə birbaşa təsiri duyulmayacaq, amma Yer kürəsini əhatə edən böyük su dövranı kimi vacib prosesi unutmaq olmaz. Hava qızırsa, deməli dünya okeanında suyun buxarlanması da sürətlənəcək. Bu isə o deməkdir ki, Volqa kimi təxminən 3,5 milyon kvadratkilometr sutoplayıcı sahəyə Atlantik okeanı üzərindən gələn hava kütləsi də rütubətlə doymuş olacaq. Məsələ ondadır ki, onsuz da Volqa çayının sutoplayıcısı kifayət qədər rütubtli ərazidir. Əraziyə daxil olan yağıntının miqdarı artdıqda isə, deməli kondensasiya nəticəsidə çaylarda suyun səviyyəsi də yüksələcək və sonda artmış su kütləsi məhz Xəzərə axacaq. Deyə bilərik ki, bəli, bu yolla dənizdə su səviyyəsi yüksələ bilər. Amma bu da bir həqiqətdir ki, temperaturun yüksəlməsi İranda və Xəzərin şərq hissəsində quraqlığı bir az da artıracaq. Bu halda isə quraqlıq artan yerlərdə azalan su axımı Volqanın gətirdiyi artıq su kütləsini balanslaşdıracaq. Təbii ki, bu da Xəzərdə su səviyyəsinin ifrat yüksəlməsi təhlükəsini aradan qaldıracaq, amma əvəzində bu günədək müşahidə etdiyimiz tərəddüd tendensiyasını davam etdirəcək.

Bəs hazırda Xəzərdə səviyyənin enməsini sürətləndirən amillər hansılardır? Çox güman ki, bu, ötən il bölgəmizdə, o cümlədən Azərbaycanda kəskin quraqlığın keçməsi ilə bağlıdır. Yadınızdadırsa, ötən il quraqlıq o qədər güclü keçdi ki, kiçik çaylar tamam qurudu. Bu proses Azərbaycanla yanaşı Rusiyanın Xəzərətrafı vilayətlərində, Mərkəzi Asiyada və İranda da var gücü ilə davam etdi. Təbii ki, paralel olaraq dənizin özündə suyun buxarlanması da sürətlənmişdi və sonda səviyyə xeyli endi. Onu da deyək ki, Volqa kimi iri çayın dənizə axıtdığı su kütləsinin həcmi təxminən 33 faiz azalıb.

Qazancı nə, ziyanı nə?

Dəniz səviyyəsinin enməsinin müsbət tərəfindən zərərləri daha çoxdur. Baxaq: səviyyənin enməsi o deməkdir ki, sahil genişlənir. İkinci tərəfdən, dənizə tökülən çaylarda, məsələn, Kürdə yaz aylarında daşma riski azalır. Çünki dənizdə səviyyə endikcə ora axan çaylarda suyun axın sürəti artacaq.

Amma fəsadlar daha böyük ola bilər. Çünki dəniz geri çəkildikcə ilk növbədə sahil infrastukturu ziyan görəcək. Məsələn, gəmilərin limanlara daxil olması çətinləşəcək və sair. Yeni limanların tikintisi, ən azından limana daxil olan yeni sualtı kanalların qazılması isə həm vaxt, həm də böyük vəsait tələb edəcək. Bu baxımdan ən yaxşısı odur ki, təbiət öz-özünü tənzimləsin və bu təbii qanunauyğunluğa sözsüz tabe olaq.  Hafta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın