Menu
Geri İrəli

Körpəsini zibil qutusuna atan “analar” – araşdırma

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2016 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

Avropa onlar üçün “körpə qutusu” kəşf edib, belə qadınlara isə çox vaxt həbs cəzası verilir

Son iki gündə cəmiyyətdə ciddi müzakirələrə və etirazlara səbəb olan hadisələrdən biri də zibil qutusuna atılmış bir neçə günlük körpə ilə bağlıdır. Həkimlər körpəni həyata qaytarmağa çalışsalar da, durum o qədər də parlaq sayılmaz. Amma tarixi xronologiya göstərir ki, bu, Azərbaycanda ilk belə hadisə deyil.

Qadınlar imtina etdikləri körpələrini daha çox polis şöbəsinin, doğum evinin və ya hansısa binanın girişinə qoymağa üstünlük verir. Bunlardan bir neçəsini yada salıb, dünya təcrübəsinə və bunun psixoloji köklərinə müraciət edək.

Azərbaycanda körpəni ya doğum evinə, ya icra hakimiyyətinə, ya küçəyə, ya da zibilliyə atırlar

2011-ci ildə körpə uşağı Nizami Rayon İcra Hakimiyyətinin qarşısında aşkarlayıblar. Azyaşlının ata və anasının kim olduğu məlum olmayıb.

8 aprel 2015-ci ildə Bakıda yeni doğulan oğlan uşağını küçəyə atıblar. Aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Körpə Ə.Qarayev adına 1 saylı Doğum Evinə təhvil verilib.

15 iyul 2016-cı il. Bakıda yenicə doğulmuş və atılmış uşaq tapılıb. Hadisə Xətai rayonunda baş verib.

İyulun 14-də isə Xətai rayonunun Gəncə prospekti ev 44-ün girişində yeni doğulmuş qız uşağı tapılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

12 sentyabr 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.

5 fevral 2016-cı ildə Sabirabadın Kovlar kəndindəki Padarçöl adlanan sahədə, çantanın içində uşaq tapılıb. Rayon sakini Nəzarət İsmayılov Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında sahibsiz çanta aşkarlayıb. Çantaya baxış keçirən N. İsmayılov çantada 4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparıb. Gecə uşağı evdə saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvil verib.

Uşağın zibilxanaya atılması faktı da Azərbaycanda daha öncə bir neçə dəfə baş verib. 26.11.2014-cü ildə Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb. Hadisə “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Belə ki, “Alov” zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Qızcığazın 20 günlük olduğu müəyyən edilib.

Avstraliyada körpəni kanalizasiya çuxuruna atıblar

Elə düşünməyək ki, bu sayaq hadisələr ancaq Azərbaycanda baş verir. Qonşu Türkiyədə də ən azı hər həftə bir məscid və ya xəstəxana qapısına qoyulan körpələrlə bağlı xəbər yayılır. Zibilxanaya atılan körpələrin dramını isə jurnalistlər az qala bütün detalları ilə yazır və işıqlandırırlar. Eləcə də Avropada. Məsələn, ötən il Avstraliyanın Sidney şəhərində yeni doğulmuş uşağı kanalizasiya çuxuruna atıblar. 5 gün sonra tapılan uşağın sağ qalması hamını təəccübləndirib. Polis uşağın anasını həbs edib. Ananın istəmədiyi uşağı doğumdan dərhal sonra yol kənarındakı kanalizasiya çuxuruna atdığı ehtimal edilir.

Onu yoldan keçənlər tapıb. 2,5 metr dərinlikdə olan çuxurdan uşaq səsi eşidən bir nəfər ətrafdakıları köməyə çağırıb. Daha sonra isə onlar polisə məlumat verib.

Əsas səbəb – yasaq münasibət, rədd edilən ana və uşaq

Ümumən isə araşdırmalar göstərir ki, bu cinayəti bir qayda olaraq qadınlar törədirlər. Özü də yenicə ana olduqları gündə. Bunun səbəblərini isə o qədər də uzaqda axtarmaq lazım gəlmir. Qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçir. Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz familiyasını vermədiyi, qadından da, körpəsindən də imtina etdiyi zaman bu sayaq cinayətlər yaşanır. Belə qadınlar çox vaxt hamilə qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gəlmir. Amma uşaq dünyaya gələndən sonra da vəziyyət dəyişməyincə, çıxış yolu olaraq uşağı atmağı üstün tuturlar. Bundan başqa, tənha ana olmağı tərcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da hər kəs öz mənəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamasını arzulayan qadınlar isə daha humanist yol seçirlər. Belə ki, onlar xəstəxana, məscid və ya tanıdıqları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tanıyırlar.

Avropanın çıxış yolu olan körpə qutusu – anaya düşünmək üçün 30 saniyə verilir

Amma dünya durduqca bu sayaq problemlər olacaq – yasaq sevgi, arzulanmayan uşaq, tərk edilən qadın. Bu səbəbdən də dünya ölkələrində bu durum üçün daha optimal çıxış yolları düşünülüb. Məsələn, Rusiyanın Soçi şəhərində arzulanmayan uşaqlar doğulanda doğum evi və dövlət binalarının yanında “Baby-Box” adlı özəl qutular yerləşdirilir. İstəyən ailələr dövlətin müdafiəsinə verilmək üzrə yeni doğulan uşaqlarını qutuya qoyurlar. Əgər qadın hər hansı bir səbəblə uşağından gizli bir şəkildə vaz keçmə qərarı alırsa, bu durumda öz körpəsini bu qutuya qoyur. Qutuda qapılar qapanar qapanmaz aydınlatma, klima və isitmə sistemləri dərhal fəaliyyətə başlayır.

Ananın düşünmək üçün 30 saniyə zamanı qalır. Əgər ana qərarını dəyişdirərək uşağını geri almağı düşünürsə, ona 30 saniyəlik bir haqq verilir. Bu zaman içində qutunun qapısı açıq qalır. Amma sonra qutuların qapısı avtomatik olaraq qapanır.

Qutunun özəl bir funksiyası var. Uşaq qutuya qoyulandan sonra doğum evinə özəl bir siqnal gedir. Qutunun xarici pəncərəsində isə qırmızı işıq yanmağa başlayır. Bu siqnalın ardınca doğum evinin növbətçisi qutuya yaxınlaşaraq körpəni alır.

Image result for çöpe Atılan çocuklar

Körpəsini qaytarmaq istəyən anaya daha sonra bir şans daha verilir. Amma ana uşağın ona aid olmasını genetik analizlə təsdiqləməlidir.

Rusiyada bu cür qutulara ciddi ehtiyac var. Rusiya Səhiyyə Nazirliyindən yayılan məlumatda bildirilir ki, onlar uşaqları daha çox dəmir yolu stansiyalarından, ac və soyuq yerlərdən yığırlar.

“Uşaq qutusu” xəstəxana və sosial mərkəzlərin divarlarından asılır

Uşağı atmaq üçün Avropa ölkələrinin bir çoxunda bənzər üsullar on ildən artıqdır ki, istifadə olunur. Uşaqlar həmin qutuların içində saatlarla yaşaya bilirlər. Təxminən 3-5 dəqiqə ərzində gələn siqnaldan sonra uşaqlar həmin qutulardan götürülür.

Ümumiyyətlə, “körpə qutusu” sistemi 10 il öncədən Avropada mövcuddur. Bu sistem ilk dəfə Macarıstanda tətbiq olunmağa başlayıb, daha sonra isə Almaniyada yayılıb. Hazırda düz 13 ölkədə bu qutulardan istifadə olunur. Avstraliya, Belçika, Çexiya, Macaristan, Hindistan, İtaliya, Fransa, Yaponiya da bu sıradadır.

Bir Qərb ölkəsində xəstəxana və sosial mərkəzlərin divarlarında kiçik pəncərə, poçt qutusuna bənzəyən bir qapaq görsəniz, heç vaxt maraqlanıb açmayın. Çünki qarşınıza kiçik bir uşaq çıxa bilər. Arxa tərəfində özəl isidilmiş mini yataqların yer aldığı bu qapaqlar, istənməyən yeni doğulmuş körpələrin saxlanması üçün nəzərdə tutulub.

Körpə qutularının ən çox istifadə olunduğu ölkə Almaniyadır. Burada 80 belə mərkəz var. Körpələrə 8 həftəlik baxım tətbiq olunur. Əgər bundan sonra da ana qərarından vaz keçməzsə, onu övladlığa verirlər. Məsələn, 2015-ci ildə Hamburqda qutulara qoyulan 22 körpədən 7-sinin anası qərarından vaz keçərək, uşaqlarını geri alıb. Avstraliyada isə atılan uşaqlara sosial xidmət 6 ay baxır. Daha sonra isə övladlığa verilir.

Çexiyada Sosial İşlər Nazirliyi 2006-cı ildə körpə qutularını qanuniləşdirib. Amma ölkə polisi bəyanat verdi ki, polis tərk edilmiş uşaqların analarını axtaracaq.

Uşağını tərk edənə 5 il həbs cəzası verilir

Yaponiyada bir uşağı tərk etmək anasına 5 ilə qədər həbs cəzasına başa gəlir. Ancak Jikei Xəstəxanası özəl icazə sayəsində körpə qutusu sistemini tətbiq etməyə başlayıb. İngiltərədə isə bu sistemdən istifadə olunmur. Əksinə, iki yaşından daha kiçik bir uşağı övladlığa verən analar 5 ilə qədər cəzalandırılır.

Image result for çöpe Atılan çocuklar

Çexiyada hökumət uşağını atan anaya düşünmək üçün 1 həftə vaxt verir. Bəzi ölkələrdə körpə qutuları haqqında neqativ müzakirələr olsa da, Hindistanda bunun tam tərsi baş verir. Hindistan hökuməti bu sayaq qutuların çoxalması üçün səy göstərir. Bunun səbəbi isə ölkədə çox da rəğbət görməyən qız körpələridir. Ötən il keçirilən bir araşdırmada 500 mindən çox qız uşağının abort edildiyi üzə çıxdığından ölkədə insanların istəmədikləri uşaqlarını qoymaları üçün hardasa hər yerə körpə qutuları yerləşdirilir.

Psixoloji araşdırmalar isə sübut edir ki, qadın hamilə olduğunu öyrəndiyi andan etibarən ruhuna da, bədəninə də analıq hissi hakim kəsilir. Arzulanmayan hamiləlik məntiqin gücü ilə ilk dönəmdə sonlandırılır. Əgər qadın bunu hamiləliyinin ilk aylarında etməyibsə, demək, bu körpəni gələcək həyatı üçün xilaskar, təminatçı kimi görüb. Qadının öz uşağını atma forması onun psixoloji durumunun göstəricisidir. Belə ki, xəstəxana, kilsə, məscid… qapısına atılan uşaqlara anaları tərəfindən yaşam şansı verilir. Zibil yeşiyinə atılan uşaqsa birbaşa insan qətlinin formasıdır.
Mənbə: Musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın