Menu
Geri İrəli

Mobil telefon bazarı çöküb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2015 • Baxış sayı: 831 dəfə • Şərh yoxdur

telefonDolların məzənnəsinə görə qiymətlər kəskin bahalaşıb, alıcılar yoxa çıxıb Azərbaycanda ən rentabelli biznes sahələrindən biri böhran məngənəsindədir

Azərbaycanda manatın dollara nisbətdə ucuzlaşması həm ərzaq, həm geyim bazarında qiymətlərin bahalaşmasına səbəb olub. Qiymət artımı elektrik mallarının qiymətinə də təsir göstərib. Bahalaşma daha çox mobil telefon bazarında nəzərə çarpmağa başlayıb. Manatın devalvasiyasından əvvəllə müqayisədə hazırda telefon, planşet və digər elektron məhsulların qiymətində 30, 40 faiz bahalaşma var.

Alıcılar nə deyir?

Bir neçə gün öncə 599 manata satılan “İphone 6″ (16 gb) modeli “İntegral plus”, “İrshad telecom”, “Baku electronics” mağazalarında 839 manata təklif olunur. 499 manat olan “iPhone 5s” (16gb) modelinin isə qiyməti 665 manat olub. “HTC”, “Samsung”, “Sony” firmasının məhsullarında da qiymət artımı müşahidə olunur. Alıcılar isə yaranmış vəziyyətdən heç də razı deyillər.

Leyla Məmmədovanın fikrincə, telefonların qiymətinin birdən birə bu qədər qalxması düzgün deyil: “Bir müddət öncə “İphone 6″ almaq istədim. Ancaq düşündüm ki, 599 manata bahadır. Bir neçə aya qiymətinin bir az da enəcəyini zənn edirdim. Onda görə seçimimi ayrı modeldən yana etdim. İndi isə “İphone 6″nın qiyməti 800 manatdan bahadır. Bu gündən sonra nə qədər də qiymət ensə, yenə də alıcılar üçün baha sayılacaq”.

Nihad İslamov isə düşünür ki, indiki halda bahalı telefon almaq ağılsızlıq olar. Çünki telefonların qiyməti daim dəyişir: “Manatın dəyərdən düşməsi ilə qiymətlər çox qalxdı. Elə bu ərəfədə telefonum sındığından yeni telefon almalı oldum. Mağazadakı qiymətləri görüb şoka düşdüm. Əvvəllər 320 manata aldığım telefon indi 380 manata qalxıb. Ona görə qərar verdim ki, ən ucuz olanı alım. Onsuzda bir müddət sonra yenidən qiymətlər dəyişəcək. Əgər cibimə uyğun olsa, o zaman istədiyim modeli alacam”.

Cabir Hüseynov isə deyir ki, mobil telefonların qiyməti Azərbaycanda əvvəldən dəyişkən olub: “Bahalaşma olmasaydı, qiymətlər enməyə doğru gedirdi. Onda insanların ciblərinə uyğun şəkildə olardı. İndi isə olduqca bahadır. Elə buna görə də uzun müddət telefonumu dəyişmək haqda düşünmürəm”.

“Bu, süni yox, təbii qiymət artımıdır”

Uzun müddətdir ki, telefon satışı ilə məşğul olan Seymur Səfərov deyir ki, əslində bütün məhsulların qiyməti qalxıb. Ancaq “iPhone” modelləri baha olduğundan onlarda olan qiymət artımı daha çox nəzərə çarpır: “Telefon firması bahalaşmadan öncə, fevralın əvvəlində deyilənə görə Vergilər Nazirliyi tərəfindən bağlanıb. Topdan satış demək olar ki, işləmir. Biz heç bir yerdən mal ala bilmirik. Əvvəl-əvvəl yüngül şəkildə ordan-burdan mal götürmək olurdu. İndi o da mümkün deyil. Mağazadakı mallar da elə vitrində, bir də anbarda qalan mallardır. Tələbat sıfıra bərabərdir. Satış demək olar ki, yoxdur. İlk onu qeyd edim ki, topdansatışda telefonlar həmişə dollarla satılıb. Bu on il öncə də belə idi, indi də belədir. Əslində dollarla heç bir qiymət qalxmayıb. Firma əvvəl telefonu neçəyə satırdısa indi də o qiymətə satır. Ehtimal olunur ki, dollarla qiymət bir qədər düşəcək. Ona görə ki, tələbat yoxdur”.

S.Səfərovun sözlərinə görə manat dəyərdən düşdüyündən mağazalar qiyməti qaldırıb: “Deyirlər ki, qiymət süni artırılıb. Ancaq burada heç bir süni qiymət artımından söhbət gedə bilməz. Bu gün telefonun qiyməti hər yerdə eynidir. Məsələn, alıcı telefonu Dubaydan almaq istəsə, yenə də qiymət ona baha gələcək manatla. 199 manata satdığım telefon var idi. Bu gün onun qiyməti 232 manat olub. Yəni mən onu necə 199 manata sata bilərəm? Əgər 6 ədəd həmin telefondan satsam, əvəzinə 4-nü ala biləcəm. Onda mən bütün malları köhnə qiymətlə satsam, mağazamdakı malların üçdə ikisi qədər mal alıb qoya bilərəm yerinə. Təbii şəkildə olan qiymət artımıdır. Tələbatın olmaması isə ayrı bir dərddir. Əvvəllər 199 manata satdığım telefondan daha çox qazanırdım. İndi onu 245 manata təklif etsəm də, alan yoxdur, gəlirim də 2 qat azalıb. Bu gün telefon bazarı tam ölü şəkildədir”.

Ölkəyə gətirilən mobil telefonların sayı azalıb, qiymətləri isə bahalaşıb

2014-cü il ərzində Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib. 2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb. Qiymətdə isə 22,4 faiz artım müşahidə olunub. Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.

Aysel İsgəndərli, bizimyol.info

Facebook Şərhləndirmə:

Şərhinizi yazın