Menu
Geri İrəli

Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı: “Bir də gördüm hikkəylə girdi otağıma…”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 905 dəfə • Şərh yoxdur
Share Button

Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifindən imtina etdiyi üçün işdən çıxarıldığını iddia edib. G.Ələsgərova məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini də söyləyib. İttihamlardan biri də xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edilməsidir.

İnternat məktəbinin direktoru Allahverdi Vəliyev isə virtualaz.org saytının redaksiyasına gələrək, haqqında səsləndirilən ittihamlara cavab verib. Hazlrda özünün və ailəsinin gərgin vəziyyətdə olduğunu deyən direktor görüntülərini çəkməməyimizi də xahiş etdi.

 

“Baş tərbiyəçi iddiasında idi”

Gülnar Ələsgərova Təhsil Nazirliyinin tapşırığı ilə 2015-ci ilin aprelin 1-də 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlayıb. Direktor deyir ki, ilk 6 ayda dəfələrlə işə gecikib, bir otaqda oturduğu müəllimə ilə mübahisə edib. Oktyabrdan isə baş tərbiyəçi olmaq iddasına düşüb:

“Məktəbdə baş tərbiyəçi ştatı bağlanıb. Buna görə də, baş tərbiyəçilər ictimai əsaslarla işləyir. Ötən ilin aprelində baş tərbiyəçinin fəaliyyətini təhlil etdim, qənaətbəxş olmadığından bu vəzifəni məktəbimizin qocaman əməkdaşı Maisə Əliyvaya həvalə etdim. Bununla bağlı əmr imzaladım. Maisə Əliyevanı kollektivə mən təqdim etmək istəyirdim. Lakin həmin gün məni Təhsil Nazirliyinə çağırdılar. Müavinimə tapşırdım ki, tərbiyəçiləri toplayaraq əmri elan etsin. Həmin iclasda Gülnar Ələsgərova dava salıb, yeni baş tərbiyəçini təhqir edib, sonra əmri cırıb. Deyib ki, baş tərbiyəçi yalnız özüm olacağam”.

İclasdan sonra Gülnar Ələsgərova və Maisə Əliyeva direktora ərizə yazaraq ciddi ölçü götürülməsini tələb ediblər. Direktor isə məsələnin araşdırılması üçün ərazi üzrə polis bölməsinə müraciət edib. Araşdırma aparılıb, M.Əliyevaya qarşı cinayət işi açılıb. Lakin G.Ələsgərova barışıq ərizəsi yazıb.

 

Telefonla şantaj

Direktor deyib ki, məktəbdə 130 sağlamlıq imkanları məhdud uşaq, 56 pedaqoji heyət üzvü, 30 texniki işçi var. Ələsgərova gələnə qədər sakitçilik olub. O, gələndən sonra məktəbdə hər kəsi şantaj etməyə başlayıb:

“Telefonla səs yazırdı, şəkil, video çəkirdi. Hamıya da elan edirdi ki, sənin haqqında əlimdə materiallar var. Ona qarşı çıxanları qorxudurdu. Buna görə də, ona dəfələrlə irad bildirmişdim, amma əməllərindən çəkinmirdi”.

 

“Hikkə ilə kabinetimə gəldi…”

A.Vəliyev bildirib ki, G.Ələsgərovanın əməlləri bununla bitməyib. Mütəmadi işə gecikib, uşaqları tək qoyaraq qonşu siniflərdə vaxt keçirib. Bununla bağlı iradları isə sərt cavablar verib:

“Dedim ki, dəfələrlə xəbərdarlıq etmişəm, növbəti dəfə töhmət verəcəyəm. Sonra onunla söhbət edən müəlliməni çağırıb iradımı bildirdim. Bir də baxdım hikkə ilə kabinetimə gəldi, dedi ki, sözünüz var, mənə deyin. İkinci töhməti verdim”.

 

“Deyib ki, ona əxlaqsız təklif etmişəm, şoka düşdüm”

Allahverdi Vəliyev Gülnar Ələsgərova haqqında Təhsil Nazirliyinə şikayət edib. Gülnar Ələsgərova da öz nöbəsində direktor haqda nazirliyə şikayət ünvanlayıb. Hər ikisini də Təhsil nazirliyinə çağırıblar. Müəllimə nazirlikdə direktorun ona əxlaqsız təklif etdiyini deyib. Direktor bunu eşidəndə şoka düşdüyünü söyləyir:

“İlk anda pis vəziyyətə düşdüm. Yaxın günlərdə 60 yaşım olacaq, Gülnar Ələsgərova qızım yaşdadır. 19 ildir bu internat məktəbində direktoram, bütün kollektiv hörmətimi saxlayır. Ona əxlaqsız təklif etməyimlə bağlı dedikləri şər və böhtandır”, – Vəliyev əlavə edib.

Qeyd edək ki, G.Ələsgərova məktəbdə kameraların olduğunu, işə giriş-çıxış saatlarının qeydə alındığını söyləyərək kamera görüntülərini tələb etmişdi. Direktor isə deyir ki, məktəbdə quraşdırılmış kameraların yaddaşı 20 günlükdür. Buna görə də, kamera görüntülərini təqdim edə bilmir. “Kamera görüntülərini izləmişik, sonra müavinlərimin iştirakı ilə aktlaşdırmışıq. Amma görüntüləri saxlamamışıq”. Vəliyev onu da əlavə edir ki, bütün məktəbdə kamera olduğu halda, öz kabinetində kamera quraşdırmayıb.

 

“Mənim yeganə günahım odur ki…”

Redaksiyaya direktorun müəllimələri təhqir etdiyini, ardınca söyüşlər söydüyünü əks etdirən səs yazısı təqdim olunub. Vəliyev səs yazısının ona məxsus olduğunu etiraf edib:

“Bu, mənim 19 illik rəhbərlik tarixində yeganə səhvimdir və bunu etiraf edirəm. Həmin gün bərk əsəbiləşmişdim. İnternatın müəllimlərindən biri kabinetimə gəldi və mübahisə etməyə başladı. Bərk əsəbi olduğumdan söyüş söydüm. Əvvəlki və ya sonradan hansısa müəlliməyə söyüş söyməmişəm”.

“Uşaqlar sinifi yığışdırıblar”

Direktor onu da etiraf edir ki, uşaqlar sinif otaqlarını yığışdıra bilərlər. Amma məlum foto və video görüntülər ona şər atmaq üçün qurama ola bilər. A.Vəiyev ona intizam təhbehi verilməsi ilə bağlı deyilənləri də təkzib edib.

 

“Mağazanı göstərsin, ona bağışlayım”

İttihamlardan biri də məktəbə gətirilən ərzaqların direktora məxsus mağazada satılmasıdır. Vəliyev bu ittihamı rədd edib: “Gülnar müəllimə həmin mağazanı göstərsə, ona bağışlayacağam”.

Qeyd edək ki, Gülnar Ələsgərova işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə direktoru məhkəməyə verib. Məhkəmə noyabrın 20-də olacaq.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın