Menu
Geri İrəli

Pərakəndə ticarət sektorunda vəziyyət necədir? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2017 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

1498809675-0393Son illərdə Azərbaycan iqtisadiyyatında baş verən hadisələr, ardıcıl iki kəskin devalvasiyanın yaratdığı təlatümlər pərakəndə ticarətdən də yan ötməyib. Birbaşa ailə büdcəsinə bağlı olan bu sektor bir qayda olaraq, “cəbhə”nin ön xəttində yerləşdiyinə görə alıcılıq qabiliyyətinə təsir edən bütün hadisələr zamanı diqqətlərin yönəldiyi ilk məkan olur: manat ucuzlaşanda hamı qiymətlərin sürətlə qalxmasından,  bahalaşanda isə ləng ucuzlaşmasından danışır, şikayətlənir. Bu isə bazarın qanunudur: istehlakçı amansızdır, pərdəarxası proseslərə deyil, birbaşa cibinə təsir edən ön pərdəyə köklənir, orada baş verənlərə diqqət kəsilir…

Halbuki “ön pərdəyədək”, yəni piştaxtayadək məhsulların və onları əhaliyə çatdıran ticarətçilərin keçdiyi uzun bir yol var. Və bu yol heç də hamar deyil…

Rəsmi məlumata görə, ağır böhran ili olan 2016-cı ildə Azərbaycanda pərakəndə ticarətin həcmi əvvəlki ilə nisbətən az da olsa (1,5 faiz) artaraq 30,2 milyard manata çatıb. Satış həcminin dəyər ifadəsində artmasına rəğmən, digər göstəricilərdən pərakəndə ticarətin böhrandan xeyli zərər çəkdiyi açıq hiss olunur. Belə ki, ölkədə hüquqi şəxs statusu almış ticarət müəssisələrinin sayı 2014-cü ildəki 24 890-dan 2016-cı ildə 3 dəfəyə yaxın azalaraq 9833-ə düşüb. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı isə 191610 nəfərdən 92537 nəfərədək azalıb – 2 dəfədən çox. Ölkədə fəaliyyət göstərən mağazaların sayında da azalma qeydə alınıb: 61 742-dən 61102-ə düşüb. Ticarət köşklərinin sayı isə bu dövrdə 5898-dən 3940-a düşüb.

Qeyd edək ki, ötən 5-6 ildə pərakəndə ticarətin həcmində illik orta hesabla 10 faiz civarında davamlı artım baş verib. Bu sektorda şəbəkələşmə genişlənib (qeyri-rəsmi məlumata görə, 21 faizə çatıb), onun gətirdiyi müasir xidmət mədəniyyəti formalaşıb, məhsulların istehlakçıya təqdimatında yeni və mütərəqqi metodlardan istifadə olunmağa, alıcıya seçim imkanı yaradılmağa başlanıb. Bundan əlavə, böhranlı illərdə ticarətçilər müştərilərini itirməmək üçün dünyada geniş tətbiq olunan cəlbetmə metodlarından da istifadə etməyə başlayıblar. Son 2 ildə şəbəkələşmə prosesindəki durğunluq bu ilin əvvəllərindən etibarən yenidən az da olsa, canlanma ilə əvəz olunub.

Ticarətçilərin girov  dərdi…

Aydın məsələdir ki, pərakəndə ticarəti ümumi iqtisadiyyatdan ayrı formada götürüb inkişaf etdirmək mümkün deyil. Apardığımız araşdırmalar göstərdi ki, hazırda pərakəndə ticarət sektorunu narahat edən 2 başlıca məsələ bütün biznes üçün aktualdır. Bunlardan ən birincisi kreditlərə çıxış məsələsidir. Belə ki, xüsusilə orta və iri ticarətçilər yeni satış nöqtələrinin yaradılması üçün maliyyə resurslarına ciddi ehtiyac duyurlar. Ötən 2 ildə baş verən proseslərdən sonra bu sahədə böyük çətinliklər yaranıb: sahibkarlar getdikcə sərtləşən bank şərtlərinə, ələlxüsus da girov təminatı tələbinə əməl etmək imkanında olmadıqlarını deyirlər. Onlar bu sahədə dövlətdən dəstək gözləyirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı da biznesin kredit probleminin olduğunu dilə gətirib. O qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur. Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26 faiz, xarici valyutada isə 13-15 faizdir ki, bu da real sektorun rentabelliyi ilə müqayisədə yüksəkdir.

Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirir ki, dövlət biznesin kreditə çıxış imkanlarını genişləndirmək üçün kompleks tədbirlər həyata keçirməlidir: “Biznesin əlverişli kredit resurslarına çıxma imkanlarını genişləndirməkdən ötrü köklü və sistemli islahatlar vasitəsilə hələ çox iş görmək lazımdır. İlk növbədə Azərbaycanın pul-kredit siyasəti mexanizmi iqtisadi artım, məşğulluq, qiymətlərin nisbi sabitliyi, maliyyə bazarının, eləcə də manatın etibarlı şəkildə dayanıqlığı və makroiqtisadi sabitliyin balanslaşdırılmış şəkildə təmin olunmasına xidmət edə bilən səviyyədə yenidən qurulmalıdır. Bundan əlavə, ölkədə iki yeni güclü bank- AQRAR-SƏNAYE və İNNOVATİV İNKİŞAF banklar; yaradılmalı və onların əlverişli kreditləri vasitəsilə qeyri neft sektorunun prioritet sahələri maliyyələşdirilməlidir.”

İqtisadçı-alimin fikrincə, biznesə əlverişli şərtlərlə veriləcək kreditlər üçün maliyyə mənbəyi rolunu Dövlət Neft Fondu oynaya bilər: “Dövlət Neft Fondunun aktivlərinin əvvəlcə 1 milyard dollarlıq kiçik bir hissəsi ölkəyə gətirilməli və səmərəli işləyən nəzarət mexanizmi yaradıb, işə salmaq şərtilə prioritet sahələr üzrə sahibkarlığın inkişafına yönəldilməlidir.”

Kommunal xidmətlərə qoşulma…

Ticarət sektorunun digər mühüm problemi kommunal xidmətlərə, xüsusilə də elektrik enerjisi sisteminə qoşulmaq sahəsindədir. Belə ki, ticarətçilər bir çox hallarda obyektlərini təchizat sisteminə qoşmaq üçün əlavə xəttin çəkilməsi, yaxud yeni avadanlıqların quraşdırılması və sair işlərə 30-40 min manata qədər xərc çəkdiklərini deyirlər. Onlar təklif edirlər ki, Azərbaycanda da dünya təcrübəsi nəzərə alınaraq, biznes üçün elektrik xəttinin çəkilişi təchizatçının hesabına həyata keçirilsin.

“Azərişıq” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edir ki, biznesin enerji təchizatı Nazirlər Kabinetinin qəbul etdiyi “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən həyata keçirilir: “Qaydalara görə, tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr də daxil olmaqla), qoşulma haqqı ödənilmir. Nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, həmçinin tikinti obyektindən ETŞ-nin qoşulma nöqtəsinədək məsafə 50 metrdən yuxarı olduqda, qoşulma işlərinin görülməsi sifarişçinin hesabına həyata keçirilir.”

Qurum rəsmisinin sözlərinə görə, ölkə Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir: “Layihə-smeta sənədləri hazırlanarkən mövcud şəbəkəni gücləndirmək (naqilin en kəsiyinin artırılması, transformatorların gücünün artırılması və ya dəyişdirilməsi, ehtiyat yuvaların quraşdırılması və s.) üçün ETM tərəfindən çəkilən xərclər mütənasib olaraq nəzərə alınmalıdır.”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul deyir ki, kommunal xidmətlərlə bağlı texniki şərtlərin verilməsi “ASAN Xidmət” vasitəsilə həyata keçiriləndən sonra problemlər müəyyən qədər azalsa da, tam həll olunmayıb: “Hazırda prezidentin tapşırığı ilə texniki şərtin alınması prosedurlarının sayının 7-dən 3-ə, tələb olunan müddətin isə 69-dan 25-ə endirilməsi və elektrik şəbəkəsinə qoşulma xərclərinin optimallaşdırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir. Ümid edək ki, bu dəyişikliklər müddət və prosedurları qısaltmaqla yanaşı, sahibkarların xərclərini də azaldacaq. Dəyişikliklərin bu ilin qalan 6 ayı və gələn il ərzində həyata keçirilməsi planlaşdırılır.”

Ekspertin fikrincə, bu sahədəki problemin qaynağı xərclərin müvafiq qurum tərəfindən şişirdilməsi, sahibkarın qəsdən, süni şəkildə daha uzaq nöqtədəki elektrik mənbəyinə yönəldilməsidir: “Ona görə də bu sahədə yeganə çıxış yolunun şəffaflıq olduğu qənaətindəyəm.”

Perspektivlər…

Qeyd etmək lazımdır ki, pərakəndə ticarətdə yaxın illər üçün şəbəkələşmənin güclənməsi ən ciddi gözləntilərdən biridir. Bu, bir çox baxımdan istehlakçı və dövlət üçün müsbət tendensiyadır: birinci keyfiyyətli xidmət, daha aşağı qiymət əldə edəcək. Dövlət isə daha çox vergi, həmçinin sosial ayırma toplayacaq. Sonuncunu təsadüfən qeyd etmədik, pərakəndə ticarət dünyada əmək tutumlu sahələrdən biri hesab olunur. Məsələn, hazırda Rusiya pərakəndə ticarət sistemində 4 milyon nəfər çalışır, ölkə toplanan vergilərin 11 faizi bu bölmənin payına düşür. Azərbaycanda bu statistika, təəssüf ki, açıqlanmır. Açıqlanan məlumat ticarət və nəqliyyat vasitələrinin təmirində çalışanların sayıdır – 2015-ci ildə burada təhsil sistemindən sonra ən çox sayda  - 284,8 min nəfər muzdlu işçi qeydə alınıb. Nəzərə alsaq ki, şəbəkə marketlərində xırda və orta ticarət obyektlərindən fərqli olaraq, daha çox sayda işçi və qanuni əmək müqaviləsi əsasında çalışır, bu sahənin ölkədə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya biləcəyini söyləmək mümkündür.

Lakin pərakəndə ticarətdə şəbəkələşmə özü ilə yüksək səviyyəli xidmətlə bərabər, həm də inhisarlaşma təhlükəsi gətirə bilir. Bu baxımdan, müvafiq dövlət qurumlarının məsələyə həssas yanaşması, sektorda sağlam rəqabəti təmin edəcək tədbirlər həyata keçirməsi çox vacibdir. Bu sahədə Rusiyanın təcrübəsi diqqət çəkir. Bu ölkədə 2009-cu ildə “Rusiya Federasiyasında ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” qanun qəbul edilib. Qanuna görə, Rusiyanın hər hansı federal subyektinin, bələdiyyənin, şəhər dairəsinin ərazisində sonuncu maliyyə ilində satılan ərzaq məhsullarının dəyər ifadəsində 25 faizindən artığını reallaşdırmış olan ticarət şəbəkəsinə həmin ərazidə yeni satış obyekti yaratmaq, yaxud mövcud obyektlərinin ərazisini genişləndirmək qadağan edilir. Bu kimi hal baş verərsə, sadə bir vətəndaşın həmin şəbəkəyə qarşı məhkəmə iddiası qaldırmaq haqqı tanınır.

Qazaxıstanda da 2004-cü ildən “Ticarət fəaliyyəti haqqında” qanun qəbul olunub. Həm daxili, həm də xarici ticarəti tənzimləyən sənəd Rusiyadakı qanundan daha mütərəqqidir, inhisarlaşma və qiymət oyunlarının qarşını almaq üçün daha konkret tədbirləri nəzərdə tutan müddəaları var.

Azərbaycanda inhisarçılığa qarşı mübarizə  “Antiinhisar fəaliyyəti haqqında” və “Haqsız rəqabət haqqında” qanunlarla tənzimlənir. Lakin bu qanunlarda inhisarlaşmaya qarşı müddəalar ümumi xarakterlidir. Bu baxımdan, mütəxəssislər hesab edirlər ki, uzun müddətdir Milli Məclisdə müzakirələri aparılan Rəqabət Məcəlləsinin, eyni zamanda pərakəndə ticarət sahəsində münasibətləri tənzimləyən xüsusi qanunun qəbuluna ehtiyac var.

Dünya Sakit

Yazı Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı  müsabiqəsinə təqdim olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın