Menu
Geri İrəli

Radikal dini cərəyanlar təhlükəsi hökuməti hərəkətə gətirdi – ANALİZ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2014 • Baxış sayı: 786 dəfə • Şərh yoxdur

Şeyxülislam, nəhayət, sükutu pozdu, dövlət qurumları radikal təriqətlərə qarşı tədbirlər hazırlayır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə son zamanlar aktuallaşaan və cəmiyyəti narahat edən radikal dini cərəyanlarla bağlı bəyanat yayıb. Yanvarın 28-də QMİ-də keçirilən toplantıda Şeyxülislam nəhayət sükutu pozaraq Azərbaycanda fəallaşan radikal dini cərəyanlara və komnkret olaraq Suriyaya savaşa gedən azərbaycanlar mövzusuna münasibət bildirib.

 publika.az139082279511343Allahşükür Paşazadə Ümrə ziyarətinə yollanıb

QMİ-nin bəyanatında qeyd olunur ki, “bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması bizi narahat edir”. QMİ-nin sənədində bildirilir ki, qurum son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən, ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib.

Fətvada bildirilir ki, “İslam dinində şəhidlik – iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı var, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edir”.

Sonda isə qeyd olunur ki, Qazılar Şurası qərara alır ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar. Ümidvarıq ki, xalqımız, dindarlarımız İslamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərinin hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcəkdir, inşallah!”.

 

Şeyx həmçinin çıxışında bəzi məmurların övladlarının radikal dini cərəyanlara qoşulduğunu və dövlətə qarşı iş apardığını bildirib

Şeyx həmçinin çıxışında bəzi məmurların övladlarının radikal dini cərəyanlara qoşulduğunu və dövlətə qarşı iş apardığını bildirib. QMİ sədri bu hallarla mübarizə aparacaqlarını, eyni zamanda məscidlərdən təxribat üçün istifadə edənlərə qarşı inzibati tədbirlər görüləcəyini deyib.

Yer gəlmişkən, yanvarın 28-i yalnız Şeyxin bəyanatı ilə yadda qalmayıb. Elə həmin gün axşam daxili işlər naziri Ramil Usubov keçirdiyi kollegiya iclasında radikal dini təriqətlərlə bağlı tapşırıq verib. Nazir bidlirib ki, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır.

Şeyxin bu addımı müəyyən mənada gecikmiş addımdır

Qeyd edək ki, bu hadisə yəni Şeyxülislamın Azərbaycanda son dövrlərdə xeyli dərəcədə fəallaşan radikal sələfi qrupları barədə bəyanat verməsi gözlənilən idi. Hətta belə demək olar ki, Şeyxin bu addımı müəyyən mənada gecikmiş addımdır, çünki Azərbaycanda radikal qruplaşmalar 20 ilə yaxındır fəaliyyət göstərir, sonuncu iki ildə isə bu qruplaşmalar aktiv şəkildə Suriyaya döyüşçü göndərir, bu şəxslər hətta Suriyadan Azərbaycandakı tərəfdarlarına videomüraciət ünvanlayaraq onları Suriyada döyüşlərə dəvət edirdilər. Azərbaycanda isə radikal qruplaşmalar son 7 ildə bir sıra terror hücumları həyata keçiriblər, basqınlar, dövlət məmurlarına qarşı silahlı müqavimət və sair kimi cinayətlərə imza atıblar. Belə bir vəziyyətdə ölkənin formal olaraq dini lideri statusunda olan bir şəxsin mövqe bildirməsi lazım idi. Ancaq Şeyx uzun müddət “səbir nümayiş etdirərək” proseslərə müşahidəçi nəzərlərlə baxdı.

 

İndi isə artıq susmaq mümkün deyil. Çünki radikal dini qruplar xeyli dərəcədə fəallaşıblar və dövlət üçün təhlükə mənbəyinə çevriliublər.

Son günlər Suriyada artan azərbaycanlı ölümü, eyni zamanda paytaxtda və bəzi bölgələrdə sələfi məscidlərində baş verən gərginliklər, eyni zamanda sələfi qrupları daxilində yaranan gərginlik, sələfi ruhanilər arasında qarşıdurmanın miqyası təhlükənin ölçüsünü açıq şəkildə göstərməyə başlayıb. Müvafiq dövlət qurumları artıq məsələyə münasibət bildirərək təhlükəyə işarə ediblər. Ötən ilin dekabrın 11-də Sumqayıtda baş verən silahlı qarşıdurma təhlükənin miqyasının xeyli böyüdüyünü göstərirdi.

Ən birinci danışmalı olan Şeyxülislam sonuncu danışdı

İndi isə sükutu pozmaq növbəsi Şeyxə çatıb. Ancaq belə demək olarsa, ən birinci danışmalı olan Şeyxülislam sonuncu danışdı. Bu isə bütün Qafqazın Şeyxinin dini camiə daxilində baş verənlərə xeyli dərəcədə ehtiyatlı yanaşdığını ortaya qoyur. Bunun isə bir neçə səbəbləri ola bilər. Birincisi, Şeyx dünyanın bütün müsəlman ölkələri, o cümlədən sələfi əqidəli ərəb rejimləri ilə isti münasibətlərinin olduğu və bu ölkələrlə siyasi münasibətləri pozmaq istəməyə bilər. İkincisi, belə ehtimal etmək olar ki, bu icmaların bir çoxu ilə uzun müddət əməkdaşlıq edən Şeyxülislam indi birdən birə bu icmaları gözdən çıxarmaq istəmir. Üstəlik, bu qüvvələrin təsir imkanlarının güclü olduğunu bilən Şeyx özünü birbaşa hədəfə çıxarmaq istəmədiyi üçün arxa planda qalmağa çalışır. Yeri gəlmişkən, yanvarın 28-də Şeyxin mətbuat konfransı və fətvasından dərhal sonra naməlum qüvvələr QMİ sədrinin ərəb ölkələri ilə məxfi əlaqələri, ərəb qurum və şəxslərindən pul alması ilə bağlı kompromat yayıldı. Bu isə onu göstərir ki, Şeyxə qarşı şantajxarakterli qaraqüvvələr tərəfindən ciddi hücumlar hazırlanır və QMİ sədri bunu buldiyi üçün həddən artıq ehtiyatlı olmağa çalşır.

Artıq hökumət ən yüksək səviyyədə ölkədəki radikal dini qruplaşmalara qarşı mübarizəyə başlayır

Ancaq artıq bu mərhələ arxada qalıb və görünən odur ki, artıq hökumət ən yüksək səviyyədə ölkədəki radikal dini qruplaşmalara qarşı mübarizəyə başlayır. Şeyxin və eyni gündə daxili işlər nazirinin açıqlamaları belə deməyə əsas verir ki, bir qədər əvvəl mətbuatda da yazıldığı kimi, dövlət orqanları bütün istiqamətlərdə təhlükəli dini cərəyanları sıxışdırıb əzməyə çalışacaq. Ancaq bu tədbirlər hansı formada olacaq, dövlət qurumları radikal cərəyanla qaraşı hansı metodlarla mübarizə aparacağı hələ dəqiq bəlli deyil.

Bu cür cərəyanlara qarşı təbliğat və maarifçi fəaliyyətlər də olmalıdır

Aydın məəslədir ki, polis və təhlükəsizlik orqanları bu qrupları zərərsizləşdirməyə, cinayət törədən üzvlərini həbs etməyə çalışacaq. Ancaq bu metodlar kifayət etmir, bu cür cərəyanlara qarşı təbliğat və maarifçi fəaliyyətlər də olmalıdır. Ancaq bunun üçün QMİ-nin demək olar ki, heç bir fəaliyyəti olmayıb. Sonuncu mətbuat konfransında da Şeyx maarifçilik tədbirlərindən danışsa da, konkret nələr etdiklərini və ya etməyi planlaşdırdığını demədi. QMİ sədri daha çox admnistrativ metodlardan danışdı və təhlükəli məscidin bağlanacağı, qanunlara qarşı olanların cəzalandırılacağını bildirdi.

Beləliklə, yanvarın əvvəlindən dini sahədə başlayan gərginlik artıq ən həssas mərhələyə qədəm qoyub. Azərbaycan rəsmi qurumları ölkədəki təhlükəli dini qruplaşmalara qarşı cəhbə açıldığını rəsmən bəyan etdilər. Bu prosesdə hansı addımların atılacağı, başladılan prosesin hansı nəticəni verəcəyini isə zaman göstərəcək. Ancaq indi ortada bir həqiqət var. Azərbaycan təhlükəli dini cərəyanlar üçün sürətlə münbit əraziyə çevrilir. Tezliklə ciddi addımlar atılmasa, Azərbaycanda bu cür radikal təkfirçi qruplaşmaların daha ciddi təhlükəli fəaliyyətlərinin şahidi ola bilərik. Bir sözlə, ölkəmiz dini qruplaşmaların ziddiyyəti zəminində poliqona çevrilə bilər.

Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi

birlik.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın