Menu
Geri İrəli

Respublikamızın bazarları, ticarət mərkəzləri niyə yanır, intiharlar niyə artır?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2014 • Baxış sayı: 928 dəfə • Şərh yoxdur

 Bədxahlarımızdan Azərbaycana qarşı iqtisadi diversiya və terror…

 karvan-1_1Yalnız iş adamları – sahibkarlar, biznesmenlər deyil, həm də əhalimizin alıcı olmaq məcburiyyətində qalmış böyük bir qismi də, yəni yüz minlərlə adam 2010-cu ildən (hələ bir az da əvvəl) başlayaraq, respublikamızın regionlarındakı və hətta Bakı və Sumqayıtdakı mühafizəsi guya daha etibarlı təmin olunmuş iri bazarların, ticarət mərkəzlərinin müəyyən fasilələrlə müəmmalı şəkildə yanğına məruz qalmasının, nəticə etibarı ilə Azərbaycana dəymiş yüz milyonlarla manat dəyərində itkinin-zərərın sarsıntısını, ictimai narahatlığını keçirirlər. Hamıya məlum olan həmin hadisələrin təfərrüatına varmazdan əvvəl, nə qədər acı olsa da, analitik baxımdan ilk növbədə bazarların və ticarət mərkəzlərinin 2012-2013-cü illərdə və bu ilin 3 ayında yan(dırıl)masının xronoloji ardıcıllığına diqqət yetirmək lazım gəlir:

 Mingəçevir Ticarət Mərkəzi               – 25  avqust  2012

Binə bazarı                                     - 12 sentyabr 2012

“Park Plus” (Sabunçu rayonu)           - 22  noyabr  2012

 “Sədərək” bazarı                              - 19  fevral  2013

“Sədərək” bazarı  (2-ci dəfə)             – 18   iyun   2013

 Binə bazarı  (2-ci dəfə)                    - 10 avqust  2013

“Sədərək” bazarı  (3-cü dəfə)            – 8 sentyabr 2013

Tərtər bazarı                                   -  2 oktyabr  2013

Sumqayıtın “Karvan” Ticarət Mərkəzi – 19  oktyabr 2013

Binə bazarı (3-cü dəfə)                     – 13  dekabr 2013

Gəncə bazarı                                   – 14  dekabr 2013

 Şəki bazarı                                        –  2 fevral  2014

Astara bazarı                                    – 17  fevral 2014

“Sahil” Ticarət Mərkəzi (Bakı)              – 12  mart  2014

“Moskva” Ticarət Mərkəzi (Bakı)          – 14  mart  2014

 Və, əgər səhv deyilsə, bu bazar yanğınları silsiləsinin ilk “simptomu” özünü hələ 2010-cu ilin 27 oktyabrında göstərmişdi. Lakin o zaman alova bürünən “8-ci kilometr” bazarının yanması bizim üçün nə ilk siqnal, nə də “son dərs” olmamışdı. Biganəliyimizin, hadisənin baş vermə səbəbini dərindən araşdırmamağımızın, analoji bədbəxtçiliyin qarşısının alınması üçün radikal tədbirlər görməməyimizin nəticəsidir ki, bu gün respublikamızın ticarət şəbəkələrinin arzuolunmaz “qara siyahı”sı ilə üzləşmişik. Heç də tam olmayan (bir-çox bu cür yanğın hadisələri siyahıya daxil edilməyib) bu “alovlanan” siyahıya səthi nəzər yetirdikdə belə bu hadisələrin xoşagəlməz dinamikası heyrətləndirməyə bilmir. Belə ki, 3-4 il əvvəl bu cür hadisələr 2-3 yerdə olmaqla təsadüfi xarakter daşıyırdısa, təkcə ötən 2013-cü ildə respublikamızın yanğına məruz qalmış bazar və ticarət mərkəzlərinin sayı 8-ə çatmışdır.  Bu ilin cəmi 3 ayının statistikası isə daha pessimistdir – yanvar-mart aylarında 4 obyekt – iki bazar və iki iri ticarət mərkəzi yanmış, başqa planetlərdən gələnlərə, yadlara deyil, Azərbaycan vətəndaşlarına məxsus on milyonlarla manatlıq əmlak yanaraq külə dönmüşdür. Və kimlərsə “məndən ötdü, qardaşıma dəydi” düşüncəsi ilə bunun fərqinə varmaq istəməsə də, bütövlükdə “qırılan-itən” bizlərdəndir, xalqın əmlakından, bizim hər birimizdən, ümumi “təsərrüfatdandır”.

Yadımdadır, ötən ilin oktyabrında Sumqayıtın “Karvan” Ticarət Mərkəzində baş vermış dəhşətli yanğın zamanı (hansısa bir imkanlı səlahiyyət sahibinin bir-neçə ay əvvəl inşaat və təhlükəsizlik normalarını vecə almadan yanğınsöndürən maşınların əraziyə daxil ola biləcəyi yeganə yolu orada tikdirdiyi üçmərtəbəli obyektlə kəsməsi yanğının nəticələrinin daha ağır olmasına səbəb olmuşdu) nə qədər adam, hətta “pula pul deməyən” kişilərdən bəzilərı göz yaşlarını saxlaya bilməmiş, neçəsi ürək tutmasından “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara çatdırılmışdı. Axı, onların çoxu elə həmin gün ya öz vəsaiti, ya da alverdən qazanacaqları ümidi ilə borc götürdükləri pulla 10-15 min manatlıq, bəziləri isə daha çox məbləğdə təzə mal götürmüşdülər. Ancaq təzəli-köhnəli bütün mallarının hamısı ticarət mərkəzində iş vaxtı bitdikdən cəmi 10-15 dəqiqə sonra tamamilə yanaraq külə dönmüşdü…

Şəxsən məni həmin yanğının daha çox yandırdığı “Karvan”ın ikinci mərtəbəsində yerləşən mebel şöbəsindəki neçə-neçə evə yaraşıq, gənc ailələrə sevinc bəxş edə biləcək, əksəriyyəti xarici istehsal olan, yüksək zövqlə işlənmiş, bir-birindən yaraşıqlı, bahalı mənzil-məişət mebellərinin yanıb külə dönməsi idi. Bu gün də o dəhşətli mənzərəni təsəvvürə gətirmək çox ağırdır. Heyf onlardan, çox heyf! Və görün, əgər həmin mebellərin yanması onları almaq, əldə etmək imkanında olmayan mənə və digər adi alıcılara bu dərəcədə təsir edirsə, bəs onda o malların sahiblərinin halı, düşdüyü vəziyyət necədir?

Təkcə bir fakt. 40 yaşı ötsə də, imkansızlıq üzündən ailə qura bilməyən, yanğından hələ bir gün əvvəl buna görə dostunun qınağına cavab olaraq təzə-təzə alış-verişin çəmini tapdığını deyərək, sabaha ümidlə, nikbinliklə “hər şey düzələcək” söyləyən, ertəsi gün dükanına borc-xərclə xeyli təzə mal gətirən bir gənc bu gün nəinki borcun altından çıxa bilmir, hətta dərd-fikir əlindən artıq neçə aydır ki yorğan-döşək xəstəsidir. Və heç şübhə yoxdur ki, bu vəziyyətə düşən təkcə o deyildir.

Bir-neçə fakta da nəzər yetirsək, əhalimizin (bizim əhalimizin!) itkilərinin miqyasını, həcmini təxmini də olsa, təsəvvür etmək olar. Belə ki, üç dəfə (!) yanğına məruz qalmış  Binə bazarında üst-üstə 120-dən artıq mağaza, xeyli böyük ticarət ərazisi yanıb, yüzlərlə dükan isə az-çox dərəcədə zərər çəkmiş, hər bir sahibkara, mətbuatda qeyd olunduğu kimi, təxminən 250 mindən 1,5 milyon manata qədər ziyan dəymişdir.

Sədərək bazarında yalnız 2013-cü ildəki üş yanğın nəticəsində içərisində milyonlarla manat dəyərində mallar olan 50-dən artıq konteyner, məişət əşyaları ilə dolu olan böyük bir anbarın 1400 kv.m. sahəsi,  70-dən çox dükan yanmışdır.

Sumqayıtın “Karvan” Ticarət Mərkəzində işin sonunda baş vermiş yanğın isə şəhərin sahibkarlarına ümumilikdə 200 milyon manatdan artıq ziyan vurmuşdur. Yanğın “dalğası” Şəkiyə, Minğəçevirə, Gəncəyə, Astaraya… Tərtərə də  gedib çatmışdır. Bu ilin fevralında Şəkinin bazarını cənginə almış yanğın zamanı 2500 kv.m.-dən artıq ticarət sahəsi, 90-dan artıq sahibkarın dükanları içərisindəki mallarla birgə yanlb sıradan çıxmışdır.

Paytaxtımızın “Sahil” Ticarət Mərkəzində bu il martın 12-də 1500 kv.m. ticarət sahəsini külə çevirmiş yanğından cəmi bir gün ötdükdən sonra – martın 14-də Bakının ən böyük ticarət mərkəzlərindən olan “Moskva” univermağında baş vermiş, yanğınsöndürənlərin çox çətinliklə qarşısnı aldıqları, lakin milyonlarla manat dəyərində  qızıl-zinət əşyalarının yanıb-əriməsinə səbəb olmuş dəhşətli yanğın respublikamıza ciddi maddi ziyan vurmuşdur.

Görəsən, Binə bazarı 2013-cü ilin 13 dekabrında (nəhs ildə, nəhs gündə?..) 3-cü dəfə yandı(rıldıq)dan sonra elə səhərisi günü – dekabrın 14-də, Azərbaycan bir dəhşətli yanğının “yanğısından” qurtarmamış diğər bir böyük ticarət mərkəzinin – Gəncə bazarının da yan(dırılma)masını təsadüfi hesab etmək olarmı? Əgər təsadüfi idisə, bu “təsadüf” niyə başqa bir obyektdə yox, məhz yenə də elə bazarda baş vermişdi?

Axı, niyə düşünmürük və hətta özümüzə belə bir fikri yaxın buraxmaq istəmirik ki, bütün bu yanğın hadisələri hər birimiz, hər bir azərbaycanlı üçün ümumi düşmənimizin açıq-aydın “bax, bu mənəm haa!..” siqnalı idi (mətbuatda da həmin hadisələr baş veməzdən əvvəl bəzi şahidlərin həmin ərazilərdə şübhəli adamların dolaşdığını gördükləri bildirilib). Biz bu “siqnal”ı nə o vaxt “qəbul etmək” istədik, nə də onun üstündən düz 3 ay keçdikdən sonra – bu il martın 12-də “Sahil” Ticarət Mərkəzinin, ondan cəmi bir gün ötdükdən sonra isə – martın 14-də “Moskva” Ticarət Mərkəzində baş vermiş yanğınlar zamanı.  Diqqət edək:  14 dekabr, 14 mart… Təsadüfdürmü?

Müxtəlif vaxtlarda Səbail rayonunda gəminin göyətəsində,  Kürəkçay dəmiryol stansiyasında, yük qatarında,  Sumqayıt  yük qəbuletmə stansiyasında, Goygöl rayonundakı kino-teatrda, Cümə məscidində, İran və Özbəkistan səfirliklərinin ərazilərində və s. baş verən yanğınlar, o cümlədən Şəmkir rayonunun Qapanlı kəndində fermanın 360 kv.m.-lik damının qışın oğlan çağında (28 fevral 2012-ci ildə), 150 baş qoyun-quzunun tələf olması ilə nəticələnən yanğın hansı səbəblərdən baş verib?

Biz bütün baş vermiş yanğınları elektrik xətlərindəki qisa qapanma, elektrik sobalarının söndürülməsinin unudulması və digər müxtəlif cür səhlənkarlıq, sahibkarların bir-biri ilə gizli, qərəzli rəqabətinin nəticəsi və s. kimi izah etməyə çalışaraq, bundan o yana getmək fikrində olmadıq. Özümüzü əsl səbəb axtarışında ciddi müzakirələr, mülahizələr və s.-lə yormaq istəmədik. Axı, “nəyimizə lazım idi?”. Xalqımızın böyük dərdçəkəni C.Məmmədquluzadə səbəbsiz deməmişdi ki, “müsəlmana ağıl fikirləşmək üçün yox, məşğulat üçün verilib”?!.

Əslində, ona etiraz etmək istəmirəm ki, bu silsilə yanğınlar həqiqətən qısa qapanmadan, səhlənkarlıqdan baş verib. Bəli, qısa qapanmadan, ancaq hər birimizin bugünü-sabahı fikirləşmədən özümüzü cəmiyyətdən təcrid etməyimiz səbəbindən, özümüzə “qısa qapanmağımızdan”, bunların nədən baş verməsinin səbəblərini ciddi araşdırmamaq… səhlənkarlığımızdan.

Gəlin, lap elə qəbul edək ki, bu və ya digər yanğın elektrik qısa qapanmasından törəyib. Axı bu “qapanma” mina deyil, “oqnemyot” atəşi deyil ki, birdən-birə geniş bir ərazini alova bürüsün. Yəqin ki, qısa qapanmadan baş verən yanğın öz başlanğıcını kiçik bir yerdən – 1-2 kv.m.-lik sahədən götürür, onu isə 4-5 nəfərin köməkliyi ilə də söndürmək olar. Ancaq necə olur ki, bütün bazar “qısaqapanmaları” çox qısa bir zamanda geniş əraziləri alova bürüyür?

Niyə də belə bir fikri özümüzə yaxın buraxmaq istəmirik ki, bütün bu yanğınların, o cümlədən adını “intihar”, “özünəqəsd” qoymağa çalışdığımız ölümlərin və bir çox dəhşətli hadisələrin əksəriyyəti (hamısı olmasa da) düşmənlərimizin – erməni daşnaklarının ərazilərimizə soxulan ayrı-ayrı təxribat qruplarının, onların xüsusi təlimatlarla şəhər və kəndlərimizə göndərilən, digər millətlərdən olan “muzdlu nökərlərinin” əməlləridir? Məgər ötən dövrlərdə qatarlarımızda, metroda baş verən dəhşətli hadisələri onlar törətməmişdilərmi? Bir vaxtlar “ermənilər Şuşaya girməzlər” deyib o müqəddəs yurdu öz səhlənkarlığımız, müsəlman arxayınçılığımız, burnumuzun ucundan irəlini görməməyimizlə əldən vermədikmi?.. Bəlkə, yetər xalqımıza bu qədər bədbəxtçiliklər gətirmiş arxayınçılığımız?

Axı, niyə unuduruq ki, Göyçə-Zəngəzur ellərinə, Xocalıya, Şuşaya, bütün Qarabağa, 20 Yanvar, 20 Noyabr faciələrinə görə biz qisas almalı olduğumuz halda, daşnaklar bizdən özlərinin təxribatla törətdikləri Sumqayıt, Bakı “hadisələrinə”, akademik Ziya Bünyadova, ermənilərə qan uddurmuş Fətulla Hüseynova, Azərbaycanın Milli Qəhrəmanları İbad Hüseynova, Allahverdi Bağırova, Əliyar Əliyevə, Mübariz İbrahimova, Ramil Səfərova görə qisas almaq niyyətlərindən daşınmayıblar və heç daşınmaq fikrində də deyillər? Onlar nə qəhrəman oğullarımızı, nə də Azərbaycanın bugünkü sürətli, yüksək inkişafını, regionda həm iqtisadi, həm də siyasi güc mərkəzinə çevrilməsini bizə bağışlaya bilmirlər. Hətta bugünlərdə qatı daşnak olan cəllad-prezident  Sarkisyan dünya siyasətçilərinin qınağından çəkinməyərək (əslndə onu “qınayan”, “gözün üstə qaşın”, “Xankəndidən üstdə qədim Azərbaycan şəhəri var” deyən varmı ki? Kim deyəcək? – V. Putin, yoxsa B.Obama?), həyasızcasına özünün güc strukturlarının rəhbərlərinə təpinib ki, Ramil Səfərov niyə bugünə qədər sağdır?

Niyə unuduruq ki, erməni faşistləri “ASALA”nı və onun yeni təşkilatını mozambiklidən, nikaraqualıdan qisas almaq üçün yaratmayıbılar? Onların daimi hədəfi Türkiyə və Azərbaycandır.  Və, inanmaq olarmı ki, erməni faşistləri özlərinin uydurma “genosid”inin gələn il aprelin 24-də qeyd edəcəkləri 100 illiyinə ciddi təxribat,  “qisas” tədbirləri  planlaşdırmayıblar?  Respublikamızın hər yerində iri ticarət mərkəzlərinin, bazarların onların “kamikadze”lərə bənzər təxribatçıları tərəfindən yandırılmasının, həmin yanğınların hamısının olmasa da, müəyyən qisminin “genosid yubileyinə” onların “hədiyyəsi” olmadığına inanmaq olarmı? Kim bunun heç də belə olmadığını təsdiq edə bilər?

Axı, biz ölkəmizdə sayı gündən-günə artan şübhəli ölümlərin hamısını nə vaxta qədər “intihar” adlandıracağıq? Niyə düşünmürük ki, axı, bu qədər intihar ola bilməz, bəlkə bunların bir hissəsi intihara “oxşadılan” qəsdlərdir – dilimizi yaxşı bilərək, kənd və şəhərlərimizdə arxayın-arxayın dolaşan erməni təxribatçılarının qəsdləri? Bəlkə, bunları təkcə dilimizi deyil, müsəlman laqeydliyimizi də yaxşı bilən erməni agentləri şəhər və kəndlərimizi dolaşaraq, imkan düşdükcə, onu orda, bunu burda təkləyərək, yanlarında hazır vəziyyətdə gəzdirdikləri ip-kəndirlə öz qəddar əməllərini törədirlər? Yoxsa, ola bilərmi ki, həyata yenicə qədəm qoymuş, ata-ana nəvazişi ilə böyüyən, bunu dərk edəcək dərəcədə özünəqəsd fikrində ola bilməyən, heç boyu da kəndirin asılacaq yerinə çatmayan 7-8 yaşlarında uşaq özünə qəsd etsin? Niyə, hansı səbəbdən? Axı, bu heç cür ola bilməz! Məgər damdan, balkondan yıxıldıqları, çaylarda boğulduqları, dənizə batdıqları, evində, gözdən uzaq meşədə öldükləri söylənilənlərin hamısımı özlərinə qəsd edənlərdir?  Türk dünyasının hər bir övladının qanına susamış “ASALA”nın agentlərinin bu ölümlərdə qətiyyən əli yoxdurmu? Bəlkə onların terror təşkilatları aydan arı, sudan duru, humanist bir təşkilat kimi yalnız “yolka bayramları”, ad günləri keçirməklə, “dinc quruculuq işləri” ilə məşğuldurlar? Bəsdir bu qədər sadəlövh olmağımız!

Nə qədər vaxta kimi biz Ziya Bünyadov, Aydın Məmmədov, Afiyəddin Cəlilov,  general-leytenant Rail Rzayev (Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı) kimi vətənpərvər, igid oğullarımızın dəhşətli  qətllərini bir-birimizin ayağına yazmağa çalışıb, “erməni faktorunu” qətiyyətlə qəbul etmək istəməyəcəyik?

…Gələn il aprelin 24-ü – bütün dünya ermənilərinin planetin bütün xalqlarından mərhəmət və heç bir millət üçün edilməmiş müstəsna güzəştlər umacaqları, bunun üçün mümkün qədər çox süni “timsah göz yaşları” axıdacaqları “genosid”in 100 illiyidir. Heç şübhə yoxdur ki, onlar özlərinin bu tarixi “qara bayramlarını” Türkiyə və Azərbaycana irili-xırdalı ziyan vurmaqla, təxribat törətməklə qeyd etməyə çalışacaqlar. Odur ki, ölkəmizin və xalqımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayanmış hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı biz də – hər bir Azərbaycan vətəndaşı nəinki evimizdə-bağımızda, həm də ictimai yerlərdə, nəqliyyatda, metroda – hər yerdə ətrafımızdakı adamlara, obyektlərə, hadisələrə qarşı son dərəcə diqqətli, ayıq-sayıq olmalıyıq. Unutmayaq, arxamızda və hətta irəlidə hələlik bizdən də ayıq-sayıq, “arxalı köpək” olan düşmənlərimiz var!..  Unutmayaq!…

Rəhman ORXAN.

   P.S.  Yazı çapa hazırlanarkən daha bir mühüm obyektdə – neftin toplandığı çənlərdən birində yanğın baş verdiyi məlum oldu. Özü də yayın od kimi qızmar bir günündə yox, havaların “qeyri-sabit”, yağışlı-yağmurlu keşdiyi yaz günlərindən birində. Görəsən, bəs, yan-yörəsi bağlı olan, öz-özünə alışma ehtimalı olmayan çən nədən od tutub yandı? Burda da düşmən barmağı yoxdurmu?..

Onunla “təsəlli” tapdıq ki, “yaxşı ki, bir gün əvvəl çəndəki neft boşaldılıbmış”. Bəs, boş olmasaydı və ya diversant “kiçik bir səhvə” yol verməsəydi, necə? Bəlkə, bir qədər də ayılaq, düşünək? Ayılaqmı? Bəs daha nə vaxt?..  

intihar

 

898_n karvan-1_1 4028

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın