Menu
Geri İrəli

Sahibkarlara dəymiş ziyanın məbləğı araşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 509 dəfə • 1 şərh

“Karvan” Ticarət Mərkəzindəki mağazalarda yanmış mal və əşyaların siyahısı hazırlanır
996952_534399273304392_976670034_n

Sumqayıt şəhərindəki ən böyük alış-veriş obyektlərindən olan “Karvan” Ticarət Mərkəzinin yanmasından bir həftə ötür. Ötən bir həftədə yanğından ziyan çəkən sahibkarlara dəymiş ziyanın heç olmasa, bir hissəsinin kompensasiya edilməsi ilə bağlı müzakirələr aparılsa da, hələ ki, ortada konkret bir qərar yoxdur. Əsas səbəb isə sahibkarların öz mallarını və mağazalarını bu cür təhlükələrdən sığorta etdirməməsi göstərilir.

“Həftə içi”nin əməkdaşı olaraq Ticarət Mərkəzində görülən tədbirlər barədə ətraflı məlumatlar almaq üçün həmin ünvana yollandıq. Həqiqətən də Ticarət Mərkəzinin 90 faizdən çox ərazisi tamamilə yanaraq kül olub. Hətta bu nəhəng obyektin dam örtüyü də tamamilə yanıb. Bir sözlə, indi burada salamat heç nə tapmaq mümkün deyil. Amma öyrəndik ki, Ticarət Mərkəzinin rəhbərliyi ərazidə təmizlik işləri aparmaq üçün işçi qüvvəsi çağırıb. Hətta ayrı-ayrı təşkilatlar da burada yanğından sonrakı tullantıların təmizlənməsinə cəlb edilib. Biz ərazidə olarkən yanğın zonasında təmizlik işləri aparılırdı. Polis əməkdaşları isə orada ictimai təhlükəsizliyə nəzarət edirdi. Fəhlələr və sahibkarlar yanmış mal və əşyaların qırıntılarını, eləcə də dam örtüyünün yanmış hissələrini, dəmir və metal parçaları “KaMAZ” markalı yük maşınlarına yükləyirdilər. Təmizlik işlərində zərərçəkənlərin özləri də yaxından iştirak edirdi. Yanğının acı və boğucu iyi hətta Ticarət Mərkəzindən uzaq məsafələrə yayılırdı.
Ticarət Mərkəzinin yuxarı mərtəbələrində işləyən fəhlələrin əksəriyyətinin ağzında tənzif və başında dəbilqə var idi. Burada yanğın nəticəsində zərərçəkimiş fiziki şəxslərlə də görüşdük. Rəhman Məmmədov adlı sahibkar dedi ki, uşaq geyimləri mağazasını icarəyə götürübmüş. Onun sözlərinə görə, bütün əşyalar tamamilə yanıb: “Yanğın nəticəsində mənə 28 min manat ziyan dəyib. Müdiriyyət söz verib ki, hər şey yaxşı olacaq. Amma biz dövlətdən kömək istəyirik. Bura Sumqayıt şəhərində ən böyük ticarət obyektidir. Şəhər əhalisinin 70 faizi evinə cörəyi burdan aparırdı. Yanğın oktyabrın 19-da saat 19:30-da baş verdi. Heç nə çıxarda bilmədik. Hər yer şıddətli alovla yanırdı. Yanğın zamanı Ticarət Mərkəzinin içərisi alıcılarla, işçilərlə dolu idi. Tüstüdən nəfəs almaq olmurdu. Xoşbəxtlikdən camaat sağ-salamat çıxa bildi”.
Başqa bir sahibkar – Mehman Nəcəfov Qubadlı rayonundan məcburi köçkün olmaqla həm də 2-ci qrup Qarabağ əlilidir. O, Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yanaraq kül olmuş mağazasının yerini göstərib deyir ki, 136 saylı mağazanın sahibidir. Onun sözlərinə görə, mağaza qiymətli xəz dəri mallar, dublyonkalarla dolu imiş: “Bu mağazada 130 min manatlıq malım yanıb. Hər ay vergi, sosial müdafiə və yerhaqqı ilə birlikdə 700 manata qədər vəsait ödəyirdik. İndi isə bizə sahib çıxan yoxdur. 3 uşağım var, onların toylarını eləməmişəm. Nəyim varsa, hamısı yandı. İndi bilmirəm nə edəcəyəm, ailəmi nə ilə dolandıracağam. Yalnız bazarın sahibi ilə görüşəndə bizə bildirdilər ki, köməklik olunacaq. Amma köməklik nədən ibarət olacaq, nə vaxt olacaq – bunu bilmirik. Ümidimizi ancaq Allaha bağlamışıq. Bizə ancaq dövlər köməklik göstərə bilər”.
Araz Zeynalov adlı fiziki şəxs isə “Karvan”ın 1-ci mərtəbəsində 20-yə yaxın mağazasının yandığını söylədi: “Burada ayaqqabı, kostyumdan tutmuş qadın geyimlərinədək müxtəlif mallar satırdıq. Bu mağazaları icarəyə götürmüşəm. Yanğın nəticəsində 1 milyon 200 min manat mənə maddi ziyan dəyib. Ayda 6500-7000 manat yerhaqqı ödəyirdim”.
Füzuli Quliyev adlı sahibkar isə Ticarət Mərkəzindəki “Uşaq aləmi” adlı mağazada ticarətlə məşğul olurmuş. Dediyinə görə, yanğın zamanı ona 25 min manatadək maddi ziyan dəyib: “Aylıq bizdən 500 manat yerhaqqı alırdılar. Hələ yanğının başvermə səbəbi və yanan malların dəyəri araşdırılmayıb. Ümidimiz ancaq ölkə başçısınadır. Xahiş edirik biz imkansızların fəryadını aidiyyəti qurumlara çatdırasınız”.
Biz “Karvan”dakı son vəziyyətlə tanış olarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerindəydilər. Nazirliyin əməkdaşları yanğının başvermə səbəbinin araşdırıldığını söylədilər. Amma onların dediyinə görə, araşdırmaların nəticələri barədə yekun məlumat dəqiqləşdirmələr aparıldıqdan sonra veriləcək.
Maraqlıdır ki, hazırda aidiyyəti qurumlar “Karvan”dakı yanğınla bağlı vəziyyəti araşdırdığı halda, Ticarət Mərkəzinin rəhbəri burada görünmürdü. Elə bu səbəbdən də suallara aydınlıq gətirmək məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə yollandıq. İcra Hakimiyyətinin İstehsal xidmət sahələri sektorunun müdiri Rəfael Xələfov bildirdi ki, “Karvan”da baş vermir yanğının nəticələri barədə danışmaq hələ tezdir. Onun sözlərinə görə, yanğın hadisəsi ilə bağlı dövlət qurumları tərəfindən komissiya yaradılıb və bu komissiya araşdırmaları davam etdirir: “Artıq komissiya üzvləri tərəfindən araşdırma işləri aparılır. Hər şey siyahıya alınacaq və dəymiş ziyanın məbləği araşdırılacaq, ondan sonra bir tədbir görüləcək. Hələlik biz çalışırıq ki, banklarla işləyən fiziki şəxslərin bank əməliyyatlarını dondura bilək”.

Qələndər Xaçınçaylı

Facebook Şərhləndirmə:

“Sahibkarlara dəymiş ziyanın məbləğı araşdırılır” yazısına bir cavab

  1. gunel deyir:

    Zererimizi kim qarsilayacaq?

Şərhinizi yazın