Menu
Geri İrəli

Sumqayıtda sahibsiz bazar: zibil dizəcən, itlərin yaşayış yeri və “yalançı” satıcılar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyul 2015 • Baxış sayı: 1,106 dəfə • Şərh yoxdur

1436962888_11267638_1108792265802693_721415259_n-740x357Bu şəkillər nə təyyarədən çəkilib, nə də peykdən. Həvəskar bir fotoqrafın doqquz mərtəbəli binadan çəkdiyi “Şərq bazarı”nın görüntüləridir. Bir zamanlar buralar öz səliqə-səhmanı ilə seçilər, təmizliyi ilə fərqlənərdi. Lakin zaman keçdikcə, laqeydlik ticarət mərkəzini baxımsız bir hala gətirdi. Yadımdadır, həvəslə gələrdik bu bazara. İkinci mərtəbədə geyim, pal-paltar satılar, birinci mərtəbəsi isə meyvə və müxtəlof gündəlik tələbat malların satıldığı piştaxtalardan ibarət idi. Hətta o zamanlar “Şərq bazarı”nın şəhərin ilk ticarət mərkəzlərindən olan “Kolxoz bazarı”nı (indiki “Karvan” Ticarət Mərkəzi) vuracağını söyləyənlər də az deyildi. Heyhat, öz adı-sanı və səliqə-səhmanı ilə yaxın keçmişdə qaldı “Şərq bazarı”.

Yan tərəfində yarımçıq qalmış tikili də yeni bir ticarət mərkəzi olacaqdı. Lakin indi onun bir tərəfi köhnə dəmir-dümür satılan “metallom”a, qalan hissələri isə qamışlığa, qanqallığa çevrilib. Zibillik isə sağalmaz yarasıdır bu bazarın. Şəkildə bazarın dillərdə dastan olmuş, haqqında silsilə yazılar getmiş zibilliyini apaçıq görünür. O zibillik ki, gecələr sahibsiz küçə itlərinin oylağı olur. Və gecələr zibilliyə sahiblənmək uğrunda amansız mübarizələr gedir. Bu zaman ordan insanların keçməsi xam-xəyaldır. On addımlıqdakı “Heydər parkı”na getmək üçün “həsiri basma dolan, gəl” metodundan istifadə edərək həyətiçi getmək lazımdır.

Gündüzlər isə açıq havada, tozun-torpağın içində, yağış-qarın altında satılan meyvə-tərəvəz isə başqa bir təhlükə mənbəyidir. Məlumdur ki, hər bir bazarda laborator-həkim mərkəzi fəaliyyət göstərir və bu mərkəz meyvə-tərəvəzin, həmçinin digər məhsulların istifadəyə yararlığını yoxlayır. Çox maraqlıdır, haqqında bəhs etdiyimiz bu mərkəz demək olar ki, xarabazarlığa çevrilən “Şərq bazarı”nın harasında yerləşir? Və mövcuddursa, necə nəzarət edir bütün gigiyenik, sanitarik vəziyyətə? Şəxsən səhərlər burada bir həkimə rast gəlməmişəm. Olmaya onlar da gecələr işləyir?

Satıcılarla söhbətdən məlum olur ki, heç bir yoxlama-filan yoxdur. Topdansatış yerlərindən alıb gətirdikləri məhsulları elə maşındanca birbaşa piştaxtalara düzürlər. O ki qaldı həkim nəzarətinə, bəli, var. Lakin başqa formada. Yəni yerpulu, “uçastkovıy” pulu kimi onların da haqq-hesabı çatır. Lakin bu barədə ya sahə müvəkkilini, ya da həkimi sorğu-suala tutsan, o dəqiqə deyəcək ki, belə şey yoxdur, bu, yalan məlumatdır. Canım, bu qədər də yalan olmaz axı. Satıcının biri yalan desin, ikisi yalan desin, day bütün satıcıları yalançı çıxarmaq olmaz axı. Belə çıxır ki, “Şərq bazarı”ndakı bütün satıcılar yalançıdır. Onda gəlin bazarın adını dəyişək. Adını isə siz qoyun.

Elvin Babayev
(reader.az)

 

11304076_1108792292469357_306493550_n11736919_983849481665849_2127419348_n11748706_983849488332515_1736697554_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın