Menu
Geri İrəli

Sumqayıtı “tikə-tikə” gedirlər – REPORTAJ (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2013 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur

Sumqayıtın zəbt olunmuş xiyabanı və kəsilmiş ağaclarının aqibəti necə olacaq?

Bu günlərdə Sumqayıtın 64 yaşı tamam oldu. Əlbəttə, şəhərimizin siması gün-gündən dəyişir, Sumqayıt inkişaf edir desək, yəqin yanılmarıq. Amma Sumqayıtda problemlər də yox deyil. Son vaxtlar Sumqayıtın ekoloji sferasında, şəhərsalma və arxitektura sahəsində ciddi problemlər gözə dəyir. Söhbət xüsusən Sumqayıtın xiyabanlarında (iki yol arasında) yeni obyektlərin tikilməsindən və bunun yaşıllığın – ağacların məhv edilərək həyata keçirilməsindən gedir.

Bəlkə də, Sumqayıtın üstün cəhətlərindən, gözəlliklərindən danışanda ilk adamın ağlına gələn onun dənizi və böyük yaşıllıq kütləsinə malik dənizkənarı parkı olur. Bəli, dəniz və park – bu ilk növbədə hava, oksigen deməkdir. Hamımız bilirik ki, Sumqayıt SSRİ dövründən sənaye, kimya şəhəri idi və doğrudan da, havası ölkəmizin digər şəhərlərinə nisbətən ağır olub. Eyni zamanda Sumqayıt yarımsəhra iqlim tipi hökm sürən Abşeron yarımadasının şimal hissəsində salındığından burada yenə sərinliyə, ağac kütləsinə böyük ehtiyac var. Sumqayıtı tikib-quranlar bunu nəzərə alıb şəhərin salındığı ərazidə böyük yaşıllıq kütləsi yaradıblar – minlərlə ağaclar əkiblər. O ağacların bir qismi, demək olar, elə şəhərlə həmyaşıddır. Sumqayıtda ağac kəsmək yox, indinin özündə həqiqətən də, ağac əkməyə böyük ehtiyac var. Sumqayıtda yaşıllığın – ağacların çox olması həm oksigen, həm gözəllik, həm də kölgəlikdir.

Həmişə qədirbilən sumqayıtlılar bu şəhəri qurub-yaradanlara həm də ona görə təşəkkür edir ki, küçələrini və meydanlarını geniş, park və xiyabanlarını bolluca salıblar. Sumqayıt bütün Azərbaycanda öz xiyabanları (iki yola arası) ilə məşhurdur. Çünki bu şəhərdə xiyabanlar piyadaların kütləvi hərəkəti istiqamətində, geniş küçələrdə yerləşdirilib. Sumqayıtlılar xiyabanları “alleyka” adlandırır. Bəli, hazırda Sumqayıtın bir sıra “alleyka”ları zəbt olunmaqdadır.

Xüsusən 5-ci mikrorayonla 45-ci məhəllənin arasında yerləşən və mərkəzi bazar istiqamətində uzanan xiyaban “xiyaban qiyafəsindən çıxma” təhlükəsi ilə qarşı-qarşıya qalıb. Bir neçə il öncə burada “RespublikaBank”ın və Qafqaz İnkişaf Bankının filiallarının, “Daimoni” və Gül Dükanının tikilməsi sakinlərin haqlı narazılığı ilə qarşılanmışdı. Bundan sonra bir müddət bu ərazilərdə obyektlər tikilmədi. Və budur, artıq adıçəkilən ərazidə işlər yenidən “fəallaşıb”.

48e50c8bb3f61989a63d54224a483c2bStart nöqtəsi nə oldu?

Öncə ondan başlayaq ki, 2 ay yarım əvvəl bu xiyabanda (Qafqaz İnkişaf Bankının filialından sonra – üzü mərkəzi bazar istiqamətində) yeni bir obyektin əsası  qoyulub. Deyilənlərə görə, ərazidə “Unibank”ın filialını tikəcəklər. Əsas problem bundadır ki, ikiyolarası ərazidə piyadaların sıx hərəkət etdiyi yerdə onların yolunu kəsib hasarlayıblar. Nəzərə alsaq ki, yaxınlıqda 15 saylı məktəb, keçmiş “Dom pioner” və 2 klinika da yerləşir, indi təsəvvür edin hər səhərlər və dərsdən sonar uşaq, valideyn və müəllimlər, həmçinin həkim və xəstələr yolun bir tərəfindən o biri tərəfinə necə keçəcəklər?! Yəqin ki, onlar uzununa 15 metr getməli olduqları halda, eninə 65 metr (?!) getməli olacaqlar… İkinci məsələ ondadır ki, ərazi hasarlanıbsa, obyekt tikiləcəksə, mütləq ağaclar da kəsiləcək. O ağaclar isə çoxdandan əkilmiş hündür şamlardır. Və istənilən halda kommersiya xarakterli obyekt tikintisi üçün onların kəsilməsi qanunsuz olacaq və bu, yolverilməz sayılmalıdır!

Bununla da xiyabanda tikintilərin yeni mərhələsinin əsası qoyuldu…

Son günlərdə baş verən olaylar

Bir müddət öncə bu ərazidə 3 ədəd ağac əvvəl qəribə şəkildə budandı. Onlar ağacdan çox artıq dirəyə bənzəyirdilər… Olay haqda yazdıq və ümid edirdik ki, bu, həqiqətən budanmadır.  Amma sən saydığın say, gör fələk (sahibkar) nə sayır?! Artıq 3 gün əvvəl həmin ərazi hasara alındı və ağaclar kəsilərək üzəri şumlandı.

Əraziyə baş çəkərkən xiyabanın tən ortasında növbəti obyekt tikintisi ilə rastlaşdıq və burada işləyənlərdən baş verənlər haqda məlumat toplamağa çalışdıq. Belə məlum oldu ki, bu obyekt Tural adlı şəxsə məxsusdur. Və o da Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovun oğludur. Onlar söylədilər ki, bütövlükdə obyektin tikintisi qayda-qanunla aparılır, çünki bu haqda şəhər Memarlıq və Şəhərsalma İdarəsinin icazəsi var. Bəli, düz anladınız, şəhər Memarlıq və Şəhərsalma İdarəsi xiyabanda tikintiyə icazə verib. Hər halda qurumun icazəsi olmasa, güman ki, orada daş daş üstünə qoyula bilməzdi… Olayla bağlı Memarlıq və Şəhərsalma İdarəsiylə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Yeri gəlmişkən, orada da 1-2 ağac istər-istəməz hasarın hüdudlarına düşürdü və güman ki, o ağaclar da kəsiləcək…

1200 manat ver və 1 ağacı rahatca kəs!

Sözügedən ərazidə 3 ağacın əvvəl budanıb sonra kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyininə müraciət olundu. Şikayətlə əlaqədar Nazirliyin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb və sözügedən ünvanda köküstə yaş halda 3 ədəd qarağac ağacının qanunsuz kəsildiyi məlum olub. Aşkar olunmuş faktla bağlı təqsirkar şəxs Sumqayıt şəhər sakini Rasim Rüstəmov barəsində akt və protokol tərtib edilib və o, fiziki şəxs qismində inzibati qaydada 3600 manat məbləğində cərimə olunub.
Həmçinin, sözügedən ünvanda 1 ədəd şam ağacının da qanunsuz kəsilməsi faktı aşkar olunub. Araşdırma zamanı ağacın Sumqayıt şəhər sakini Rafiq Rzayev tərəfindən kəsildiyi müəyyən edilib və onun barəsində akt və protokol tərtib olunub. Faktla əlaqədar Rafiq Rzayev fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 1200 manat məbləğində cərimə edilib.
Qanun pozuntuları ilə bağlı Nazirliyin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən Sumqayıt İcra Hakimiyyətinə müraciət olunub.
Mərhum Heydər Əliyev isə demişdir: “Hər kim bir ağac kəsirsə, elə bil mənim qollarımı kəsir”…

Həmin obyektlər həm də təhlükə mənbəyidir

Maraqlı və təəssüfverici faktdır ki, sözügedən xiyabanın zəbt olunması bunlarla bitmir. “Pioner” marketin qarşı hissəsində, “Daimoni” dükanının arxa hissəsində yeni hündür bir obyektin tikintisinə başlanılıb. Və xiyaban eninə hissədən tamamilə tutulub, kənarlardakı ağaclığa dirənib. İnsanların normal şəkildə buradan keçməsi qeyri-mümkündür.
Bu obyekt həm də ciddi təhlükə mənbəyidir. Belə ki, obyekt hasara alınmayıb və ustalar ikimərtəbəli obyektin üzərində rahatlıqla qaynaq işləri aparır, tikinti məmulatları qaldırıb-düşürürlər. Bu zaman yaxınlıqdan keçən insanın təhlükəsizliyi nəzərə alınmır. Eyni zamanda burada işləyən işçilər də əmək şərtlərinə, təhlükəsizlik qaydalarına riayət etmir, ən azı müvafiq baş geyimi ilə təchiz olunmayıblar.

Ümumiyyətlə, xiyabanda hasar rolunu oynayan obyekt plakatlarının üzərində hansı şirkətə, yaxud fiziki şəxsə mənsubluğu, plan-layihəsi, başlama və təhvil verilmə müddətləri barədə heç nə yazılmır.

Bu ərazidə xiyabanı sulamaq üçün boru da keçir, lakin boru bir yerdən kəsilib. Başqa bir yerdən isə zədələnib, kənarından su az təzyiqlə fontan vuraraq oralara axır…

Xiyaban boyu daha bir neçə yerdə tikinti izləri sezdik. Artıq 2-3 yerin də ərazisi cızılıb və oraya qum topaları tökülüb…

Tikintilərin geniş vüsat almasına səbəb nədir?

Bildiyimiz kimi, təxminən 1 ay öncə Sumqayıtda yerləşən ən nəhəng ticarət mərkəzi olan “Karvan”ın yanması və nəticədə 3000-ə yaxın sahibkarın “göydə” qalması da güman ki, bu tikintilərin aktivləşməsinə zəmin yaradıb. Hər halda şəhərin mərkəz yerlərində obyekt tikintisi üçün demək olar ki, boş yerlər qalmayıb və odur ki, sahibkarlar üzü tutublar xiyabanlara. Digər tərəfdən soyuq qış artıq yaxınlaşmaqdadır və ehtimal ki, bu tikintiləri aparanların əksəriyyəti işlərini qar və şaxtalar düşənə qədər bitirmək istəyirlər ki, əlavə xərcə düşməsinlər.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə bir neçə gündür ki, Eldar Əzizov məzuniyyətdədir, özü də Sumqayıtda yoxdur, xaricdədir. Ola bilsin ki, bəziləri bu fürsətdən də yararlanmağa çalışır.

Bəs qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Norma və Qaydalarının 6.9. bəndinə əsasən, bulvar və xiyabanlarda qısa vaxtlı istirahət üçün meydançalar nəzərə alınmalıdır. Amma təəssüf ki, artıq sözügedən xiyabanda bu, nəzərə alınmayıb. Yəni ikiyolarası ilə hərəkət etmək istəyən piyada bunu bacarmayacaq. Çünki bir neçə dəfə yolunun üstünə demək olar ki, xiyaban enində olan obyekt çıxacaq və o yolunu dəyişməli olacaq.

6.10. bəndində isə deyilir: “Ümumi istifadədə olan yaşıllıq əraziləri abadlaşdırılmalı və bu ərazilərdə kiçik memarlıq formaları: fəvvarə, hovuz, pilləkən, pandus, talvar, çıraq, dayaq divarları və s. quraşdırılmalıdır. Çıraqların sayı ərazini işıqlandırma normalarına əsasən müəyyənləşdirilməlidir.”

İndi isə Azərbaycan Respublikasında Yaşıllıqların Salınması Sahəsində İdarəetmənin Təkmilləşdirilməsi Tədbirləri Haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət edək:

7.3. Azərbaycan Respublikasının ərazisində yaşıllıqların yerləşdiyi torpaq sahələrinin mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri bu yaşıllıqların vəziyyətinə nəzarət etməli, onların normal inkişafını və qənaətbəxş şəraitdə olmalarını təmin etməlidirlər.
7.5. Azərbaycan Respublikasının şəhərlərinin, rayonlarının, yaşayış məntəqələrinin inkişaf planları yaşıllıqların mühafizə edilməsinə dair tələblərə riayət olunmaqla tərtib edilməli və həyata keçirilməlidir
7.7. Tikinti, təsərrüfat və digər fəaliyyətlərə dair layihələndirmədən əvvəlki və layihələndirmə dövründə bütün sənədlərdə yaşıllıqların vəziyyətini özündə əks etdirən tam və dürüst məlumatlar əks olunmalıdır. Sənədlərdə, həmçinin layihələndirilən obyektin yaşıllıqlara təsir dərəcəsi tam qiymətləndirilərək göstərilməlidir.

Ümidvarıq ki, müvafiq orqanlar, şəhər icra hakimiyyəti olaya dərhal reaksiya verərək faktları araşdıracaq, təqsirkarları cəzalandıracaq. Əbəs yerə deyil ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtda 9 ayın yekunlarıyla bağlı keçirilən hesabat yığıncağında məhz son vaxtlar şəhərdə yaşıllıq, ağacların məhvi barədə məmurlara sərt şəkildə barmaq silkələmişdi və bir daha vurğulamışdı ki, belə hallara son qoyulsun! O qeyd edib ki, ağac kəsənlərə qarşı sərt cəza tədbirləri görüləcək, yaşıllığın məhv edilməsində günahkarlar layiqli cəzalarını alacaqlar. “Mən sizə deyim ki, bu böyük bir cinayətdir”, – deyə E.Əzizov qeyd edib.

Və son olaraq, Sumqayıtın əhalisinin sayı artır və buraya gətirilən maşınların sayı da gün-gündən artır. Bunu icra başçısı Eldar Əzizov da vurğulayır. “Bu gün sumqayıtlılar daha da yaxşı yaşamağa başlayıblar. Məlumat üçün deyim ki, biz I rübü təhlil edəndə təəccübləndik. I rübdə Sumqayıta 6000 ədəd yeni maşın gətirilib”, – deyə E.Əzizov əhali arasında keçirilən “Açıq mikrofon”ların birində söyləyib. Eldar Əzizov şəhərdə sıxlığın da müşahidə olunduğuna diqqət çəkib. Şəhər rəhbərinin sözlərinə görə, Sumqayıtda bir sıra problemlər var: “Problem var, tıxaclar yaranır. Biz artıq icra hakimiyyətində müzakirələr aparırıq ki, Sumqayıtın əsas girişi hissəsi olan Sülh küçəsində yolları necə genişləndirək. Çünki saat 5-dən sonra ordan keçmək olmur”. O, çıxışında şəhərə kənardan insanların iş dalınca gəldiyinə də toxunub. E.Əzizov  hər ay zavodlarda işləmək üçün 700 nəfərin Sumqayıta miqrasiya etdiyini sözlərinə əlavə edib.
İndi belə bir məqamda Sumqayıtın mərkəz yerlərindən sayılan Nəriman Nərimanov küçəsindəki xiyabanda obyektlərin tikintisi həm də ətraf yollarda nəqliyyat sıxlığına, tıxacların yaranmasına rəvac vermirmi?!

 Elnur Ağayev, “Xəbərlə” xəbər portalı

P.S. Qəribədir ki, Qərbdə geniş vüsat almasına baxmayaraq, bizdə ağacların bir ərazidən digərinə köçürülməsi, bu mümkün olmadıqda isə onların yerinə yeni tinglərin əkilməsi (tutalım, 1 kəsilən ağacın əvəzinə 10 ting) çox nadir hallarda baş verə bilər. Cənablar, sizi anlayıram, 1 ağacı kəsmək daha asandır, nəinki onu digər bir yerə köçürmək, yaxud əvəzinə 10 ting əkmək. Unutmayaq, bu şəhər bizimdir və havasını hər birimiz, hər birimizin ailəsi, uşaqları udur. Ekoloji balansın qorunması hər birimizin borcu olmalıdır. Ən azı ona görə ki, bizdən sonra gələn nəsillər bizə lənət oxumasın!

P.S.S. Gəlin razılaşaq ki, Sumqayıtın “alleyka”larında hər birimizin uşaqlıq, gənclik xatirələri yaşayır. Və göz görə-görə Sumqayıtın memarlıq və şəhərsalma qaydalarının pozulması ilə müşayiət olunan bu xiyabanların zəbt olunması çox ürəkağrıdıcıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın