Menu
Geri İrəli

Sumqayıtın unudulan canlısı – Zeytun ağacı (ARAŞDIRMA)

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 963 dəfə • 1 şərh

1457701971_12822140_1176289865714586_2115341211_nSumqayıt şəhəri gözəl olsa da, gəlin razılaşaq ki, onun iqlimi elə də əlverişli deyil. Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahili boyunca duzənlik sahədə yerləşir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Daha dəqiq desək, yayı isti və rütubətli, qışı soyuq və küləkli olan şəhərdə küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5-20m/san təşkil edir.
Yaşıllaşan gənc Sumqayıt
Amma Sumqayıtın bir üstünlüyü bundan ibarətdir ki, burada yaşıllıq kütləsi çoxdur. Şəhər salınandan burada çoxlu sayda ağacların əkilməsinə xüsusi önəm verilib. Vaxtilə şəhərsalınma planına əsasən hələ 1945-ci ildən dənizkənarı sahil parkının salınması nəzərdə tutulmuşdu. Ümumiyyətlə, şəhərin tikilməsinin bütün mərhələlərində yaşıllaşdırmaya böyük diqqət verilirdi. Yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi ilə yaşıllaşdırma işi bağbanlar və aqronomlar tərəfindən həyata keçirilirdi. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac düzüldü. Sumqayıtın yaşıllıq halqasında əsas yeri Eldar və Alp şamları, zeytun, ağcaqayın, sərv, küknar, qarağac, qovaq və s. ağacları tutur. Ağac və kollar burada quraqlığa davamlığına görə seçilib əkilirdi.
Zəhmətkeş sumqayıtlıların əkdiyi ağaclar indi də bizləri yay aylarında isti və rütubətdən, qışda isə şaxta və küləkdən qoruyurlar. Necə, hansı yolla, bunu dəqiqliyinə qədər bilmək istəyənlər mütəxəsisslərdən soruşa bilər. Amma…
Məhv edilən Sumqayıt yaşıllığı
Təəssüf ki, son illərdə ağacların kütləvi şəkildə qırılması, məhv edilməsi sayəsində Sumqayıtda yaşıllıq kütləsinin sayı azalmağa başlayıb. Milas olaraq, xatırlayırsınızsa, 2013-cü ilin aprelində şəhərin Cəfər Cabbarlı adına mədəniyyət klubunun qarşısında obyekt tikintisi məqsədilə onlarla zeytun və şam ağacı kəsilmişdi. Onda ictimaiyyətin və medianın məsələyə kəskin müdaxiləsi nəticəsində səbəbkarlar, onların havadarları geri çəkilməli oldular və kəsilən ağacların yerində şam tingləri əkildi. Bu misalları onlarla çəkmək olar. Təbii ki, yaşıllıqların məhvi istər-istəməz şəhərin iqliminə mənfi təsir göstərməyə bilmir. Bunun nəticəsidir ki, Sumqayıtın iqlimi son zamanlar daha da quraq olub, şəhərdə xüsusən yay aylarında rütubətin səviyyəsi və isti küləklər artıb. Çünki küləyin və rütubətin qarşısını alan ağacların müəyyən hissəsi kəsilib, məhv edilib. Yerinə isə yeniləri ya az əkilib, əkilibsə də sonradan düzgün olmayan qulluq qaydalarına görə onları qorumaq mümkün olmayıb.
Sumqayıtın unudulan canlısı – ZEYTUN
Yeni əkilən ağacların bir qismi Sumqayıtın iqliminə uyğun deyil. Belə ki, quraqlığa davamlı küləyin qarşısını ala biləcək ağaclar əsasən ağcaqayın, zeytun, şam və qarağacdır ki, son illərdə bu ağaclardan ya əkilmir, ya da çox az sayda əkilir. Yaxşı xatırlayırsınızsa, əvvəlki icra başçısının dövründə Sumqayıtın kənar hissələrinhdə 30 min ədəd nar ağacı əkildi. Şəhərin iqliminə və küləyə davamlı olmayan o ağacların böyük hissəsi inkişafdan dayandı və qurudu. O ağaclara xərclənən pullara və çəkilən əziyyətə isə heyfimiz gəlməyə bilməz. Son vaxtlar əkilən ağacların siyahısına isə baxanda şərq çinarı, nar, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilənar, badam, xurma kimi ağacların çoxluq təşkil edildiyini görürük. Məsələn, ərik ağacına qulluq çox çətindir və ondan çətinliklə bar almaq olur. Bu ağacı hətta rayon yerlərində belə “ehtiyatla” əkirlər. Bir sual. Olmazdımı ki onun yerinə iqlimə uyğun digər ağaclar əkiləydi. Uzağa getməyək – elə zeytun. Az qala Sumqayıtın simvollarından sayılan, bolluq bərəkət rəmzi olan zeytun niyə əkilmir?! Əkilirsə, niyə bu barədə məlumat verilmir, nə üçün xəbərlərdə adı çəkilmir?! Axı bu ağac bötüvlükdə Abşeronun nadir bitkilərindəndir. Həm texniki bitki kimi, həm də yaşıllıqda bu bitkinin əvəzi yoxdur. Rütubətin qarşısını alan əsas ağac növlərindəndir zeytun. Zeytun uzunömürlü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından seçilir. Bitki yağları içərisində isə zeytun yağı ən yüksək kaloriyə malikdir.
Zeytun ixracında Azərbaycan postsovet ölkələri içində birinci yeri tutur
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, zeytun ağacları heç vaxt təbiətə ziyan vurmayıb. Çünki zeytun ağacı Azərbaycanın təbiətinə xas bitkidir: “Əvvəllər geniş zeytun bağları var idi. Fikrimcə, cır zeytun ağacları indiki süni surətdə yaradılmış toxumlardan alınan zeytun ağaclarından qat-qat yaxşı idi. Çünki o təbii olduğu üçün təbiəti də təmizləyirdi. İndi onlar hamısı Azərbaycanda məhv olub gedib”. Bununla belə Mərkəz rəhbəri xaricdən gətirilən zeytun ağaclarındansa, ölkədə olan zeytun ağaclarının əkilməsinin istədiyini də əlavə edib: “Doğrudur, xarici ölkələrdən gətirilən ağacların məhsulu olur, amma yenə də öz zeytun ağaclarımızın əkilməsini istərdim. Həmin gətirilən ağaclar üçün su anbarları da tikilib. Elə o zeytun ağaclarının da, yerli zeytun ağaclarının da meyvəsindən yağ hazırlayırlar. Bu işlə məşğul olan çoxlu şirkətlər də var. Bu, müsbət haldır”.
Bitkilərlə bağlı ciddi problemlərdən biri də onların kəsilməsi, məhv edilməsidir. Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, yaşıllıqların məhv edilməsi kimi problemlər olsa da, son zamanlar az da olsa, zeytun sahələrinin salınmasına başlanılıb: “Bu da onu deməyə əsas verir ki, zeytun bitkisinin əkilməsinə maraq yaranıb. Fermerlər çalışırlar ki, daha çox gəlir əldə etsinlər, yəni hər kəsin biznes marağı var. Bu sahə ilə bağlı xüsusi proqram qəbul edilməli, zeytunçuluğun inkişafı üçün hökumət qayğısının artırılması lazımdır. Məsələn, aşağı faizlə maliyyə dəstəyi ola bilər. Əsas zeytun Abşeron rayonunda istehsal olunur. Düzdür, Naxçıvanda da, Bərdə də var. Amma bu regionlarda cüzi miqdardadır. Çalışmaq lazımdır ki, əsas Abşeron rayonunda bu sahəyə diqqət artırılsın. Bu sahəni müasir tələbələrə uyğun qursaq, xeyli gəlir əldə edə bilərik. Bu sahədə xüsusilə elmi inkişaf etdirmək lazımdır.
V. Məhərrəmov bildirib ki, Azərbaycan indi daha çox zeytun ixracına ehtiyac var: “Zeytun ixracında Azərbaycan postsovet ölkələri içində birinci yeri tutur. Daha çox Rusiyaya ixrac olunur. MDB ölkələri sırasında Rusiyaya ixrac olunan zeytunun 80%-i Azərbaycanın üzərinə düşür. Azərbaycana da xaricdən zeytun idxal olunur. Amma bunun həcmi göstərilmir. Bizdə bəzi məhsullar var ki, onlar az idxal olunduğundan idxal həcmi göstərilmir. Zeytun yağını ucuz istehsal edə bilsək, bitki yağlarının bəzilərini əvəz edə bilər”. V. Məhərrəmovun fikrincə, bu bitkinin istehsalından yaxşı gəlir əldə etmək olar: “Bu gün dünya bazarında zeytuna olan tələbat getdikcə artır. Azərbaycanda olan iqlim şəraiti imkan verir ki, daha çox zeytun istehsal olunsun. Əlbəttə, bu istiqamətdə xeyli görüləcək işlərimiz var. Sovet dövründə bu sahəyə diqqət böyük idi. Sonralar isə bu sahə unuduldu, istehsal azaldı. Azərbaycanda istehsal olunan zeytun çox keyfiyyətlidir. Bizdə zeytunu yığım prosesi əllə aparılır. Amma digər ölkələrdə mexaniki şəkildə yığılır. Mexaniki şəkildə yığılan zeytun keyfiyyət baxımdan çox aşağı olur”.
Ümidvarıq ki, kiçik bir yazımızda Sumqayıtda zeytun ağacının əkilməsinin nə qədər vacib olduğunu anlada bildik. Zeytun sağlamlığını düşünənlər üçündür. Bunun üçün də Sumqayıtdakı zeytun ağaclarını qorumaq, qayğı göstərmək lazım, həmçinin çoxlu zeytun ağacı əkmək lazımdır.
Elnur Ağayev
Xeberle.com
P.S Zeytun yağı və meyvəsi günü-gündən bahalaşır. Hər halda Sumqayıtda bu ağac daha çox əkilərsə, bunun faydasını sumqayıtlılar və şəhərin sənayesi, həmçinin büdcəsi də görər. 

1457701910_12822111_1101136363272393_612025506_n 1457701954_12825320_1101136219939074_932572092_n 1457701951_10584472_1101136326605730_937317094_n 1457701991_12825372_1101136333272396_263675337_n 1457701901_12834778_1101136299939066_2005354596_n 1457701925_12825142_1101136676605695_90014645_n 1457701899_12822167_1101136799939016_1229087340_n

 

Facebook Şərhləndirmə:

“Sumqayıtın unudulan canlısı – Zeytun ağacı (ARAŞDIRMA)” yazısına bir cavab

  1. Adil m. deyir:

    Çox dəyərli yazıdır.Vaxtında və ətraflı təhliliniz nəticəsində məqalə gözəl oxunaqlı alınıb.

Şərhinizi yazın