Menu
Geri İrəli

SUMQAYITLI ALİMİN İQTİSADİ İNKİŞAF MODELİ ABŞ-IN ELMİ DAİRƏLƏRİNDƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2009 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur

Oktyabrın əvvəllərində ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində keçirilmiş beynəlxalq iqtisadi konfransda sumqayıtlı alim, iqtisad elmləri namizədi Şəfa Əliyevin “Azərbaycan iqtisadi modelinin formalaşmasında səmərəli inteqrasiya metodlarının reallaşdırılması problemləri” mövzusunda məruzəsinin təqdimatı olmuşdur. Həmyerlimizin məruzəsi alimlər tərəfindən yüksək qiymətləndirilmiş və xüsusi sertifikata layiq görülmüşdür. Yeri gəlmişkən, Klut adına Amerika Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil edilmiş konfransda dünyanın 42 ölkəsindən gəlmiş tanınmış alim və mütəxəssislər iştirak edirdi. Regionda lider ölkə olan Azərbaycanda iqtisadi islahatların konsepsiyası və xüsusiyyətləri, inteqrasiya proseslərinin sürətlənməsi kontekstində “açıq qapılar” siyasəti, ölkənin pozitiv inkişaf dinamikası, Azərbaycanın yeni iqtisadi modelinin formalaşması amili olan iqtisadi vasitələrin modernləşdirilməsi məsələləri elmi konfransın iştirakçılarının böyük marağına səbəb olmuşdur. Məruzədə ölkə iqtisadiyyatının prioritet istiqamətləri, habelə başqa sahələrin uğurlu inkişafı məsələləri tədqiq edilmişdir. Məruzə müəllifinin sözlərinə görə, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosial-iqtisadi problemlərin həlli, məşğulluğun təmin edilməsi sahəsində innovasiya fəaliyyətinin genişlənməsi ilə əlaqədar məsələlər onun həmkarlarında xüsusi maraq doğurmuşdur. Bu məsələlərin həlli istehsal-sənaye potensialını, kənd təsərrüfatı sahəsində əlavə resursları aşkar etməyə imkan vermiş, informasiya-kommunikasiya texnologiyalarının, turizmin və ölkə iqtisadiyyatının digər yeni sahələrinin sürətli inkişafını təmin etmişdir. Onu da qeyd edək ki, tanınmış amerikalı alim Ronald K.Klut tərəfindən 1985-ci ildə yaradılmış institut təhsil, biznes və iqtisadiyyat problemləri ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatdır. Elmi dairələrdə yaxşı tanınan bu institutun geniş iqtisadi informasiya bankındakı məlumatlar ümumiləşdirilərək bütün dünyada yayılır. Burada 11 adda iqtisadiyönümli elmi jurnal nəşr edilir: “Journal of Business and Economics Research”, “İnternational Business and Economics Research Journal” və s. Ş.Əliyevin məruzəsi konfransın materialları məcmuəsində dərc edilmiş və Klut İnstitutunun elektron resursunda yerləşdirilmişdir. Azərbaycan Dövlət İqtisadi Universitetinin doktorantı Şəfa Əliyev ABŞ, İtaliya, Çexiya və başqa ölkələrdə nəşr edilmiş 100-dən çox elmi işin müəllifidir. Mənbə: (AzərTAc).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın