Menu
Geri İrəli

Sumqayıtlı tələbə Bakıda zorakılığa məruz qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2010 • Baxış sayı: 700 dəfə • 1 şərh
Share Button

Фото0074Özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən, lakin sonradan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları olduğunu bildiyim şəxslər oğlum Murad Fərzəliyevə zorakılıq tətbiq etmişlər. Bu barədə texniki elmlər namizədi Sahib Fərzəliyev  sumqayitxeber.com saytına hadisə ilə bağlı  açıqlamasında bildirib.
S. Fərzəliyev qeyd edib ki, bu özbaşınalıq barədə aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi yazıb və bu ərizəni olduğu kimi diqqətinizə çatdırırıq:

“Bu şikayət ərizəsi ilə Sizə müraciət etməkdə məqsədim özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən, lakin sonradan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları olduğunu bildiyim şəxslərin oğlum Fərzəliyev Murad Sahib oğluna qarşı zorakılıq tətbiq etmələri, onu təhqir etmələri və digər özbaşınalıqlarını diqqətinizə çatdırmaq və təqsirkarların qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalarına, layiq olduqları cəzanı almalarına nail olmaqdır.

Belə ki, 08 may 2010-cu il tarixdə saat təxminən 11:30 radələrində Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi olan oğlum Fərzəliyev Murad Şuşanın işğalının ildönümünə həsr olunmuş tədbirdən qayıdarkən “20 Yanvar” metrostansiyasının qarşısında bir nəfər cavan oğlan ona əl edərək idarə etdiyi avtomaşını saxlatdırıb və oğlumdan Sumqayıta gedirsə, onu da aparmasını xahiş edib. Oğlum ona etiraz etməyib və öz maşınına otuzdurub. Avtomaşın yola düşdükdən sonra, həmin şəxsin telefonuna zəng gəlib və o, oğlumdan xahiş edib ki, benzin pulunu ödəsin Sumqayıta “Binəqədi yolu” ilə getsin ki, yolda anasını da götürsünlər. Oğlum onunla razılaşıb və maşını dediyi istiqamətdə sürüb. Yol boyu oğlumla mehriban danışan həmin şəxs maşını “Elite” ticarət mərkəzinin yanında qapısının üstünə “malyar” “razval” “moyka” yazılmış bir yerə sürdürüb, maşını saxlatdırıb. Maşını saxladan kimi həmin şəxs və əlavə 3-4 nəfər oğlumun üstünə düşərək ona qarşı zor tətbiq ediblər və oğlumu qanunsuz taksi fəaliyyəti göstərməkdə ittiham edərək, ondan 70 manat pul tələb ediblər. Oğlum tələbə olduğunu, 70 manat pulu olmadığını, cəmi 10 manat pulu olduğunu bildirdikdə, həmin şəxslər onu ələ salaraq: “Mersedes sürürsən, cibində pulun yoxdur, zeng et kimsə gətirib versin, yoxsa səni də, maşınını da bu gün burda saxlayacayıq deyiblər”.

Oğlum mənə zəng edərək baş verənlər barədə məlumat verdikdə, mən şəxsi vəkilim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Anar Qasımovla əlaqə saxlayıb, ondan xahiş etdim ki, oğlumun qanunsuz saxlandığı yerə gedib məsələ ilə maraqlansın.

Təxminən 1 saat sonra, vəkilim Anar Qasımov həmin yerə getmiş, lakin orada heç kim rəsmi olaraq vəkilimə heç bir məlumat verməmiş, hətta “qoçu dəstəsi” vəkilim Anar Qasımovla da mübahisə edərək onun qanuni tələblərinə məhəl qoymamışlar. Belə ki, vəkilim həmin şəxslərə kim olduqları, hansı idarədə işləmələri barədə sənəd təqdim etmələrini, hansı əsasla oğlumu ora gətirmələrini, onu aldadıb gətirənin kim olmasını soruşmuş, lakin ona heç bir rəsmi cavab verilməmiş, bildirilmişdir ki, oğlum qanunsuz taksi fəaliyyəti göstərdiyi üçün saxlanılmışdır. Yalnız rüsum ödədikdən, taksi fəaliyyəti göstərmək üçün lisenziya aldıqdan sonra buraxıla bilər.

Vəkilim onlardan avtomaşını və oğlumu buraxmalarını, oğlum qanunu pozubsa onu cərimələrini, rəsmi qəbz təqdim etmələrini, maşın saxlamaları barədə müvafiq sənəd vermələrini tələb etmiş, lakin həmin şəxslər heç bir rəsmi sənəd təqdim etməmişdilər. Bu minvalla oğlum və onun şəxsi avtomaşını saat 15:00 radələrinədək (təqribən 5 saat) qanunsuz olaraq saxlanılmış, oğlumun azadlıq, şəxsi toxunulmazlıq və mülkiyyət hüququ pozulmuşdur.

Vəziyyətin belə olduğunu görən vəkilim Anar Qasımov həmin şəxslərə onların qanunsuz əməllərindən şikayət edəcəyini bildiraidiyyəti orqanlara müraciət etmək üçün oradan getmişdir.

Vəkilim Anar Qasımov oradan uzaqlaşdıqdan sonra həmin şəxslər (onlardan birinin adı Etibar, digərinin adı Ramin olub, başqalarının adını bilmirik) oğluma müraciət edərək heç yerə şikayət etməməsini, ondan izahat alıb maşını qaytaracaqlarını bildiriblər. Oğlum vəkilimizlə əlaqə saxlayıb bu təklifi ona çatdırmaq istədikdə, həmin şəxslər imkan verməyiblər və oğlumdan bir kağıza imza etməsini tələb ediblər. Oğlum ona təzyiq göstərildiyi üçün həmin kağıza imza edib, maşın ona qaytarılıb və yola salınıb, tapşırılıb ki, heç yerə şikayət etməsin. Oradan çıxandan sonra oğlum vəkilimizlə əlaqə saxlayıb və hansısa kağıza imza etdiyini bildiribdir. Vəkilim Anar Qasımov ona geri qayıdıb imza etdiyi sənədin surətini alması barədə təlimat verib. Oğlum geri qayıdaraq uzun mübahisədən sonra, imza etdiyi sənədin surətini alıb. Həmin sənədin surətini şikayət ərizəmə əlavə edirəm.

Yuxarıda qeyd olunanlara əsasən sizdən aşağıda göstərilən sualların araşdırılması və təqsirkar şəxslərin cəzalandırılması üçün aidiyyəti orqanlara göstəriş verməyinizi xahiş edirəm:

  1. Mənim oğlumu “20 yanvar” metrostansiyasından “Elite” ticarət mərkəzinin yanınadək aldadıb aparan şəxs kim olub və onun belə bir səlahiyyəti olubmu?
  2. “Bakı Sərnişin Nəqliyyatı” MMC dövlət orqanıdır, yoxsa adi kommersiya təşkilatı?

  1. “Bakı Sərnişin Nəqliyyatı” MMC-nə hakimiyyət səlahiyyətlərini həyata keçirmək hüququ, yəni kimisə həbs etmək, maşını saxlatmaq, cərimə etmək səlahiyyəti verilibmi?
  2. Saat 12:00-dan 15:00-dək mənim oğlumu və onun şəxsi maşınını qanunsuz həbs etmək göstərişini kim verib və hansı əsasla verib?”

Фото0069

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı tələbə Bakıda zorakılığa məruz qaldı” yazısına bir cavab

  1. Şəfa deyir:

    Bu cür hadisələr ilk növbədə qanuna zidd olduğundan, şübhəsiz məhkəməyə müraciət mütləq lazımdır. Digər tərəfdən təəssüf ki cəmiyyətdə ədalətsızlıyə yol verən bu tip insanlara səlahiyyətlər verilır. Amma şərlə, şərəfsiz əməllə nəsə əldə etmək istəyənlərın sonu faydasız bir həşəratın və yaxud parazitin ölümü qədər ucuzdur!!!

Şərhinizi yazın