Menu
Geri İrəli

Transferlərə xərclənən milyonlar – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur

Artıq dövrələrarası transfer dönəmi qapanıb. Bu isə klubların növbəti “transfer pəncərəsi”nin açılmasına qədər mövcud heyətlə mübarizə aparacağı anlamına gəlir. Təbii ki, elita təmsilçilərinə transfer olan futbolçuların səviyyəsi qədər onların transfer xərcləri də maraq doğuran məsələlərdəndir.

Bu mənada ölkə klublarının qış fasiləsində oyunçu keçidlərinə nə qədər pul xərclədiyini araşdırmaq maraqlı olardı. Elə isə gəlin, iddialı ölkə klublarının son transfer dönəmindəki fəaliyyətinə nəzər salaq.

“Qarabağ” 

Qış fasiləsində Kamil Hüseynov və Murad Səttarlı kimi yerli, Miro Varvodiç kimi əcnəbi oyunçu ilə yollarını ayıran Ağdam təmsilçisi yalnız Tiflis “Dinamo”sundan Caba Dvalini icarəyə götürməklə yadda qaldı.
“Transfermarkt.com” saytının məlumatına görə, qarşıdakı 6 ay ərzində “Qarabağ”da çıxış edəcək gürcüstanlı hücumçunun keçidi bölgə klubuna 475 min avroya başa gəlib. Xatirladaq ki, mövsümün əvvəlində sıralarını dörd legionerlə genişləndirən “köhlən atlar” bu transferlər üçün ümumilikdə 2 milyon 550 min avro xərcləmişdi.

“Qəbələ” 

Dövrələrarası transfer dönəminin ən səs-küylü keçidlərini reallaşdıran şimal təmsilçisinin “Portu”dan rusiyalı Marat İzmayılovu sıralarına qatması aydın səmada şimşək kimi çaxdı. İcarə əsasında komandaya dəvət olunan 31 yaşlı yarımmüdafiəçinin transferinə təxminən 900 min avro xərcləyən “Qəbələ” bundan başqa, milli komandamızın qapıçısı Kamran Ağayevlə də anlaşdı. Bu transferə 450 min avro pul xərcləyən “Qəbələ” digər oyunçu keçidlərinə ümumilikdə 900 min avro ödəyib.
Xatırladaq ki, “Transfermarkt.com” saytının məlumatına görə, “qırmızı-qaralar” Rafael Santosu 600 min avroya, Ruslan Tağızadə, Anar Nəzirov və Davronjon Erqaşevi isə 100 min avroya rənglərinə bağlayıb.

“Neftçi” 

Son çempionun qış fasiləsində transferə çox önəm verməyəcəyi əvvəlcədən məlum idi.Bu səbəbdən flaqmanın yalnız iki gənc oyunçu ilə müqavilə imzalaması təəccüblə qarşılanmadı. Rusiyanın “Lokomativ” klubundan Samir Məsimov və həmin ölkənin “Zenit” klubundan Elvin Bədəlovu heyətinə qatan “ağ-qaralar”ın bu transferlərə ümumilikdə 100 min avroya yaxın xərc çəkdiyi bildirilir.
Onu da xatırladaq ki,“Transfermarkt.com” saytının hesablamalarına görə, komanda mövsümün əvvəlində yeni gələnlər üçün təxminən 2 milyon 500 min avro xərc çəkib.

“İnter” 

Flavio Bek, Joan Paulo, İlço Naumoski, Daniel Genov, Ramil Mansurov kimi oyunçularla əməkdaşlığa son qoyan “bankirlər” əvəzində Dieqo Madriqal, Paulinyo və Yoan Bokonyano ilə gücləndi. Sonuncunun keçidinə 300 min avro xərcləyən Kaxaber Tsxadadzenin komandası digər iki oyunçu üçün isə ümumilikdə 475 min avrodan keçməli olub.
Məlumat üçün bildirək ki, “Transfermarkt.com” saytı Kosta-Rikanın “Deportivo Saprissa”dan alınan Dieqo Madriqalın 275 min, Braziliyanın “Braqantino” klubundan transfer edilən Paulinyonun isə 200 min avro qarşılışığında sözləşməyə qol çəkdiyini iddia edir.

“Bakı” 

Əsas oyunçularından Mindauqas Kalonası “Simurq”a, Kamran Ağayevi isə “Qəbələ”yə satan paytaxtın eyniadlı komandasının yeni oyunçularla güclənməsi gözlənilsə də, “zolaqlılar” yalnız keçmiş oyunçusu Əziz Quliyev və Moskva “Lokomativ”inin əvəzedici komandasından Tural Qurbətovla anlaşmaqla kifayətləndi. Xatırladaq ki, “Transfermarkt.com” saytı Quliyevə 100 min, Qurbətova isə 50 min avro qiymət qoyub. Məlumat üçün bildirək ki, mövsümöncəsi 8 oyunçu transfer edən Miliko Pantiçin “drujinası” həmin vaxt transferlərə ümumilikdə 2 milyon 275 min avro xərcləmişdi.

“Xəzər Lənkəran” 

Bu il yaranmasının 10 illiyini qeyd edən və mövsümə çempionluq iddiası ilə başlamasına baxmayaraq işləri qaydasında getməyən “Xəzər Lənkəran”ın ən azı Avroliqaya vəsiqə qazanmaq üçün qış fasiləsində yeni oyunçularla güclənəcəyi gözlənilən idi.

“Transfer pəncərəsi”nin açıq olduğu dövrdə yerli futbolçulardan “Neftçi”dən Slavik Alxasovu və “Sumqayıt”dan Orxan Əliyevi heyətinə qatan “ağ-yaşıllar” əcnəbilərdən isə Vyekoslav Tomiç, Tyeqo, Deyan Blajevski və Elias Riberionu komandaya cəlb etdi.

Xatırladaq ki, Transfermarkt.com” saytının məlumatına inansaq, həmin oyunçuların keçidinə ümumilikdə 2 milyon 75 min avro pul ödəyən Mustafa Dənizlinin komandası Vyekoslav Tomiçə görə 700 min, Deyan Blajevskiyə görə 550 min, Elias Riberioyə görə 400 min, Tyeqoya görə 175 min, Slavik Alxasova görə 150 min, Orxan Əliyevin alınması üçün isə 100 min avro xərcləməli olub.

Elita təmsilçilərinin transfer siyasətinin klubların səviyyəsinə, onların oyun üslubuna təsirsiz ötüşməyəcəyi dəqiqdir. Amma kimin transfer fəaliyyətinin faydalı, hansı komandanın aldığı oyunçuların gərəksiz olduğunu isə Premyer Liqanın qarşıdakı turları göstərəcək.

Tural Məmmədov
AzVision.az 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın