Menu
Geri İrəli

Türkiyə “dərin dövlət”inin yeni namizədi – ANALİTİKA

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2014 • Baxış sayı: 512 dəfə • Şərh yoxdur

32673_res_01Rasim Ağayev

Eynulla Fətullayev

Türkiyədə başlayan siyasi savaşın ilk atəş səslərindən sonra çoxdan məlum olan bu həqiqət birmənalı olaraq təsdiqləndi ki, Ərdoğanın qurduğu “müsəlman demokratiyası sarayı” qəfildən titrəyərək silkələnib.

Baş nazirə açıq-aşkar əlcək atan şəxs isə onun dostu və məsləkdaşı Fətullah Gülən idi. Təbii ki, bura “keçmiş” sözünü əlavə etmək lazım gəlir. Şübhəsiz ki, müasir Türkiyənin ən görkəmli və xarizmatik siyasətçilərinin ittifaqının uzun, özü də çoxuna qaranlıq olan gizli bir tarixi var. Elə düşmənçiliklərinin də. Ona görə də burada şəxsi və ya ideya prinsiplərinin harada olduğunu, intriqaların kökünün harada gizləndiyini ayırd etmək çətindir. Ona görə də türk siyasətinin bu iki islamçı liderinin siyasi portetinə nəzər salmaq lazımdır.

Onlar heyrətamiz dərəcədə oxşar siyasətçilərdir, ola bilər ki, hətta biri digərinin davamıdır. Güzəştsiz rəqabət də məhz buradan irəli gəlir. Onlar buna məhkumdur.

Gülən hərəkatının davamçıları haqlı olaraq hesab edirdilər ki, seçkilərdə onların da dəstək verdiyi Ərdoğan partiyasının hakimiyyətə gəlişi ilə İslam demokratiyası cəbhəsinin bütün cinahlarının dövranı gəlib çatdı.

Amma Ərdoğanın Gülənin tərəfdarlarının Ceyhanda planlaşdırdığı nəhəng tikinti layihəsinə qətiyyətlə “yox” deməsi göstərdi ki, türk dövlətçiliyində gələcəyə dair ayrı baxışlar sistemi var. Əgər türk dövlət hakimiyyətinin dərinliklərində gedən proseslərə baxsaq, orada bu iki siyasi xadimin şəxsi rəqabəti fonunda tamam ayrı mənzərə – hakimiyyət uğrunda tipik mübarizə səhnəsi görərik. Amma rəqiblərin tərəfdarlarının içəridən  püskürmüş vulkan tərəfindən havaya sovrulan “siyasi meyitləri” Ərdoğanın rəqibinin AKP ilə müqayisədə daha geniş siyasi bazaya malik olduğunu sübut edir. Bu, baş tutmayan çevriliş deməkdir.

Ərdoğan: “Mən 7300 məscid tikmişəm”

Həyatının yarısını praktiki İslama həsr etmiş siyasi liderin hakimiyyətə gələrkən söykəndiyi ideya-siyasi xətti sonradan gücləndirməməsi, sosial bazasını möhkəmləndirməməsi qəribə görünərdi. Ərdoğan dinə möhkəm bağlı mömin ailədən çıxıb. İmam-xətib litseyini bitirib. Sonradan qadağan olunan Rifah Partiyasında – güclənməkdə olan İslam lideri Nəcməddin Ərbakanın yanında fəaliyyət göstərib. Onun həyatının ən böyük layihəsi isə mötədil-mühafizəkar ideologiyaya malik Ədalət və İnkişaf Partiyasını (AKP) yaratmasıdır.

Ərdoğan bütün Türkiyədə 90-cı illərin sonlarında oxuduğu şerlərlə məşhurlaşdı. Məhkəmə onun çəkinmədən oxuduğu şerləri Türkiyədə dünyəvi dövlətçilik ənənələrinə təhdid kimi qiymətləndirmişdi.

Gələcək baş nazir üzərindəki məhkəmə prosesi onun sadəcə populyarlığını artırdı. Ərdoğanın həbsxanada keçirdiyi 4 ay isə ictimaiyyət tərəfindən rəqiblərinin, ən əsası da türk dövlətçiliyinin qarantı olan generalitetin onu siyasi səhnədən sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirildi. Türkiyənin siyasi mübarizə tarixində belə şey olmamışdı. Amma gərək bunu da deyək ki, əgər Ərdoğan öz kursunun uğur qazanması üçün yalnız məscidlərlə bel bağlasaydı, o, seçkilərdə çətin ki, bu cür dalbadal və parlaq qələbələr qazanardı. Həm rəqibləri, həm də beynəlxalq müşahidəçilər bu seçkilərin nəticələri ilə razılşmağa məcbur olmuşdu.

Ərdoğanın nüfuzunu həm ölkə daxilində, həm də xaricdə artıran faktorlardan biri də odur ki, Türkiyə davamlı böhranlardan ilk dəfə xilas olub, hiperinflyasiyaya birdəfəlik son qoyulub (bu göstərici fəlakətli 68 faizdən 6-8 faizə enib), adambaşına düşən ümumi daxili məhsul üç dəfə artıb. Türkiyə iqtisadi cəhətdən 10 ən güclü ölkə siyahısına daxil olub.

Qeyd etməliyik ki, bu uğura Ərdoğanın sələflərinin, xüsusilə də Turqut Özalın sosial-iqtisadi sahədəki çalışmaları münbit zəmin hazırlamışdı. Türkiyə əlinə düşən nadir tarixi imkandan – SSRİ-nin parçalanıb dağılmasından uğurla bəhrələnib öz məhsullarını bu böyük bazara çıxara bildi. Bu mənada çoxları hesab edir ki, Ərdoğan sadəcə bəxti gətirmiş adamdır. Amma bunu da nəzərə almaq lazımdır ki, siyasətdə bəxt adamın üzünə bir dəfə gülür. Uğur illər uzunu davam edirsə, deməli, burada iradə, ağıl və qətiyyət amilinin də böyük ölçüdə payı və rolu var. Ərdoğan sələflərinin edə bilmədiyini elədi – türk iqtisadiyyatına qoyulan sərmayənin həcmini birdən-birə onlarla dəfə (!) artırmağa nail oldu. Ekspertlər hesab edirlər ki, baş nazir buna qanunvercilik bazasını dəyişməklə, yerli və xarici sərmayədarların hüquqlarını bərabərləşdirməklə müvəffəq ola bildi.

Amma təkcə bunlar da deyildi. Ərdoğana populyarlıq gətirən ən ciddi amillərdən biri onun bahalı əşyalara vergi tətbiq edilməsi barədə qanun qəbul etməsi idi. Çağdaş dünyada heç bir dövlət xadimi zənginlərə qarşı belə addım atmağa risk etməzdi. Ərdoğan isə buna gedərkən uduzmayacağını bilirdi. Bu addım əhalinin geniş təbəqələrinə mənəvi məmnunluq hissi, baş nazirin özünə isə şöhrət və ümumxalq rəğbəti gətirdi. Populizm Ərdoğana da yad hiss deyil…

Bahalı maşınlar, yaxtalar, dəbdəbəli villalar, dəbdəbəli həyat həvəskarı olan zənginlərdən alınan vergilər dövlət büdcəsinin bəzi məlumatlara görə, az qala 50 faizini təşkil edir. Onu da deyək ki, bu cür siyasətin kökləri insanların bərabərliyi barədəki islami baxışlar sisteminə gedib çıxır.

Bu söylənənlər siqaretə və alkoqollu içkilərə qoyulan aksizlərin durmadan artırılmasına da aiddir. Bunun sayəsində dövlət büdcəsi yeni gəlir mənbəyi qazandı. Bu da geniş xalq kütləsi tərəfindən məmnunluqla, zəngin zümrə tərəfindən isə müqavimətlə qarşılandı.

Gülən: “Mən minlərlə məktəb tikmişəm!”

Bu da doğrudur ki, türk siyasətçilərinin bu ən nüfuzlusunun və varlısının adını çəkəndə yaddaşlardan nəsə konspiroloji, gizli-məxfi şeylər boylanır. Məsələn, türk kəşfiyyatının rəhbərlərindən biri Osman Gündəşin etirafları… O deyirdi ki, ABŞ nurçuluq hərəkatı vasitəsilə bütün postsovet məkanında geniş agentura şəbəkəsi yarada bilib. Bu şəbəkə Gülənə bağlı olan və onun qürur mənbəyinə çevrilən məktəb, litsey və universitetlərin müəllimlərindən təşkil olunub. Belə hesab edilir ki, nurçular hərəkatı azı 50 milyard dollarlıq bir kapitala malikdir.

Lakin bu hərəkatın lideri, 75 yaşlı Məhəmməd Fətullah Gülənin bütün gücü təkcə pulda da deyil. O, dindar ailədə böyüyüb və tərbiyə alıb, karyerasına Diyanət İşləri İdarəsində imam kimi başlayıb, onun müsəlman cəmiyyətini xristian və yezuit təhsil modeli əsasında islah edib dəyişdirmək ideyası da burada formalaşıb.

Nurçuluq hərəkatının məqsədi təkcə Türkiyəni yox, bütün müsəlman aləmini islah edib dəyişdirməkdir. Belə bir hərəkat Qərb xüsusi xidmət orqanlarının, ilk növbədə isə ABŞ-ın diqqət və nəzarətindən çətin ki, kənarda qalaydı. Gülən hərəkatının baş qərargahı məhz ABŞ-dadır. Özü isə artıq 20 ildən yuxarıdır ki, ABŞ-da yaşayır. F.Gülənin əlində çoxsaylı dərnəklər, vəqflər, ictimai təşkilatlar, fondlar, minlərlə özəl məktəblər, litsey və universitetlər, yüzlərlə şirkət və firmalar var. F.Gülənin bu maarifçilik fəaliyyətinin zahiri tərəfi cazibədar görünür və qıcıq doğurmur – axı Türkiyənin hərbi elitası və məmur zümrəsi də əsasən Qərb təhsillidir. Gülənin təhsil layihələri də Qərb modeli üzərində qurulub.

“Bütün dünyada bu qədər dünyəvi məktəb açan ikinci bir islamçı hərəkat yoxdur. Bu hərəkatın Türkiyə kimi müsəlman ölkəsində yaranması faktı bu cərəyanın İslam aləmindəki müstəsna bir hərəkat olduğunu təsdiq edir” – bunu Türkiyədə, Qafqazda və Mərkəzi Asiyada İslam üzrə tanınmış ekspert, ofisi Vaşinqtonda olan Karnegi Fondunun tədqiqatçısı Bayram Balçı deyir.

Birinci sən vur, Freddi!

Ekspertlərdən kimin ağlına gələrdi ki, Türkiyənin ən zəngin və ən nüfuzlu adamlarından olan tikinti maqnatı Əli Ağaoğlunun dekabrın 17-də gerçəkləşən həbsinin bunca uzağa gedən nəticələri olacaq?! Həbsə atılan digər məşhur iş adamı Rza Zərrab kimi Ə.Ağaoğluna qarşı da korrupsiya və çirkli pulların yuyulması ittihamı irəli sürüldü.

Məsələ heç də onda deyil ki, hər iki maqnat geniş beynəlxalq əlaqələrə (o cümlədən Azərbaycanla) malikdir. Məsələ heç onların həbsinin ardınca bir çox nazirlərin oğlanlarının da həbsində deyil.

Bu qəfil “atəş” nə adi bir epizod, nə də xüsusi xidmət orqanlarının cəza əməliyyatı deyildi. Bu, yaxşı hazırlanmış siyasi müharibənin başlanğıcı idi. Bu savaşda əsas stavka zərbənin qəfil olması amilinə yox, hakim elitadakı adamlara kütləvi surətdə və təmkinlə atəş açmağa edilmişdi. Əsasən də o adamlara ki, onlar Ərdoğanın kadr bankı sayılırdı…

F.Gülənin adı türk mətbuatında heç də o, baş nazirə müharibə elan etdiyi üçün tez-tez çəkilməyə başlamamışdı. Ərdoğan və onun adamları nurçuların və polisdə, prokurorluqda, məhkəmə orqanlarında, bir sözlə, dövlətin hüquq sistemində çalışıb nurçulara rəğbət bəsləyən şəxslərin zorakılığından dəhşətə gəlmişdilər. Bəzi ekspertlər, məsələn, S.Çağatay hesab edirlər ki, hüquq-mühafizə orqanlarında çalışanların haradasa 70 faizi Gülənin adamlarıdır.

Baş nazirin gördüyü tədbirlərin heç biri – nə nazirlərin istefası, nə polis rəislərinin kütləvi şəkildə işdən çıxarılması, nə də prokurorların işdən azad edilməsi lazımi effekti vermədi. Belə təəssürat yaranırdı ki, bütün hüquq-mühafizə orqanları qiyama qalxaraq nəzarətdən çıxıb. Baş nazir ən son anda “Sən də, Brut?!” deyə qışqıra bilərdi. Belə ki, Ərdoğanın dostu, silahdaşı və hakim komandanın ən güclü dayaqlarından biri sayılan prezident Abdulla Gül də açıq şəkildə “üsyançılar”ın tərəfinə keçmişdi…

Hazırda Ankarada məğlubedilməz və uğurlu Ərdoğanın istefası qoxuyan rüzgarlar əsir. Uğur ondan bu dəfə üz döndərib. Baş nazirin oğlunun həbs təhlükəsi ilə üzləşməsi, onun gah Batuma, gah da Bakıya qaçması xəbərinin yayılması vəziyyəti daha da qəlizləşdirən belə bir informasiya ilə təkzib olunur ki, oğul Ərdoğan atasının yanındadır.

Ərdoğan bununla düşmənlərinə hədə gəlir: Türkiyənin çoxəsrlik tarixi ərzində hələ heç kim hökmdarın oğlunu onun gözü önündə həbs etməyib. Lakin hətta bu həbs baş verməsə belə Ərdoğan bu müharibədə qalib gələ bilməz. Çünki Ərdoğan hazırda ordusunu itirmiş generalı xatırladır. Onun yerinə hansı sərkərdə olsaydı, gündəliyinə təəssüf və peşmançılıq dolu bu cümləni yazardı: “Dörd bir yanım satqınlıq və rüsvayçılıqla doludur…”

Məclisi kim idarə edir?

Türkiyənin öz kumirindən niyə üz döndərməsi barədə uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Şübhəsiz ki, Ərdoğanın “övladı” olan AKP hələ öz liderini müdafiə etmək iqtidarındadır. Amma A.Gülün gedişi bu “siyasi bünövrə”də ciddi çat yarandığını göstərir. Elə geniş kütlələr də baş naziri gözdən salan informasiya axınına biganə qalmayacaqlar.

İslamçılar özlərini təhqir olunmuş sayırlar. Məsələni hansı üzünə çevirsən də baş nazir dövlətin içindəki korrupsiyalaşmış eşelonun ləğvi məqsədilə polis sənətinin bütün qaydalarına uyğun şəkildə aparılan əməliyyatları dövlət çevrilişi adlandırmağa çalışmışdı. Ərdoğanın son addımları – indiyə qədər müxalifətdə olan düşərgənin adamlarını mühüm dövlət postlarına təyin etməsi hakim partiyanın özünü itirməsinin sübutu idi.

Yox, Gülən belə bir əməliyyatı apara bilməzdi. Bunu istəsəydi belə… Ərdoğan müqavimət göstərdikcə məlum olur ki, o, əslində gözəgörünməz əjdaha ilə vuruşur. Hərbi-kəşfiyyat cameəsini, onun yanında olan və onunla birləşib nəhəng gücə malik gizli bir dövlət orqanizmi yaradan dövlət strukturlarını şərti olaraq bu cür adlandırmaq olar – “Dərin dövlət”. “Dərin dövlət” dövlətin içində gizlənən və ölkənin təhlükəsizliyinə cavabdeh olan, onu sarsıntılardan qoruyan hansısa gözəgörünməz bir orqanizmdir. Onun gördüyü işi heç bir qurum ayrılıqda görə bilməz.

Belə birliklər dərin dövlətçilik ənənələrinə malik ölkələrin hər birində var. Məhz bu “dərin dövlət”lərin sayəsindədir ki, ABŞ-dakı seçkilərdə qəfildən gənc, yaraşıqlı və qaradərili bir namizəd qalib gəlir. Özü də bu şəxsin müsəlman mənşəyinə eyham vurulmaqla… Yaxud generalların qucaq-qucaq olduğu Rusiyada gənc bir polkovnik qəfildən prezident olur…

Ərdoğanın səhvi

Səhvə yol verməyən hökmdarlar olmur – nə demokratik ölkələrdə, nə də monarxiya quruluşlu dövlətlərdə. Ən pisi odur ki, hökmdar heç vaxt səhv etmədiyini düşünməyə başlasın. Ankarada xüsusilə də son 5 ildə Ərdoğanın “sultansayağı ədaları”ndan çox danışırlar. Bəlkə də belədir. Amma baş nazir Türkiyənin beynəlxalq məsələlərdəki xüsusi yerini təmin edib. Diplomatik bacarıq göstərərək Avropa Birliyi ilə münasibətlərdə Türkiyənin müstəqil mövqe tutmasına nail olub. Kürd probleminin həlli üçün bir çox praktik addımlar atıb. Qəzzafidən sonra getdiyi Tripolidə Ərdoğanı İslam dünyasının lideri kimi qarşılamışdılar. Elə “ərəb baharı” da Türkiyənin Qərblə birgə oynadığı rol olmadan vüsət ala bilməzdi…

Amma Türkiyədə çoxları başqa bir məsələni də xatırlayır. Məsələn, bir il əvvəl Ərdoğan öz tərəfdarları qarşısında Atatürkün və şəxsən özünün (!) portreti fonunda çıxış etmişdi. Yaxud onun bəzi tarixi-siyasi müqayisələri anlaşılmazlığı ilə diqqəti cəlb eləyir.

“Türk şəhərləri tam islamlaşıb” – deyə Ərdoğanın qətiyyən əleyhdarı olmayan türk jurnalisti gileylənir.

Məmurlar İslam demokratiyasının gətirdiyi qadağalardan narazılıqlarını gizlətmirlər. Generalitet “Ergenekon” əməliyyatını ona bağışlamayıb. Daha bir başağrısı var – orta təbəqə ilə kasıblar korrupsiyadan əziyyət çəkir. Baş nazirin təklif etdiyi institusional dəyişikliklər hamını qorxudur. Bu cəhdlərdən də görünür ki, Ərdoğan avtoritar Rusiya təcrübəsini təkrarlamağa hazırdır.

Türkiyə cəmiyyəti çox şeyə dözər, çox şeyi bağışlaya bilər, demokratik ənənələrin dağıdılmasına isə yox. Türkiyədəki ümumi, total məyusluğun əsas səbəbi də elə budur. Ümumi qənaət belədir ki, Ərdoğan ABŞ-İsrail agentlərinin təsirindən yaxa qurtarmağa çalışmaqla öz imkanlarını və gücünü həddən artıq yüksək qiymətləndirdi. Amerikalılar belə şeyləri bağışlamırlar.

Ankarada belə söhbətlər var ki, Rusiya prezidenti Vladimir Putin Ərdoğana yaxınlaşan fəlakət barədə xəbərdarlıq edibmiş. Amma görünür, Ərdoğan bu xəbərdarlığı lazımınca qiymətləndirməyib. İndi mətbuata Ərdoğanın hakimiyyətdən dördəlli yapışmaqda davam edəcəyi təqdirdə baş verə biləcək olaylar barədə informasiyalar sızdırılır. Xəbərlərə görə, martda keçiriləcək bələdiyyə seçkilərində hakim partiya ölkənin əsas şəhərlərində ciddi dəstəkdən məhrum olacaq. Bunun ardınca isə parlament və şəxsən Ərdoğanın özünün qurduğu layihə əsasında baş tutmalı olan ilk prezident seçkiləri gəlir.

Məlumatlı türk ekspertlərinin qənaətinə görə, siyasi böhranın dərinləşəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı da çox böyükdür. Bu seçkilər də prezident seçkiləri ilə birlikdə 2014-cü ilin avqustunda keçirilə bilər.

Martda keçiriləcək bələdiyyə seçkiləri həlledici döyüş öncəsi baş məşqi xatırladır. Permanent xarakterli irimiqyaslı qalmaqallar siyasi isteblişmenti görünür, hələ çox silkələyəcək. Ərdoğanın yaxın ətrafını ifşa edən yeni intim videolar, yeni korrupsiya qalmaqalları, labüd həbslər və s. və i.a. – bütün bunlardan görünür ki, türk sultanının rəqiblərinin cəbbəxanasında hələ xeyli silah var. Türk sultanının sarayı seçkiqabağı dövrdə hələ çox yaylım atəşləri ilə sarsılacaq…

Yeni osmançılığın qəbirqazanı

Qəddarlığı ilə məşhur olan Bizans siyasi ənənəsinə uyğun olaraq ən sadiq və sınanmış müttəfiqlər Ərdoğanın sarayını artıq tərk etməyə başlayıblar. Onların çoxu baş nazirin qeyri-məhdud, deyərdik ki, mütləq hakimiyyət sisteminin canına daraşmış silahdaşları, hətta qohumlarıdır. Onlar artıq prezident A.Gülün düşərgəsində səf tutublar.

İndi bütün türk isteblişmenti siyasi səhnədə tezliklə yeni islamçı partiyanın peyda olacağının və ona elə A.Gülün başçılıq edəcəyinin anonsunu verir. Bəzi acı dillər isə deyir ki, prezident A.Gül baş nazir Ərdoğanın sultanlığı dövründə çox sıxışdırılıb, təhqirlərə məruz qalıb, aşağılanıb. Və elə buna görə də əfsanəvi Ərbakanın siyasi mirası olan partiyanın (AKP) tam parçalanması artıq qaçılmaz və labüddür.

Hazırda Ankarada qəddarlığına və gözəlliyinə görə nadir olan bir “dəmir əl” açıq şəkildə müzakirə olunur. Deyilənə görə, siyasi opponentlərin hamısı kompromisli, ortaq və münasib bir namizədə stavka eləməyə hazırlaşırlar. Bu namizəd qadındır. O, Ərdoğana qarşı olan bütün gücləri öz ətrafında birləşdirməyə hazır və qadir biri kimi təqdim olunur. Söhbət Türkiyə Böyük Millət Məclisinin hazırkı vitse-spikeri Maral Akşənərdən gedir…

M.Akşənər parlaq və kifayət qədər xarizmatik siyasətçidir. O, həm nurçular, həm də türk milliyyətçiləri və kamalçılar tərəfindən rəğbətlə qarşılanan fiqurdur (M.Akşənər formal olaraq Türkiyənin Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edir, belə ki, bu partiyanın siyahısı ilə millət vəkili seçilib).

M.Akşənər siyasi qüvvələr arasında harmoniya və həmrəylik yarada biləcək keyfiyyətlərə malikdir. O, vahid platformada – baş nazirin tezliklə dəyişdirilməsi platformasında birləşən müxtəlif və çoxsaylı siyasi qrupların maraqlarını təcəssüm etdirən namizəd kimi təsəvvür olunur.

Belə görünür ki, artıq M.Akşənər də bu yolda ilk addımını atıb. O, bu günlərdə ilk dəfə, amma kifayət qədər sərt bir bəyanatla çıxış edərək Ərdoğanın siyasətini kəskin tənqid edib və baş naziri siyasi səhnədən getməyə çağırıb. Yada salaq ki, neoislamçıların hakimiyyətdə olduğu müddətdə M.Akşənərin belə radikal mövqe tutduğunu görən olmamışdı.

Ekspertlər hesab edirlər ki, bu yeni siyasi konstruksiya Qərbdən, ilk növbədə isə ABŞ-dan ciddi dəstək ala bilər. Bir daha qeyd edək ki, M.Akşənər nurçulara çox yaxındır. Bu baxımdan Vaşinqtondakı nüfuzli dairələrin, ABŞ-ın siyasətini müəyyən edən strateq və idarəçilərin onun qarşısında maneə yaradacağı az ehtimal olunur.

Bu halda A.Gülün başçılığı altında fəaliyyət göstərəcək yeni siyasi qüvvə parlament seçkilərində qələbə qazanacağı təqdirdə yeni hökumət formalaşdıra, indiki prezident isə baş nazir kürsüsünə əyləşə bilər. Bu da mümkün kombinasiyalardan biridir. Çünki A.Gül hakim elitadakı güclü mövqelərini heç cür itirmək istəməyən nurçularla sıx ittifaqa girib.

Doğrudur, A.Gülə və onun tərəfdarlarına təhlükə də var. Belə ki, ənənəvi kamalçı partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) türk siyasətinin yenicə parlamaqda olan ulduzu Mustafa Sarıgülün başçılığı altında onları sıxışdıra bilər. Çünki Türkiyədəki dünyəvilik tərəfdarları və kamalçılar “qalstuklu molla”nın (Ərdoğanı Türkiyədə ironiya ilə belə adlandırırlar) dəhşətli yuxuya dönmüş hakimiyyətinin mümkün qədər tez bitməsini istəyirlər. Bu arzu “ərəb baharı”ndan sonra lap yerinə düşür. Ərdoğan öz işini gördü. Məhəmməd Mursi devriləndən sonra isə Qərb mərkəzçi Osmanlı amilinə ehtiyac duymayan ərəb dünyası üçün görünür, “məxməri payız” layihəsi hazırlayıb…

Türkiyədə hamı siyasi böhrandan qorxur. Onun arzuedilməz nəticələrindən qaçmaq isə nə qədər təəccüblü və təzadlı olsa da elə Ərdoğanın özünün köməyi ilə mümkündür. Baş nazir könüllü istefa versə, ölkədə siyasi hərarət düşər, qarşıdurma ehtimalı azalar. Ərdoğan hamını özünə qarşı qoydu, hamını özünə qarşı birləşdirdi – dünyəvilik tərəfdarlarını da, Qərbi də, generaliteti də, millətçiləri də, nurçuları da, elə “dərin dövlət”in özünü də…

Uğur qazanmış bir lider hədsiz ambisiyaları və qarşısıalınmaz hakimiyyət ehtirası üzündən özünü belə bir girdaba salıb. Bu da onu göstərir ki, lazımi məqamda və lazımi məkanda doğulmaq hələ kifayət deyil. Vaxtında getməyi də bacarmaq lazımdır…

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın