Menu
Geri İrəli

Yeni ili harda neçəyə qarşılamaq olar?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2012 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur

2013-cü ilin gəlişinə bir neçə gün qalıb. Paytaxt Bakı təzə ilin gəlişinə təmtəraqla hazırlaşır. Artıq paytaxtın müxtəlif yerlərində yeni il yolkaları quraşdırılıb. Nazirlər Kabineti də bayramın gəlişi münasibəti ilə dekabrın 31-dən yanvarın 7-dək qeyri-iş günü elan edib. Hamı bu fürsətdən yararlanıb, yeni ili maksimum yaddaqalan keçirmək istəyir. Düzdür, əksəriyyət yeni ili öz evində qarşılamağa üstünlük versə də, bir qisim insanlar da var ki, onlar təzə ili müxtəlif restoranlarda, eləcə də xarici ölkələrdə qarşılamağa çalışır. Bəs görəsən, yeni ili restoranlarda keçirmək və müxtəlif turpaketlər neçəyə başa gəlir ?

Yeni ilin gəlişi ilə əlaqədar, artıq bir aydan çoxdur ki, restoranların reklamı gedir. Paytaxtımızdakı tanınmış restoranların bir çoxunda Yeni il şənlikləri təşkil ediləcək.

Restoran inzibatçılarının dediyinə görə, həmin gün şou-biznes nümayəndələrinin çıxışı ilə Yeni il şousu olacaq. Məkanlardakı qiymətlər isə yeməyin menyusundan və yerlərdən asılıdır. Restoranlarda qiymətlər adambaşına 80-300 manat arasında dəyişir. Həmin rəqəmi ailə üzvlərinin sayına görə hesablasaq, məbləğin kifayət qədər yüksək olduğunu görərik. Bu qiymətlər restoranın təqdim etdiyi menyunun qiymətidir. Əgər siz əlavə sifariş versəniz, əlavə məbləğ ödəməli olacaqsınız. Bundan başqa, yeni il öncəsi ölkənin bütün teatr və mədəniyyət ocaqlarında proqramlar təşkil edilib. Proqram üçün müvafiq qiymətlər 4- 15 manat arasında dəyişir. Şaxta baba və Qar qız ilə şəkil çəkdirmək 1-2 manat arasındadır. Bəzi yerlərdə isə uşaqlar üçün təşkil edilmiş Yeni il şənliklərinə biletlərin qiyməti 30-35 manatdır.

Hər il təzələnən təqvimi fərqli ölkələrdə keçirmək ənənəvi hal hesab olunur. Buna görə də, bir çoxları turizm şirkətlərinin təklif etdikləri Yeni il turpaketlərindən yararlanırlar. Bu ərəfələrdə yerli turizm şirkətlərinin xarici ölkələrə təşkil etdiyi Yeni il paketlərinin qiymətləri də fərqlidir. Ölkənin ən tanınmış turizm şirkətlərindən aldığımız məlumata görə, bu günə qədər ən çox turpaketlər Türkiyə, Gürcüstan və digər postsovet ölkələrinə satılıb. Hər il olduğu kimi, bu il də qonşu Gürcüstana axının səbəbi nəqliyyat sisteminin rahatlığı, qış turizminin bu ölkədə inkişafı və qiymətlərin nisbətən ucuzluğudur. Gürcüstana 5 günlük Yeni il istirahəti, yol xərcini özünüz ödəməklə, 305 manata başa gəlir. Türkiyənin müxtəlif şəhərlərində təşkil edilən turların qiyməti isə fərqlidir. Məsələn, Antalyada 670 manat, Uludağda isə Yeni ili keçirməyin xərci 650 manatdır.
Azərbaycanlıların az sayda da olsa, üz tutduqları digər xarici ölkələrdə də qiymət müxtəlifdir. Məsələn, Çində yeni ili qarşılamağın qiyməti 330 manatdır. Temza üzərində Yeni il keçirmək istəyənlər iki nəfərlik nömrə üçün bir nəfərə 1135 manat, birnəfərlik nömrə üçün isə 705 manat xərcləməlidir. Mərakeşdə yeni il keçirmək istəyənlər iki nəfərlik nömrə sifariş etmək istəyirsə, bir nəfər üçün 1000 manatdan keçməlidirlər. Bir nəfərlik nömrə üçün əlavə olaraq 170 manat ödənməlidir. Peruda rus dilli bələdçilərlə təşkil edilən 9 gün, 8 gecəlik proqramın qiyməti 2245 manatdır. Barselonada yeni il iki nəfərlik nömrədə bir nəfər üçün 610 manatdır. Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinə də Yeni il turları təşkil edilib. Qiymətlər otellərin 3, 4, 5 ulduz kateqoriyalarına uyğun olaraq, səhər yeməyi daxil olmaqla sutkada 100, 150, 200 dollar civarında dəyişir. Bakıdan Kuala Lumpura uçuş isə Daşkənddən “Özbəkistan hava yolları” ilə 750 manat, Dohadan “Qatar hava yolları” ilə isə 850 manat dəyərindədir. Praqaya 6 günlük turpaket 970 manata başa gəlir. Ən çox insan axını olan Tailanda 8 günlük paketin qiyməti 1500 manatdır.

Qeyd edək ki, turpaketlərə təyyarə bileti, otel xərcləri, yemək və içəcəklər daxildir. Otel içərisində pullu xidmətlər digər xidmətlər ödənişə aid deyil.

Azərbaycandakı qiymətlər…

Azərbaycanda Yeni ili keçirmək istəyənlər əsasən, Nabrana, Qəbələ, Lerik, Qaxa üz tuturlar. Qaxda yerləşən məşhur otellərin birində Yeni il şənliyi 29 dekabrdan yanvarın 1-ə qədər davam edir. Dörd gecənin qiyməti -2 nəfər üçün 800 AZN-dən 1500 AZN-ə qədərdir. 1 nəfər üçün turun qiyməti -330 AZN-dir.

Qəbələdə 2 gecəlik 810 manat, 3 gecəlik 1777 manatdır. Bundan başqa, Yeni il şousuna qatılmaq üçün əlavə pul ödənilir.

Şəkidə 2 nəfərin 3 günlük istirahəti 430 manata, Qusarda isə bir günlük istirahət 80 manata başa gəlir. Bəzi otellərdə bu qiymətlərə yalnız səhər yeməyi daxildir. Yeni il şousu üçün isə əlavə pul ödənilir.

Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası kafedrası”nın müdiri, dosent Bahadur Bilalov Lent.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın əksər bölgələrinə yeni ili keçirmək üçün axın var. Mingəçevir, Lerik, Qəbələ, Nabran, Xəzərin sahillərində yerləşən restoran və otellərdə yeni ili keçirmək üçün müraciət edənlərin sayı çoxdur. Onun sözlərinə görə, gələn ildən Şahdağ yay-qış turizm obyektinin tam istifadəyə verilməsi, həm Azərbaycana turist axınının sayını artıracaq. Bahadur Bilalovun sözlərinə görə, yeni ili xarici ölkələrdə qarşılamaq istəyənlər əsasən, iki qrupa bölünürlər. İsti sevən insanlar BƏƏ, soyuq sevənlər isə əsasən Gürcüstana gedirlər. Onun sözlərinə görə, bu il azərbaycanlılar əsasən, Türkiyənin Uludağ ərazisinə, Avropa şəhərlərindən Barselona, Madrid (İspaniya), Roma, Milan (İtaliya), Praqa (Çexiya) və digər şəhərlərə axın edirlər./Jalə, Lent.az/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın