Çörək yenidən bahalaşa bilərmi?

779

Bazarlarda qiymətlərin yenidən “ceyranın belinə” qalxdığı bir vaxtda çörək istehsalçıları da istehlakçıları “çörək sınağı”na çəkdi. Əvvəlcə çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırıldı. Və dərhal bazar buna reaksiya verdi – ictimai qınaq baş qaldırdı. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xəbərdarlığından sonra isə vəziyyət nisbətən balanslaşdırıldı. Belə ki, çörəyin qiyməti əvvəlki dəyərinə salınsa da çəkisində azalma baş verdi. Hazırda bizə iki cür çörək təqdim olunur: 30 və 40 qəpiklik çörəklər. Bu məhsulların yeganə fərqi onların çəkisindədir. Paralel olaraq unun qiymətində də artım var: əvvəllər alıcı 1 kq un üçün 40 qəpik xərcləməli idisə, indi bu rəqəm 50-dir. Əslində, istehsalçılar çörəyin qiymətindəki dəyişikliyi unun qiyməti ilə əlaqələndirirlər. Xatırlatmaq yerinə düşər ki, əvvəllər 30 qəpiyə aldığımız çörəyin çəkisi 550-600 qram arasında dəyişirdisə, indi bu çəki 500 qrama bərabərdir. Hazırda 40 qəpiyə satılan çörəyin çəkisi isə 600-620 qram çəkisindədir.

Bəs görəsən, qiymət artımının kökündə nə durur? Yenədəmi süni bahalaşma?

“Sumqayıt-çörək” ASC-nin direktoru Əlfüqar Qasımov deyir ki, bu, ciddi bir qiymət artımı deyil və bu artım təbiidir: “Süni bahalaşmadan söhbət belə gedə bilməz. Digər bir tərəfdən nəzərə alaq ki, yalnız çörəyin çəkisi cüzi olaraq aşağı salınıb”.

Bu dəyişikliyin səbəbinə gəldikdə isə istehsalçı deyir ki, bu bütün dünyada gedən proseslərin məntiqi davamıdır: “Bütün ərzaq məhsullarında qiymət artımı var. Məsələn, qarabaşağın qiyməti təxminən 4 dəfə bahalaşıb. Unun qiymətində artım varsa, çörək də bahalaşmalı idi. Bütün dünyada, o cümlədən ölkəmizdə baş verən təbii fəlakətlərin ərzaq qıtlığına və qiymətlərə təsir edəcəyi məlum idi, belə də oldu. Xüsusilə Rusiyada taxılın qiymətinin artması qiymətləri artırdı”.

“Yenidən artım ola bilərmi” sualına isə Ə.Qasımov bu cür cavab verdi: “Biz də istəmərik ki, belə bir şey olsun, vəziyyəti başa düşürük, ancaq bu haqda dəqiq heç nə deyə bilmərəm”.168saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər