Diplomat xarakterli “silahlı” sumqayıtlı gənc – Portret

356

O, çempionluqları yox, rekordları hədəfləyib

Atıcılıq Azərbaycanda sevilən idman növlərindəndir desək, yanılmarıq. Səbəb isə tarixi nailiyyətlərimizdir. Sidneydə Zemfira Meftəhəddinova ilə ali “hədəf”i dəqiq nişan alıb, Afinada onun və İradə Aşumovanın bürünc medalına sevinmişik. Dünya və Avropa çempionatlarında dəfələrlə ölkəmizin bayrağı dalğalandırılıb. Paralimpiyaçılarımız da mötəbər yarışlarda “əliboş” qalmayıb. Yelena Taranova iki dəfə dördilliyin ən möhtəşəm yarışında mükafatçılar sırasında yer alıb. Digər mötəbər yarışlar da fiziki məhdudiyyətli atıcılarımız üçün kifayət qədər əlamətdardır. Hər iki cəbhədə bir ara durğunluq yaşansa da, son vaxtlar nəzərəçarpacaq canlanma hiss olunur. Buna əsasən, mövzunu gündəmə gətirmək qərarına gəldik. Layihəmizdə ilk dəfə olaraq güllə atıcısından söhbət açacağıq. Bu, paralimpiyaçı Kamran Zeynalovdur.
Qəhrəmanımız haqqında ilkin təəssürat: “Məhdudiyyət anlayışını qəti şəkildə qəbul etmirəm. İndiyədək nə etmək istəmişəmsə, bacarmışam. Çətin sınaqları sevirəm. Mən “olmaz”ların adamıyam”.
Zəkiyevi görür, pauerliftinqlə məşğul olmaq istəyir, amma…
Zeynalov Kamran Turab oğlu 1992-ci ildə Sabirabad rayonunda, uşaq serebrial iflici ilə dünyaya göz açıb. Dörd yaşında olarkən, ailəsi ilə Bakıya köçüb. 1999-cu ildə isə Zeynalovlar, yenidən ünvanlarını dəyişib. Kamranın müalicə xərclərini qarşılamaq üçün ailə, paytaxtdakı mənzili sataraq, Sumqayıtda məskunlaşıb. Kamran, ev şəraitində orta təhsil alıb. Dediyinə görə, dərslərini yaxşı oxuyub. Sevdiyi fənn isə cəbr imiş. Cəbr üzrə respublika miqyaslı yarışlarda nailiyyətlər də qazanıb. Lakin ali təhsil almaq fikrindən vaz keçib. Fikirləşib ki, fiziki məhdudiyyəti gediş-gəlişinə əngəl yaradacaq. Əslində, özünə qapanan uşaq olmayıb. Fiziki məhdudiyyətinə rəğmən, hər işdə aktivlik göstərməyə çalışıb. Sadəcə, həlledici anlarda tərəddüd yaşayıb.
Həyatının dönüş nöqtəsi 2008-ci ilə təsadüf edir. Uşaqlıqdan idmana, əsasən də futbol və ağır atletikaya həvəsi olan Kamran, bir gün efirdə əfsanəvi cüdoçumuz İlham Zəkiyevi görür. O zaman Afina Yay Paralimpiya Oyunlarının çempionu kimi Pekin oyunlarına hazırlaşan Zəkiyevin həyat hekayəsi, paralimpiya hərəkatı barədə fikirləri Kamranın diqqətini çəkir. Beləliklə, Milli Paralimpiya Komitəsinə üz tutur. Komitə rəsmisi ilə söhbətdə ağır atletikaya həvəsli olduğunu, pauerliftinqdə özünü sınamaq istədiyini bildirir. Lakin məlum olur ki, bu növlə məşğul olmaq üçün xeyli maliyyə vəsaiti tələb olunur. Belə ki, vitaminlər üçün lazım olan məbləğ ailəsinin büdcəsinə heç cür uyğun gəlmirdi. Bu zaman atıcılıq məsləhət görülsə də, Kamran imtina edir. Deyir ki, belə qərar verməsində yaşının azlığı, bir az da ərköyün olması rol oynadı.
Qismətdən qaçış yoxdur
Bir gün cüdoçu dostuna qoşulub, Sumqayıtda fəaliyyət göstərən Paralimpiya İdman Kompleksinə gedir. Burada Azərbaycan cüdosunda məşhur Rəcəblilər nəslinin nümayəndəsi olan Zaur Rəcəbli ilə tanışlıq, Kamranın həyatında yeni səhifə açır. Söhbət əsnasında idmana böyük həvəsi olduğunu görən Rəcəbli, onu bir müddət atıcılıqla məşğul olmağa çağırır, zaman keçdikcə, istədiyi növdə özünü sınamaq imkanının yaranacağına inandırır. Beləcə, Kamran atıcılıq üzrə paralimpiya millimizin baş məşqçisi Vitali Sotnikovla çalışmalara başlayır.
Çox keçmir ki, atıcılığa bağlanır. Bu idman növünün yüksək psixoloji hazırlıq, son dərəcə dəqiqlik tələb edən incəlikləri, bir sözlə, mürəkkəb qaydaları çətinlikləri sevən qəhrəmanımızın lap ürəyincə olur. Lakin ilk vaxtlar özünü heç cür doğrulda bilmir. Hər ayın sonu təşkil olunan sınaq atışlarında Kamran, hədəfə düşməkdə çətinlik çəkir. Belədə, beynəlxalq yarışlara gedən yol üzünə bağlanır. Bu, il yarım davam eləsə də, o, bir gün də olsun,  həvəsdən düşmür, “gec-tez bacaracağam” deyib, yola davam edir.
2010-cu ilin mart ayında baş tutan sınaq atışlarında 537 xal toplayır. Əslində, o qədər də ürəkaçan nəticə olmasa da, baş məşqçi bütün ehtimalları nəzərə alıb, onu Türkiyənin Antalya şəhərində keçirilən dünya kuboku yarışına aparır. Bu, Kamran üçün əla fürsət idi. O, bu imkanı kifayət qədər yaxşı dəyərləndirir. 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə 554 xalla təsnifatda altıncı olan Zeynalov, final mərhələsində nəticəsini daha da yaxşılaşdırır. Yekunda onu fəxri kürsüdən cəmi bir pillə ayırır. Kamran, turnirdəki çıxışını belə xatırlayır: “Bunu karyeramın ən önəmli yarışlarından biri hesab edirəm. Çox həyəcanlı olsam da, birtəhər özümü cilovlayıb, uğurlu çıxış etməli idim. Zəif nəticə göstərməyə haqqım yox idi. Əks halda, həm özümə, həm də məşqçimizə qarşı haqsızlıq etmiş olardım. Ona görə də, maksimumumu ortaya qoydum. Ümumiyyətlə, mən məsuliyyətli insanam. Heç vaxt işimə səthi yanaşmamışam”.
2010-cu ildə Sotnikov onu daha iki dünya kubokunda sınaqdan keçirir. Kamran Almaniyada baş tutan yarışda üzləşdiyi uğursuzluğu, bir həftə sonra Fransada sığortalayır. Normativi yerinə yetirərək, Xorvatiyada təşkil olunan dünya çempionatına lisenziya qazanır. Mundial ərəfəsi, hazırlığını daha da intensivləşdirir. Həftənin 6 günü, gündə 7-8 saat olmaqla məşq keçir. Bununla belə, nəticəsi ürəkaçan olmur. Yekunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada şəxsi göstəricisindən xeyli az – 547 toplayaraq, 18-ci yerlə kifayətlənir. Dediyinə görə, bu uğursuzluqda həyəcan faktoru əsas rol oynayır. Beləliklə, London Yay Paralimpiya Oyunlarına lisenziya da əldən çıxır.
0.6 xal çatmır
Rio tsiklinə də Türkiyədə keçirilən dünya kuboku yarışı ilə start verir. Burada uğursuz çıxış edən Kamran, sonrakı yarışlarda nəticəsini yaxşılaşdırır. 2014-cü ildə isə karyerasının ən böyük uğurunu qazanır. İngiltərədə təşkil olunan dünya kubokunda qızıl medal qazanır. Növbəti il də İngiltərədən “əliboş” dönmür. O, kolleksiyasına dünya kubokunun gümüş medalını da əlavə edir. Lakin iki dəfə lisenziyaya çox yaxın olsa da, Paralimpiya Oyunlarına qatıla bilmir. Almaniyada baş tutan dünya çempionatında, onu vəsiqədən sadəcə, 0.6, ABŞ-da təşkil edilən dünya kubokunda isə 1 xal ayırır.
Komandamızın lideri
2015-ci ilin sonlarından etibarən, uzun müddət məşqlərə qatılmır. Psixoloji cəhətdən özünü toparlaya bilmir, üstəlik, səhhətində ciddi problemlər yaranır. İl yarım davam edən fasiləyə baxmayaraq, dönüşü kifayət qədər uğurlu alınıb. Cari ildə Cənubi Koreyada keçirilən dünya çempionatında final mərhələsinə yüksələn Zeynalov, yekunda səkkizinci nəticə göstərib. Fransanın ev sahibliyi etdiyi dünya kubokunda isə beşinci olub. Sonuncu yarışda onu Tokio oyunlarından 0.6 xal ayırıb. Lakin ümid hələ çoxdur. Qarşıda Kamranı daha üç lisenziya yarışı gözləyir. Bu cəhdlərin birində, nəhayət ki, arzusuna çatacağı real görünür. Kamranın potensialı nəinki lisenziyaya, zirvə yarışında mükafatçılar sırasına düşməyə də imkan verir. Bunu biz yox, yığma komandamızın çalışdırıcısı, eyni zamanda qəhrəmanımızın şəxsi məşqçisi Əkbər Muradov deyir. Yeri gəlmişkən, Muradovun fikirlərini təqdim edirik: “Paralimpiya atıcılığının ümumi səviyyəsi bir xeyli aşağı düşmüşdü. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim təyinatımdan sonra ciddi irəliləyiş müşahidə edilir. Bu gün çox sayda perspektivli atıcılarımız var. Kamran isə Yelena xanımla birgə komandamızın lideridir. Ona inamım böyükdür. Çalışqan, son dərəcə əzmkar uşaqdır. Texnikası, atıcı üçün müstəsna önəm kəsb edən psixoloji hazırlığı əla səviyyədədir. Çox ümid edirəm ki, tezliklə bunun bəhrəsini görəcək”.
Nümunələr
Qeyd edək ki, Əkbər Muradov Qarabağ müharibəsi əlilidir. O, idmançı kimi ölkəmizi iki dəfə paralimpiadada təmsil edib. Artan yaşına rəğmən, karyerasını davam etdirir. Onun da əsas hədəfi Tokio oyunlarına lisenziya qazanıb, ən azından mükafatçılar sırasına düşməkdir. Ümumiyyətlə, atıcılıqda qazanılan uğurların kökündə səbir, təcrübə və qismən də şans amili durur. Elə öz tariximizə nəzər saldıqda, əminliklə demək olar ki, qətiyyən usanmaq olmaz. Canlı əfsanəmiz Zemfira xanım olimpiya çempionluğunu nə az, nə çox, 37 yaşında əldə edib. İradə Aşumova isə 46 yaşında mükafatçılar sırasında yer alıb. Kamran üçün əsas nümunə elə öz yanındadır. Paralimpiya mükafatları 39-43 yaşlarına təsadüf edən Taranova, bu gün 55 yaşında olmasına baxmayaraq, ali zirvəni fəth etməyi qarşısına məqsəd qoyub. Əslində, bu faktları Kamrana xatırlatmağa gərək yoxdur. Dünyagörüşü geniş olan qəhrəmanımız, nəinki atıcılıq, digər idman növlərinin də tarix və nəzəriyyəsindən xeyli məlumatlıdır.
Caz həvəskarı
Kumiri atıcı yox, döyüşçüdür. Kamran, həmvətənimiz, kikboksinqin müxtəlif versiyaları üzrə dünya çempionu Zabit Səmədovu örnək seçib. Bundan başqa, əfsanəvi sprinter Useyn Bolt və futbol ulduzu Kriştiano Ronaldonun idmançı keyfiyyətlərini nümunəvi hesab edir.
Hər işdə fərqlənməyi sevən, dediyinə görə, əksər hallarda buna nail olan Kamranın musiqi zövqü də xüsusi vurğulanmalıdır. Qəhrəmanımız caz həvəskarıdır. Bütün zamanların ən sevilən caz sənətçisi, amerikalı Mayls Deyvisin ifalarını dinləmək əsas hobbisidir. Dünya caz aləminin digər populyar ifaçıları ilə yanaşı, həmyerlimiz Vaqif Mustafazadə də sevdiyi sənətçilər sırasında yer alır.
Portret
Belə bir deyim var: Qaydalar onları pozmaq üçün mövcuddur. Biz də qərara gəldik ki, ənənədən uzaqlaşaq. Belə ki, portreti, adəti üzrə biz yox, qəhrəmanımızın özü yaratdı: “Mən paylaşmağı çox sevirəm. Bu, xarakterimin əsas özəlliyidir. Öz təcrübələrimi digər idmançılarla bölüşməkdən zövq alıram. Münasibətlərdə səmimiyyətə böyük önəm versəm də, ehtiyatı əldən buraxmıram. Bir növ, diplomat xarakterim var. Yaşadıqlarım məni psixoloq kimi də formalaşdırıb. İnsanı ilk baxışdan tanıya bilirəm. Çətin sınaqları çox sevirəm. Əngəlləri aşdıqca, özümü yenidən kəşf edirəm. Qarşıma böyük məqsədlər qoymuşam. Bütün hədəflərimə çatıb, mənə inanmayanlara özümü sübut edəcəyəm. Dünyaya göstərmək istəyirəm ki, insanın əzmi hər şeyə qadirdir. Maksimalist adamam. Atıcılıqda təkcə olimpiya çempionluğunu yox, dünya rekordlarını da hədəfləmişəm”.
Sahib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər